Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlanıb.
Unikal.org xəbər verir ki, baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov AzVision.az-a açıqlamasında bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edilib.
Baş nazirin müavini vurğulayıb ki, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. A.Şərifov qeyd edib ki, aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib.
Qeyd edək ki,martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər həlak olub. Aparılan araşdırma zamanı yanğının qəsdən törədildiyi məlum olub. Hadisədə təqsirli bilinən Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb.