“Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyevanın təxminən beş ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi ilə bağlı xəbərlər yayılıb. İddialara görə, aktrisa mədə kiçiltmə əməliyyatından əvvəl xərçəng xəstəsi olduğunu bilib.
Olke.az saytının yazdığına görə, o, mədəkiçiltmə əməliyyatı üçün Fərid Rəfiyev adlı bariatrik cərraha müraciət edib. Ancaq F.Rəfiyev aktrisaya onkoloji xəstəlikdən əziyyət çəkən şəxs üçün belə bir əməliyyatın əks-reaksiyaya səbəb olduğunu bildirərək, bu əməliyyatı boynuna götürməkdən imtina edib. T.Əliyeva sonradan Tariyel Ömərov adlı həkimə müraciət edib və mədəsini kiçiltməyə nail olub.
Publika.az məsələyə aydınlıq gətirmək üçün cərrah Fərid Rəfiyevlə əlaqə saxlayıb. F.Rəfiyevin sözlərinə görə, yayılan xəbərlər qismən doğrudur:
“Bildiyim qədəriylə o, bizə qədər müəyyən müalicələrdən keçmişdi. Tünzalə Əliyevanın artıq uşaqlığı ilə bağlı problemləri olduğundan xəbəri var idi. Odur ki, bizim əməliyyatımız təxirə salındı. Nəticə etibarilə müayinələrimiz sona qədər aparılmadığı üçün Tünzalə Əliyevanın əməliyyat baş tutmadı. Düşünmürəm ki, T.Əliyeva xəstəliyinin onkologiya ilə bağlı olduğunu bilirdi. Məsələ ondadır ki, aktrisa xəstəliyini araşdırmamışdı, sona qədər müayinə olunmamışdı. Əgər müayinələrdən keçsəydi, bütün problemləri bəlli olardı”.
Həkim onu da bildirib ki, mədəkiçiltmə əməliyyatının bilavasitə immunitetə təsir göstərib onun nəticəsində xərçəng şişlərinin yaranması həqiqətə uyğun deyil:
“Elə fakt yoxdur. Əgər bu məlumat dünyada təsdiq olunsaydı, mədəkiçiltmə əməliyyatlarının qarşısı çoxdan alınardı. Dünyanın hər yerində bu əməliyyat sığorta tərəfindən qaşılanır və bütün inkişaf etmiş ölkələrdə də istifadə olunur”.
Qeyd edək ki, T.Əliyeva televiziyadakı çıxışlarında və mətbuatda verdiyi açıqlamalarda xəstəliyinə səbəblərdən biri kimi mədəkiçiltmə əməliyyatını göstərirdi.
Xatırladaq ki, aktrisanın digər yalanı “Bizimləsən” verilişində keçirilən aksiyayla həyata keçirilmişdi. Pulu xəstəliyi üçün yığdığını deyən aktrisa sonradan ipoteka borcunu bağlamaq niyyətində olduğunu etiraf etmişdi.