Bu il ən yüksək bal toplayan tələbə ilə MÜSAHİBƏ – Uğurunun sirrini AÇIQLADI

2177
Əbil Şəfiyev bu ilki qəbul imtahanlarında hər kəsdən uğurlu nəticə göstərərək 697.1 bal toplayıb. Respublika birincisi adına layiq görülən Əbil Sfera.az saytına müsahibə verib.
 Müsahibəni oxucuların diqqətinə çatdırırıq:
– Əvvəla, uğurlu gəncimizi tanıyaq.
– Mən Şəfiyev Əbil. Əslən Qubadlı rayonun Xanlıq kəndindənəm. Bunu xüsusi qeyd etmək istədim. Sevindirici haldır ki, mənim üçün belə uğurlu bir ildə doğma torpaqlarımız işğaldan azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfalar arzulayıram.
– Hansı universitetə və hansı ixtisasa qəbul olundun?
– Sumqayıt şəhərində anadan olmuşam. 11 il boyunca 11 nömrəli tam orta məktəbdə təhsil alıb, həmin məktəbi qırmızı attestatla bitirmişəm. 697.1 balla Respublika birincisi oldum və seçimimi Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” fakültəsindən yana etdim.
– Qəbul imtahanında ölkə birincisi olacağına inanırdınmı?
– Bəli, düzünü desəm, inanırdım. İnamım böyük idi. Çünki mən hər zaman dərslərimə qarşı məsuliyyətli olmuşam. İmtahan mənim üçün elə ab-havada keçdi ki, artıq mən blok imtahanından çıxdıqdan sonra yüz faizlik nəticə göstərdiyimi hesablamışdım.
– Bu uğurun sirrini nədə görürsən? Ən böyük yardımçın kimlər oldu?
– Bu uğur bir neçə ayın və ya bir ilin əziyyəti deyil. Bunun arxasında 11 illik məktəb həyatının zəhməti dayanır. Mən bu uğuru qazanmaqda valideynlərimə, mənə hər zaman dəstək olan qohumlarıma, 11 il boyunca təhsil aldığım 11 nömrəli tam orta məktəbin bütün müəllimlərinə, bildiklərimi möhkəmlətmək üçün yazıldığım kursun  bütün müəllimlərinə,  sinif yoldaşlarıma borcluyam və onlara dərin təşəkkürümü bildirirəm. Bu qədər bal yığmaq heç də tək bir abituriyentin inamı və əziyyəti ilə olan məsələ deyil. Bunun üçün sadaladığım şəxslərlə, ən yaxınlarınla eyni məqsəd üçün çalışmalısan. Yalnız sən yox, onlar da sənə inanmalıdırlar. Özünəinamla yanaşı  ətrafındakıların  da sənə inamı olmalıdır. Bununla yanaşı, sınaq imtahanlarında çox iştirak etməyimin də böyük rolu var. Sınaq imtahanlarında davamlı olaraq iştirak etməklə yaxşı bildiyin və axsadığın sahələri dəqiq tapa bilirsən, hazırlaşmaq daha rahat olur.
– Uşaq ikən hansı peşəyə marağın var idi? Xəyallarının hazırda qəbul olunduğun ixtisasla əlaqəsi var idimi?
– Uşaq vaxtı kosmonavt olmaq istəyirdim. O vaxtlar izlədiyim cizgi film və ya kinoların təsiri də ola bilər. Kosmosa və kosmonavtikaya içimdə böyük maraq yaranmışdı. Amma böyüdükcə təbii ki, insanın fikir və maraq dairəsi də dəyişir. Sonda mən sevdiyim ixtisası – “Kimya mühəndisliyi”ni seçdim.
– Gələcək abituriyentlərə hansı tövsiyələri verərdin?
– İmtahana məsuliyyətlə  hazırlaşsınlar. Sınaq imtahanlarında mütəmadi olaraq  iştirak etsinlər. İmtahana nəzəri tərəflə yanaşı,  eyni zamanda psixoloji olaraq da hazırlıqlı olsunlar.
– Sənə tələbəlik həyatında uğurlar arzulayırıq. Vaxt ayırdığın üçün təşəkkürlər. 
 
– Çox sağ olun. Diqqətiniz üçün mən təşəkkür edirəm.
Söhbətləşdi: Səbuhi Elnur
Sfera.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər