Bursa şəhərində “Xarı Bülbül” xor qrupunun möhtəşəm konserti keçirildi

79

Bursa şəhərində “Xarı Bülbül” xor qrupunun möhtəşəm konserti keçirildi

Türkiyənin Bursa şəhərində Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin nəzdində fəaliyyət göstərən “Xarı Bülbül” Xor Qrupu tərəfindən möhtəşəm konsert proqramı təşkil olunub.

Konsertdə Türkiyədə geniş tanınmayan Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları səsləndirilib. Tamaşaçılar Azərbaycan musiqisinin zəngin irsi ilə yaxından tanış olmaq imkanı qazanıblar. Proqram çərçivəsində “Arşın mal alan” filmindən səhnəciklər nümayiş etdirilib, saz ifaları təqdim olunub, həmçinin Azərbaycan milli rəqsləri böyük maraqla izlənilib.

Tədbirin açılışında çıxış edən Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri Lətifə Nağdəliyeva Azərbaycan ilə Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərindən, ortaq tarix, dil və mədəniyyət bağlarından danışıb. O bildirib ki, musiqi və incəsənət xalqları bir-birinə daha da yaxınlaşdıran ən güclü körpülərdəndir. Nağdəliyeva vurğulayıb ki, dərnək bundan sonra da Azərbaycanın zəngin mədəni irsinin Türkiyədə tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Daha sonra çıxış edən Yıldırım Bələdiyyəsi sədr müavini Ahmet Aras Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin hər sahədə olduğu kimi mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini bildirib. O, iki dövlətin “Bir millət, iki dövlət” prinsipi əsasında hər zaman bir-birinin yanında olduğunu vurğulayaraq belə tədbirlərin iki xalq arasındakı mənəvi bağları daha da gücləndirdiyini qeyd edib.

Proqramda iştirak edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini, uzman əczacı Cavid Aydın isə çıxışında Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin fəaliyyəti nəticəsində həyata keçirdiyi uğurlu layihələri yüksək qiymətləndirib. O, eyni zamanda tədbirin əhəmiyyətindən danışaraq Azərbaycanın milli-mənəvi dəyərlərinin xaricdə yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından belə proqramların mühüm rol oynadığını vurğulayıb.

Konsertdə müxtəlif siyasi partiyaların nümayəndələri, bələdiyyə rəsmiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dərnək və federasiya təmsilçiləri, eləcə də çoxsaylı sənətsevərlər iştirak ediblər.

Böyük maraq və alqışlarla qarşılanan konsert proqramı iştirakçılarda xoş təəssüratlar yaradıb. Tədbirin sonunda çıxış edən qonaqlar belə mədəni layihələrin Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirərək təşkilatçılara və səhnədə çıxış edən bütün sənətçilərə təşəkkür ediblər. Gecə xatirə şəkillərinin çəkilməsi və iştirakçıların qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər