Deyirlər ki, Laçın, Şuşa nə vaxt alınacaq? – Bir foto ilə cavab

2330

Hamı həyəcanla cəbhədən gələn xəbərləri gözləyir. Artıq hər kəs tam olaraq qələbəyə köklənib. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı kimi böyük şəhərlərimiz işğaldan azad edilib.

Azərbaycan ordusu son bir ay ərzində o qədər böyük sürətlə qələbələr qazanıb ki, artıq kəndlərin işğaldan azad edilməsi ilə bağlı yeni məlumatlar gələndə aramızda təəssüflənənlər də olur.

Deyirlər ki, Xocavənd, Laçın, Şuşa nə vaxt alınacaq? Hələ bu sözlərin arxasına bir “eee…” minnətini də qoyurlar.

Fikirləşirlər ki, cəbhədə savaş onların düşündüyü kimi xəritə üzrə gedir…

Fikirləşirlər ki, bir günə 10 kəndin işğaldan azad edildiyi açıqlanıbsa, növbəti gün də ən azı eyni sayda kənd açıqlanmalıdır…

Fikirləşirlər ki, xəritəyə görə, Füzuli şəhəri işğaldan azad edilibsə, mütləq Xocavənd də alınmalıdır…

Fikirləşirlər ki, açıqlanan şad xəbərlər arasında gün fərqi olmamalıdır, davamlı nəsə açıqlanmalıdır…

“Cəbhədə döyüşlər gedir, əsgərlərimiz canları, qanları bahasına döyüşür” kimi uzun-uzadı fikirlər yazmağa lüzum görmürəm.

Sadəcə bir foto təqdim edirəm. Həmin foto Füzulinin işğaldan azad edilən Aşağı Seyidəhmədli kəndindəki erməni istehkamında çəkilib.

Həmin Aşağı Seyidəhmədlidir ki, Vətən müharibəsinin başladığı ilk gündən əməliyyatlar həyata keçirildiyi halda tam 24 gün sonra işğaldan azad edildi…

Döyüşlər gedən gündən yazırdıq ki, ermənilərin ən möhkəm istehkamlarından biri də məhz bu kənddədir və buna görə də dirənişləri çox çəkirdi.

Okrtyabrın 21-də işağldan azad edilən Aşağı Seyidəhmədli kəndindən bu gün video görüntü yayıldı. Həmin görüntülərdən də aydın oldu ki, bu mövqe ermənilərin digər mövqelərindən çox fərqlənir.

Səngərlər beton piltələrlə hazırlanıb. Erməni silahlılarının ağır artileriyadan qorunmaq üçün sığınacaqları metrələrlə hündürlüyü olan beton tikililərin altındadır. Yer altından döyüş səngərlərinə çıxan ayrı-ayrı yollar da var.

Yəni, “Filan kəndi niyə almırıq?”, “Füzuli işi niyə çox uzandı?” “Şuşaya 5 kilometr nədir ki?” suallarını vermədən öncə ağıllı şəkildə düşünmək lazımdır…

Ən azından qələbənin asan olmadığını, döyüşün asan olmadığını anlamaq lazımdır. Sadəcə səbr edib, izləyici kimi gələcək rəsmi xəbərləri oxumaq lazımdır…

İlkin Muradov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər