ARB TV-nin “Rezonans” proqramında bu dəfə yoldaşını, onun dostuyla əlbir olub öldürən 4 uşaq anası öz həyat tarixçəsindən danışıb.
Unikal.org xəbər verir ki, Arzu Musayeva (Cəzası 17 il) başına gələnlərdən danışıb:
“Göyçayın kəndində yaşayırdım. 4 övladım var. Özüm öz istəyimlə qoşulub qaçmışam. 7-8 il mehriban ailə olmuşuq. Dözə bilmədim çox hərəkətinə. Parniklərdə işləmişəm. Ən çox dəstəyi anamgil edib. Yoldaşım içən idi, pulunu çatdırmaq olmurdu. Ancaq deyirdi ki, Arzu, pul ver”.
Məhkum həmin gecəni belə xatırlayır:
“Qızımın ad günü idi. Gediş-gəlişimiz olan dostu qonaq gəldi. Yeyib-içəndən sonra bu hadisə baş verdi. Dostu Seymurla həm də qohum idik. Bir-birimizi istəmişik, verməyiblər ayrılmışıq. Gəlib gördü ki, yoldaşım zülm verir. Yoldaşım məndən pul istədi. Dedim verməyəcəm. Seymur da qıraqdan baxırdı. Yoldaşım söydü məni. Dedi ki, bu qədər təhqir eləmə qızı. Günah məndədir, pulu versəydim, olmazdı. Çox içizdirdi Seymur. Dedi ki, Arzu bıçaq hardadır? Hirsimdən dedim ki, öldür canım qurtarsın.
Bilirdim ki, gecə öldürəcək. 3 bıçaq vurdu, bir də baltayla boynundan vurdu. Səhəri günü həyətdə quyu var idi. Orada basdırdıq. 2-3 gün sonra qayınanama gedib dedim ki, evə gəlməyib neçə gündür. Fikirləşdim ki, gizlətməyimin mənası yoxdur. Gedib təslim oldum. Yeri göstərdim ki, burada basdırmışıq. Biri var cavan vaxtımda tutulam, biri də var yaşlı vaxtı. 17 il yarım iş verdilər, sonra yarımı götürdülər. Ona da 18 il iş verdilər. İstintaq zamanı dedi ki, sən götür boynuna. Dedim ki, nə sən çıxası deyilsən, nə də mən, düzünü deyək”.
Sonda Arzu Musayeva öz valideynlərindən üzr istəyib:
“Buradan səslənirəm ki, bağışlayın məni, üzr istəyirəm. Nə olsa da qızınızam. Övladlarımı axtarsınlar. İndi fikirləşirəm ki, etməməliydim”.