Bulanıq bir gün…

647

Göy üzü nə gecə kimidir, nə də gündüz.
Yağış yağmaq üzrəykən Günəş doğur.
Günün günorta çağı Ay hələ asılı qalıb göyün üzündən.
Ulduzlar ölüvay bir iz buraxaraq axıb gediblər qaranlıq dəhlizlərə…

Sanki özbaşına buraxılıb dünya. Sanki hər şey bir xaosöncəsini xatırladır. Küçələr çirkli, köşələr sanki ət yığını…
Sevgiyə dair hər şey kapitala qurban edilmiş halda…
Allahsızlıq və əxlaqsızlıq boğazımda qəhərə dönür. Beyinlərdə qan laxtalanır.

Deyəsən, dünya qocalıb, deyirəm…
Deyəsən, qiyamətə az qalıb, çox az, lap üç-dörd gün…
Ey dünya, səndəki bu kiri təmizləyəcək qədər suyum yox. Suyumla mən, sadəcə, “öz”ümü arındıra bilərəm özümdən. Bir qurtum içməyə belə qıymaram su qabımdan. Heç zaman yığa bilmədim mənə aid olmayanı. İki daşım olmadı üst-üstə qoymaq üçün. Tikəmi böldüm yedim və nəğmələrimi bölüşdürdüm insanlıq üçün. Qalalar ucaldıb tanrıya nərdivanla çatmağa niyyətlənənlərə güldüm sadəcə. Min qat yuxarı çıxsanız da girəcəyiniz yer kiçik bir məzar deyilmi? – dedim.

Ekrana və monitora indekslədiyimiz həyatımızın hansı tərəfi mərhəmət, hansı tərəfi sevgidir? Və mübarizə dediyimiz şey klavyaturada yeni təhqir simvolları icad etməkmidir? …
Əlinə gül tikanı batmayan bir nəsil yetişməkdədir. Südü içib inəyi yalnız “Farmville”-də (virtual internet oyunu) görən uşaqlar böyüyür evlərimizdə. Bülbülü tanımayan, məktuba yaşlayıb marka yapışdırmayan bir nəsil…
Hiss etdirmədən sevgiyə və insana aid olan hər nə varsa, əlimizdən alırlar. Hamımız modern çağın kompüter icadına şərtlənmiş bir “androidə” çevrilirik. Bir tapınma şəkli formalaşdırırıq özümüzə, özümüzdən xəbərsiz.
Kütləyə istədiyin şeyi qəbul etdirməyin ən asan yolu imiş internet. Sevgilisinə “facebook”dan çiçəklər yollayan gənclik sevgini də “PC” (personal kompüter) romantizmi sanaraq, sədaqəti başqa qızları dost siyahısına salmamaqda görəcəklər.
Bölüşməyi internet dostlarının səhifəsinə başqalarının da baxmasına məsləhət görməkdə, ədaləti heç kimin səhifəsindən plagiat etməməkdə görəcəklər.
Sərçədən qorxan, qaranlıqda yata bilməyən uşaqlar nəsili böyüməkdədir.
Toplumsal bir böhranın eşiyindəyik hamımız. “Yer üzü müharibəsi”ndə məğlub olmuşuq, lakin bu məğlubiyyətimizdən belə xəbərsizik. Dünyanın gedişatı xeyirə görsənmir…
Mən bunu “Bulanıqlıq nəzəriyyəsi” adlandırıram. Ən geci iyirmi il sonra nəzəriyyə olmaqdan çıxacaq bu da… Kimlərsə dünyanın ucuz çirkabı ilə zehinlərimizi bulandırır, insanlığımızı oğrulayır.
Göy üzü nə aydınlıqdır, nə də qaranlıq… Eynilə sabahlarımız kimi…

Səbinə DƏNİZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər