“Instagram” sosial şəbəkəsinin gündəliyi formatında “Sevinj stories” adlı layihə icra olunur.
Məqsəd Xocalı soyqırımı ilə bağlı paylaşımlar etmək, erməni vəhşiliyinin qurbanı olan günahsız insanların xatirəsini yad etməkdir. İzləyicilərin böyük marağına səbəb olan layihənin baş qəhrəmanı Nəzakət Heydərovadır.
Nəzakət 2012-ci il iyun ayının 27-də Sumqayıt şəhərində anadan olub. 2018-ci ildə Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbdə birinci sinfə gedib. Hazırda həmin məktəbin dördüncü sinif şagirdidir.
“Report”un Nəzakət Heydərova ilə olan müsahibəsini təqdim edirik:
– Bu, sənin aktrisa kimi ilk işindir? Bundan öncə hansına bir film və ya layihədə rol almısanmı?
– Bu, mənim ikinci işimdir. Daha öncə də “Zəhər tuluğu” filmində Şəms rolunu canlandırmışam.
– Hansı istiqamətdə inkişaf etmək istəyirsən? Böyüyəndə kim olmaq arzusundasan?
– Aktrisa olmaq istəyirəm, valideynlərim də bu işdə məni dəstəkləyir.
– Aktrisa olmaq istəyi necə yarandı?
– Həvəsli olduğum üçün bağça və məktəb tədbirlərində iştirak edirdim. Hətta uşaqlıqdan oyuncaqlarım ilə də maraqlı oyunlar qurub rol aparırdım.
– Qohum və ya ailədə bu sahə ilə məşğul olan varmı?
– Ailədə və qohumlarımızda bu sahə ilə məşğul olan yoxdur.
– Xocalını görməyən, Xocalı faciəsini yaşamayan 9 yaşlı Nəzakət üçün bu rolu canlandırmaq çətin deyil ki?
– Xocalını görməsəm də, çəkilişlər zamanı sanki o anları yaşayıram, hətta bir dəfə çəkiliş zamanı məni, həqiqətən də, ağlamaq tutdu….
– Sosial şəbəkələr üçün videoları harada çəkirsən?
– Qarlı havadakı çəkilişlər Qəbələ rayonunun Vəndam kəndində lentə alınır. Bəziləri isə digər maraqlı yerlərdə.
– Çəkilişlər dərslərinə çətinlik yaratmır?
– Xeyir, çəkilişlər adətən həftəsonu və ya tətil günlərində aparılır.
– Aktrisa kimi rol almağını dostların, sinif yoldaşların necə qarşılayır?
– Çox gözəl, hətta bir dəfə tarixi bir mövzunun qəhrəmanı olduğum üçün sinfə daxil olan zaman məni alqışladılar.
– Çəkilən videolar harada yayımlanır?
– Sosial şəbəkələrdə.
– Çəkilişlər neçə saat davam edir? Bu, səni yormur?
– Çəkilişlər gün ərzində 8 və ya 10 saat fasilələrlə davam edir, hətta gecə də çəkilişlərimiz olur. Əlbəttə, yorulduğum zamanlar olur, amma çalışıram büruzə verməyim. Mənim üçün belə bir tarixi mövzunun qəhrəmanı olmaq qürurvericidir.
Qeyd edək ki, layihəni 8 nəfər icra edir. Çəkilişlər fevralın 1-dən başlayıb, ayın sonunadək davam edəcək. Sevincin babası rolunu isə ölkənin Əməkdar artisti Mirzə Ağabəyli ifa edir.