1 mart 2019-cu il tarixindən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Türkiyənin paytaxtı Ankaraya birbaşa aviareyslərə başlayacaq.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Ankara loukosterin Türkiyədə dördüncü istiqaməti olacaq.
Belə ki, aviaşirkət artıq Bakıdan İstanbula, Alanyaya və İzmirə müntəzəm reyslər yerinə yetirir.
Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ankara (Esenboğa aeroportu, IATA: ESB) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında (“Büdcə” və “Standart” tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində (“Super” tarifi ilə) əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa iki saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Ankara İstanbuldan sonra Türkiyənin ikinci ən böyük şəhəridir. Şəhər Anadolu yaylasında Ankara və Çubuk çaylarının qovuşmasında yerləşir. Şəhər ölkənin mühüm siyasi və iqtisadi mərkəzidir. Paytaxt statusuna baxmayaraq, Ankara turistlər üçün də maraqlıdır. Burada hələ Roma dövründən qalan çox sayda qədim diqqətəlayiq yerlər mövcuddur: Roma hamamları, Yulian sütunu və Roma məbədi. Osmanlı dövründə isə Ankarada çox sayda qədim binalar inşa olunmuşdur və həmin binalar indiyə kimi qədər qorunub saxlanılmışdır.
Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:
•facebook.com/ButaAirways
•instagram.com/ButaAirways
•twitter.com/ButaAirways
•t.me/Buta_Airways
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.