“Dəmir Yumruq hesabına bütün məsələləri həll etməliyik” – Tahir Mirkişili

850

“İstər Ermənistan ərazisində, istərsə, Qarabağımızda kifayət qədər sərt olacağıq”

Qarabağdakı separatçı-terrorçu qruplaşmaların davranışları, davamlı təxribatları və onlara stimul verən bəzi xarici qüvvələrin tətikçi mövqeyi Azərbaycanı növbəti sərt addımlara vadar edə bilər. Elə son günlər gərginliyin davamlı şəkildə artması da bundan xəbər verir. Erməni separatçıları Şuşa yaxınlığından keçən qaz kəmərində baş vermiş qəza səbəbindən artıq dördüncü gündür ki, qazsız qalıblar və buna görə həyascızcasına Azərbaycanı ittiham edirlər. Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Musavat.com-un suallarını cavablandırarkən bu barədə də danışdı:

 – Tahir bəy, son günlər Qarabağ ermənilərinin qazla təchizatında fasilə yaranıb və faktiki olaraq bərpa mümkünsüz olub. Siz parlament komitəsinin sədri olaraq necə düşünürsünüz, niyə Qarabağ ermənilərinə qaz heç bir anlaşma olmadan Ermənistandan gəlməlidir, hətta kapitulyasiya aktından il yarım sonra da? Avropa ölkələrini belə, qazla təchiz edən Azərbaycan bir ovuc erməni vətəndaşının da problemini həll edə bilər. Nəhayət, bu özbaşınalığa son verilməli deyilmi?

– Azərbaycan bölgədə ən çox qazlaşmanı həyata keçirən ölkədir, qazlaşma səviyyəsi 94 faizdən çoxdur. Bu, o deməkdir ki, Azərbaycan istənilən ərazisini, o cümlədən Qarabağın istənilən hissəsini qazla təmin etmək üçün resursa sahibdir. İstənilən halda ermənilərə həmişə iki mesajımız var. Birinci, bizimlə xoş və sülh şəraitində yaşamaq, etibarlı şəkildə qonşuluq etmək istəyən, eyni zamanda qanunlarımızı qəbul edən, bununla yanaşı, Azərbaycan vətəndaşları üçün yaradılan imkanlardan istifadə etmək istəyən ermənilər üçün bizim qapımız hər zaman açıqdır. Biz bunu daim bəyan edirik, İrəvanda da söylədik. Onlar müstəqil Azərbaycanın qanunlarını qəbul etdikcə dövlətimiz qısa müddət ərzində onları bu zillətdən xilas etməyə hazırdır. Zatən keçən 30 il ərzində yürütdükləri belə siyasətə görə həddindən artıq yoxsul, dünyadan təcrid olunmuş vəziyyətdə yaşadılar. Məncə, onlar tezliklə bu siyasətin uğura aparmayacağını anlayacaqlar, bəlkə də artıq anlayırlar. Amma eyni zamanda bunu qəbul etməyən, bizə güllə atan, yaxud təxribat törətmək istəyən istənilən qüvvəyə qarşı – istər Ermənistan ərazisində, istərsə, Qarabağımızda – bizim ikinci müsajımız var, bu da Azərbaycan ordusudur, kifayət qədər sərt olacağıq. İstənilən qüvvəni məhv etmək üçün bizim bütün texniki imkanlarımız mövcuddur və dövlət başçısının sərt xəbərtdarlığı da yerindədir.

– Yeri gəlmişkən, Qarabağ erməniləri səfil gündə yaşadıqları halda, Ukraynadakı separatçılara yardım göndərdiklərini və bunun davamının olacağını deyirlər. Bu məsələyə Azərbaycan dövləti və beynəlxalq ictimaiyyət necə reaksiya verməlidir?

– Bizim Müdafiə Nazirliyi bununla bağlı açıqlama vermişdi. Kifayət dəqər haqlı olaraq Rusiya Müdafiə Nazirliyinin açıqlamasındakı “Dağlıq Qarabağ” ifadəsinə etiraz etmişdi. Amma istənilən halda faktın özü kifayət qədər absurddur. Bu, sadəcə erməni ikiüzlüyünün və erməni saxtalığının başqa bir formasıdır. Bir tərəfdən əhali orda ciddi şəkildə əziyyət çəkir, ciddi yoxulluq var, sosial xidmətlərə çıxış bərbaddır, digər tərəfdən guya hansısa bir “dövlət”ə humanitar yardım göndərirlər. Bunu məntiqlə izah etmək mümkün deyil. Sadəcə saxtakarlıq və absurdluqdur.

– Rusiya bayraqları ilə Xankəndidə aksiya keçirilməsi başqa bir təxribatdır…

– Orda olan bəzi qüvvələr geosiyasətdə hansısa rol oynamaq istəyirlər, aksiyalar da burdan irəli gəlir. Amma səmimi deyim, bütün bu cəhdlər uğursuzluğa məhkumdur və heç kimin diqqətini də cəlb etmir.

– Bir müddət öncə siz deputat həmkarınız Soltan Məmmədovla birgə İrəvanda səfərdə oldunuz və baş nazir Paşinyanla da görüşdünüz. Ermənistan baş nazirinin ziddiyyətli mövqeyə sahib olmasını hətta dövlət başçımız da dəfələrlə deyib. Görüş zamanı “sülhpərvər” Paşinyanla rəsmi İrəvanın 2022-ci ildə Qarabağ ermənilərinə 290 milyon dollar vəsait ayıracağı barədə təxribatçı niyyəti haqda danışdınızmı?

– Mənim Paşinyanla görüşümdə, ümumiyyətlə, Qarabağ haqqında bir kəlmə də olsun söhbət olmadı. Çünki bizim missiyamızda və müzakirə mövzularımızda da Ermənistanla Qarabağda baş verən hər hansı bir hadisəni müzakirə etmək kimi istəyimiz yox idi. Çünki Qarabağ bizim daxili işimizdir, orda baş verən hadisələr Azərbaycanın daxilində baş verir, bunu ikinci bir dövlətlə müzakirə etmək kimi diplomatik istəyimiz də yox idi, zatən. Görüşdə onun tərəfindən də bu barədə hər hansı bir məsələ qaldırılmadı. Daha çox Ermənistan-Azərbaycan münasibətləri, sərhədlərin delimitasiyası, iki ölkə arasında sülh müqaviləsi imzalanması perspektivləri, dəmiryolu, kommunikasiyaların açılması məsələləri müzakirə olundu. Bizim də müzakirə etmək istədiyimiz həm də bunlar idi. Amma sizinlə razıyam ki, Ermənistan hökumətinin, dövlətinin, ümumiyyətlə, erməni siyasətinin ardıcıl olmamasını biz illərlə görmüşük. Bu gün hər hansı konkret fikir söyləmək çox çətindir və yüz faiz etibar etmək də mümkün deyil. Əvvəlki dövlərdə həddən artıq dəyişkən və məntiqə sığmayan erməni siyasətinin şahidi olmuşuq. Bu gün də Ermənistanın baş naziri bəyan edir ki, Azərbaycanla sülh sazişi imzalamaq istəyirik, digər tərəfdən sərhəddə və Qarabağda baş verənlər göz qabağındadır. Bu mənada məntiqlə izah etmək çox çətindir. Amma istənilən halda biz hisslərə qapanmadan, soyuqqanlı, sağlam analiz aparmaqla, ordumuzun gücünə arxayın olaraq “Dəmir Yumruq” hesabına bütün məsələləri həll etməliyik, mən ən doğru yolu burda görürəm.

– Görünən budur ki, ermənilər Qərb və Rusiya arasında vurnuxurlar, hətta Ukrayna məsələsində də “gah nala, gah mıxa” vururlar. İrəvanda nə müşahidə etdiniz, erməni ictimai rəyi hara meyillənir: Qərbə, ya Rusiyaya?

– Ermənistan siyasətini bu yöndə başa düşmək kifayət qədər çətindir. Bizim o qədər imkanlarımız olmadı ki, daha çox kontakt quraq, cəmiyyətin hansı səmtə daha çox meyilləndiklərini müşahidə edək. Məntiqlə tam anlamaq da olmur. Bir qüvvə bir səfirlik qarşısında mitinq keçirir, başqa qüvvə digəri qarşısında. Gah Rusiya əleyhinə çıxırlar, gah Amerika əleyhinə. Həqiqətən də anlamaq çox çətindir. Bir məsələni qeyd edim ki, İrəvandakı söhbətlərimizdə biz xüsusilə gənclərin əhval-ruhiyyəsinin necə olduğunu müəyyən etməyə çalışdıq. Mən eşitdim ki, gənclərin böyük hissəsində anti-Rusiya əhval-ruhiyyəsi var. Xüsusən də müharibədən sonra bu əhval getdikcə güclənməkdədir. Ona görə həm Qarabağda, həm Ermənistanda Rusiya bayraqları ilə keçirilən mitinq görəndə mən həqiqətən təəccübləndim. Düşünürəm ki, bu, cəmiyyətin ümumi əhval-ruhiyyəsi demək deyil, bəzi qüvvələrin öz aləmlərində hansısa siyasi addımı göstərmək istədiyi aksiyadır və çox primitivdir.

Elşad Paşasoy,

Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər