Demokratik Azərbaycan Dünyası Partiyasının Sumqayıt təşkilatı yeni sədrə qarşı qalxdı

925

Məmməd Əlizadənin Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri vəzifəsindən istefa verməsindən sonra, bu partiyada hələ də «sular durulmayıb». Partiyanın son qurultayında sədr seçilən Fatma Əliyevanın həm seçkisi, həm də fəaliyyəti yerlərdə kəskin narazılıq doğurmaqdadır.

«Reytinq» qəzetinin son sayına istinadən xəbər verir ki, DADP-ın Sumqayıt təşkilatının sədri Sədaqət Rzayevə və təşkilatın Ağsaqqallar Şurasının sədri Çingiz Mustafayevin sözlərinə görə, partiyanın yeni sədri yetərsay olmadan seçilib: «Bu xanım yetərsay olmadan partiyanın sədri postuna sahiblənib. Partiyanın sədri vəzifəsinə sahibləndikdən sonra isə fəaliyyətimizdə nəinki dönüş yarandı, tam əksinə, Fatma Əliyeva daxildə yeni qruplaşma yaradaraq, yeni qovğalara start verdi. Partiyanın siyasi kursunu da dəyişən Fatma Əliyeva vəziyyəti o həddə atdırıb ki, son qurultaydan 5 ay ötməsinə baxmayaraq, o, yeni üzlərin vəsiqələrini də pulla satmağa başlayıb. Bütün bunlar şəhər təşkilatının şurasında da müzakirə olunaraq təsdiqlənib. Şəhər təşkilatı bununla bağlı xüsusi bəyanat da verib».

Təşkilatın sədri Sədaqət Rzayeva deyir ki, yeni sədr Fatma Əliyevanın fəaliyyəti ilə bağlı 17 fevral 2013-cü ildə şəhər təşkilatının Siyasi Şurasının iclası keçirilib: «Gündəlikdə ü məsələ qoyulmuşdu. Fatma Əliyevanın fəaliyyəti Siyasi Şura tərəfindən müzakirə olundu və şuranın bütün üzvləri bir nəfər kimi onun partiya sıralarından xaric olunmasına səs verdi. O, partiyadaxili qruplaşma yaratmaqda, partiyanı parçalamaqda, yeni-yeni qarşıdurmalar yaratmaqda, həmçinin adi üzvlük vəsiqələrini pula satmaqda ittiham olunur. Hesab edirəm ki, Siyasi Şura üzvləri bu ittihamlarında tam haqlıdır. Fatma Əliyeva partiya sədrliyindən ə üzvlüyündən xaric olunmalıdır. Düşünürəm ki, belə də olacaq».

Sədaqət Rzayevanın sözlərinə görə, artıq onlar partiyanın növbədənkənar qurultayının keçirilməsini tələb edən qərar da qəbul ediblər: «Şəhər təşkilatı növbədənkənar qurultaya 10 nəfərdən ibarət nümayəndə heyətini də təsdiqləyib. Şəhər təşkilatı Siyasi Şurasının bu qərarı qətidir və dəyişdirilə bilməz».

Sonda təşkilat rəhbəri bildirib ki, şəhər təşkilatı bu günlərdə yeni bəyanatla çıxış edib: «Bəyanatımızda da partiyadakı vəziyyət öz əksini tapıb və eyni zamanda, Fatma Əliyevanın yüksək vəzifəli şəxslərin adından sui-istifadə hərəkətləri də kəskin pislənilib. Həmçinin, bəyanatda yeni sədrin anket və uçot vərəqinin olmaması, rayon təşkilatlarının protokollarının gizlədilməsi və sair qanunsuz hallara da toxunularaq, Fatma Əliyevanın 5 əvvəlki qurultayda yetərsay olmadan partiya sədri vəzifəsinə «seçilməsi» saxtakarlıq hesab olunub. Bir sözlə, bu və ya digər ciddi səbəblər əsas gətirilərək onun partiya sədri postundan və üzvlüyündən xaric olunması tələb olunub».

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər