Böyük siyasətin böyük Zəfəri!

727

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətinin yaşı 30 il öncədən başlamayıb, bu siyasətin ən azı 200 illik tarixi var. Tarixi qaynaqlar göstərir ki, XIX əsrə kimi Azərbaycan ərazisində  ermənilər yaşamayıb. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra Türkiyədən 86 min, İrandan isə 40 min erməni Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazisində yerləşdirildi. Azərbaycan ərazilərinə köçürülən ermənilər üçün burada yaxşı şərait yaradılır və münbit torpaqlar ayrılırdı.

Əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq ermənilər azərbaycanlılara qarşı gizli-açıq qəsdlər edir, Azərbaycan toponimlərini dəyişdirir, çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırırdılar. Mənfur əməllərinə görə cəzasız qalan ermənilər1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə öldürdülər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qaldı. Həmin illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qaldı, yaşadıqları yerlərdən qovuldu.

Azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulması Sovet dövründə də davam etdi. 1948-1953-cü illərdə Ermənistandakı tarixi-etnik torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. Təəssüf  ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmayıb, bu hadisələrə hüquqi-siyasi qiymət verilməyib. 70 illik sovet hakimiyyəti dövründə Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirən ermənilərin bu istiqamətdə iddiaları get-gedə daha da artdı.

1985-ci ildə Sov. İKP MK-nın Baş katibi vəzifəsinə seçilən Mixail Qorbaçov bu mənfur niyyətin gerçəkləşdirilməsi üçün əlindən gələni etdi. 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini postundan uzaqlaşdırıldan sonra 1988-ci ildən ermənilər artıq Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar. Beləliklə, 1988-1991 və 1991-1993- cü illərdə Azərbaycanda siyasi hakimiyyətin zəifliyi, hakimiyyət uğrunda mübarizələr nəticəsində ölkə daxilində yaranan xaos-boşluqdan bəhrələnən Ermənistan, ölkəmizin ərazisinin 20 faizini işğal etdi.

30 il bundan əvvəlki mənzərəni təsəvvür etmək çox ağrılıdır: müharibə, yurd-yuvasız qalmış, öz doğma torpaqlarından didərgin düşmüş bir milyona yaxın əliyalın insan, məhv olmuş talelər və daha necə müsibətlər. Çox təəssüflər olsun ki, taleyimizə acgöz, təcavüzkar, vandal bir tayfa ilə qonşu olmaq yazılıb. Bütün bunlara baxmayaraq, Azərbaycan həmişə sülhün tərəfdarı olub və 30 il müddətində bu istiqamətdə danışıqlar apararaq beynəlxalq ədalətin bərpa olunacağı günü gözləyib. Amma mənfur düşmən təxribatçı addımlar ataraq bu danışıqlardan hər zaman yayınıb. Son zamanlar isə Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəyanatlar vəziyyəti daha da gərginləşdirdi.  Xüsusilə Xankəndidə “Qarabağ Ermənistandır” açıqlaması Ermənistanın əsil məqsədinin işğalçılıqdan başqa bir şey olmadığını göstərdi.

Beynəlxalq münasibətlərdə ikili standartlardan istifadə edən Ermənistan  beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycan ərazilərini 30 il işğalda saxlamışdır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilməmişdir. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr həmişə münaqişəni hərb yolu ilə həllinin olmadığını vurğulayırdılar. Əgər Minsk qrupu Ermənistana ciddi təzyiq göstərsəydi, təbii ki, müharibəyə də ehtiyac qalmazdı.

Azərbaycan tarixi ədaləti döyüş meydanında bərpa etdi

Əksinə olaraq Ermənistan bu illər ərzində işğalı daha da möhkəmləndirdi, atəşkəsi tez-tez pozdu, Qarabağda və ətraf rayonlarda erməni ailələrinin məskunlaşdırmasını həyata keçirdi, təbii sərvətlərimizi xarici şirkətlərlə birgə qeyri-qanuni istismar etdi, xalqımıza məxsus mədəni və dini abidələri məhv etdi, zəngin meşə ehtiyatlarını talan etdi. Bir sözlə, Azərbaycanın dilbər guşələrindən biri olan Qarabağı viran qoydu. Münaqişənin yalnız sülh yolu ilə həllinin mümkünlüyünü qeyd edən beynəlxalq dairələr isə 30 il ərzində heç bir tədbir görmədilər. Nəticədə, Azərbaycan bu ikili siyasətə qarşı mübarizə aparmağa məcbur oldu. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycan heç bir zaman öz mövqeyindən dönməyəcək, lazım gələrsə, öz torpaqlarımızın bütövlüyünü hərb yolu ilə də həll etməyə Azərbaycan ordusu qadirdir. Nəticədə, davam edən bu ikili siyasət və erməni xisləti müharibəni qaçılmaz etdi.

Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin fəsadlarını hesablamaq mümükün deyil. Bunlara ərazilərin işğalı, etnik təmizləmə, sosial-iqtisadi fəsadlar, qanunsuz məskunlaşdırma, təbii ehtiyatların istismarı, ətraf mühitə, mədəni irsə ziyanı və sairəni aid etmək olar. İşğal zamanı yerli əhaliyə qarşı soyqırım törətmiş xeyli sayda vətəndaşımız əsir və girov götürülmüşdür.

Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri talan edilmiş, bu ərazilərdə qəsdən yanğınlar törədilmiş,çaylar çirkləndirilmiş, regionun flora və faunasına, ekoloji durumuna zərər vurulmuşdur.

Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri qələbənin qazanılması üçün hüquqi baza yaratdı.

Ermənistan 30 il ərzində öz havadarlarını, eləcə də Fransadan hərbi mühəndislər cəlb edərək cəbhə boyunca üç-dörd, bir sıra istiqamətlərdə hətta beş müdafiə xətti, keçilməsi çox çətin olan istehkamlar qurmuşdu. Əsas strateji yüksəkliklər düşmənin əlində idi. Ərazinin mürəkkəb relyefi onlar üçün əlavə üstünlüklər yardırdı. İşğalçı ordu keçilməz saydığı, üçqat, beşqat müdafiə xətlərinə, mühəndis-istehkam qurğularına, arsenalındakı saysız-hesabsız müdafiə və hücum silahlarına güvənirdi. Lakin şanlı ordumuza 44 gün kifayət etdi ki, düşmənin başını dəmir yumruğu ilə əzsin. Azərbaycan əsgəri və zabiti düşmənin keçilməz hesab etdiyi müdafiə xətlərini öz qəfhrəmanlığı, peşəkarlığı sayəsində yardı, parlaq və misilsiz Şuşa zəfərinə imzasını atdı. Azərbaycan ikinci Qarabağ müharibəsində şanlı zəfər çalmış ölkədir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri də daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Azərbaycan yeni reallıq yaratdı!

Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiya tələblərinə uyğun olaraq əvvəlcə Ağdam şəhərini və rayonun işğal altında qalan kəndlərini qeyd-şərtsiz azad etdi. Növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Bu, tarixdə nadir hallarda rast gəlinən hərbi-siyasi qələbə idi. Bu reallığı Azərbaycan yaratdı – Prezident İlham Əliyev və onun xalqı yaratdı.

Vətən müharibəsində bizi qələbəyə aparan əsas amillər son on illər ərzində Azərbaycanın artan iqtisadi qüdrəti, siyasi nüfuzu, həmçinin uğurlu diplomatik fəaliyyəti oldu. Heydər Əliyevin qeyd etdiyi kimi “İqtisadiyyatı güclü ölkə hər şeyə qadirdir” ifadəsi öz təsdiqini tapdı.

Əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu qələbə sadəcə 44 günlük müharibənin nəticəsi deyil. Qazanılan bu iqtidasi uğurlar və siyasi nüfuzun arxasında Ümummilli lider Heydər Əliyev siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin 17 illik diplomatik fəaliyyəti durur.

Prezident İlham Əliyev informasiya cəbhəsində də düşməni məğlub etdi

Prezident İlham Əliyev bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Cənab Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi. Ölkə başçısı, müharibə dövründə dünyaya təkcə qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil rəhbər, mahir diplomat kimi görünmədi. Dünya onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi Lider kimi tanıdı. Ordumuzun qələbələr qazanaraq irəlilədiyi günlərdə hər bir yaşayış məntəqəmizin ordumuzun nəzarətinə keçməsi xalqımız tərəfindən böyük sevinc, razılıq və minnətdarlıq hissi ilə qarşılanırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, deməl olar ki, hər gün televiziya vasitəsilə xalqa müraciət edir, işğaldan azad olunmuş kəndlərimizin siyahısını xalqa çatdırır, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları verir, sevincini bölüşürdü. Prezident İlham Əliyevin “Vətən müharibəsi” adlandırdığı bu dava dönəmində xalqa müraciətlə etdiyi tarixi çıxışlar, verdiyi müsahibələr düşmən üzərinə yağdırılan güllə, mərmi və raket zərbələri qədər güclü səslənirdi. Dövlət başçısı qələbə müjdəli fikir və mülahizələrini ürəyindən gələn açıq, səmimi sözlərlə, xalq dili ilə deyirdi. Prezidentin işğalçılara qarşı illərlə ürəyində yığılıb qalmış qəzəbini, düşmənə nifrətini adi vətəndaşlar kimi söyləməsi xalqın dilində zər-məsələ çevrildi. Bu açıqlamalar, qələbə xəbərləri xalqımızın 30 ildir tüstüsüz, alovsuz için-için yanan ürəyinə su səpir, ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğurur, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.

Dövlət başçısı xalqa hər müraciətində haqqa, ətalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla, əminliklə bildirirdi. Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrilirdi

İlham Əliyev siyasi, hərbi lider olaraq 44 gün ərzində durmadan, dincəlmədən sözün əsil mənasında vuruşdu. Bəzi ölkələr və onların media quruluşları tərəfindən Azərbaycana qarşı qərəzli informasiya müharibəsi başladıldı. Məkrli ermənipərəst jurnlaistlərin prezidentə verdiyi təxribat xarakterli suallar əslində onların təmsil etdikləri dövlətlərin mövqeyi idi. Hər tərəfdən Azərbaycana, onun liderinə hücumlar edilirdi. İlham Əliyev isə öz növbəsində verdiyi təmkinli, soyuqqanlı cavablarla onları susdurur, hücumları dəf edir, Azərbaycanın bu mübarizədə haqlı olduğunu bir daha bütün dünyaya faktlarla sübut edirdi.

Siyasi arenada, döyüş meydanında olduğu kimi, İlham Əliyev informasiya cəbhəsində də rəqibləri, Azərbaycanın haqq işinə qərəzli yanaşanları dərhal və faktlarla susdururdu.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun şücaəti nəticəsində Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusu reallığa çevrildi və dövlətimiz öz ərazi bütövlüyünü bərpa etdi.

Rəna Həsənova, Sumqayıt şəhər Mərkəzi Kitabxananın şöbə müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər