Döyüş meydanındakı zəfərimiz siyasi müstəvidə qələbəmizi təmin etdi

626

Bu gün hər bir Azərbaycan vətəndaşı bilir ki, dövlətimizdə hazırki zəfər təntənəli tarixi şəraitin bərqərar olmasına səbəb olan güclü amillərdən biri də məhz Müzəffər Azərbaycan Ordusudur. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.

 Son illərdə Azərbaycan rəhbərliyi belə bir düsturu özünün əsas fəaliyyət prinsipinə çevirib ki, hər bir ölkənin uğurunu, inkişafını müəyyən edən amillər içərisində iqtisadi potensial və güclü ordunun mövcudluğu ön plandadır. Müasir səviyyədə qurulan ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilməsində önəmli rol oynayır. Əlbəttə ki, dövlətimizin hərbi qüdrəti,şöhrəti təsadüfi deyildir. Belə ki, Azərbaycan Cənubi Qafqaz regionunda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təmin etmək gücünə malik olan yeganə ölkədir.Eyni zamanda qürurverici haldır ki, bu gün ölkəmiz ən müasir silahların ixracatçısıdır.

Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı çıxışında ölkəmizdəki ordu quruculuğuna nəzər saldı, qalib ordunun bu günü və gələcək inkişafı ilə bağlı önəmli məsələlərə toxundu. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılmasını məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsi olduğunun vurğulayan Ali Baş Komandan hərbi gücümüzün daha da artacağını bəyan etdi. Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür. Bu sahədə beynəlxalq təcrübə öyrənilmiş, NATO standartlarına malik olan Türkiyə ordusu ilə birgə uzunmüddətli təlimlər keçirilib. Azərbaycan ordusu müasir silah təminatı, hərbçilərimizin yüksək peşəkarlığı ilə güclü ordular sırasına qalxıb. Vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənib, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi formalaşan Azərbaycan Ordusu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır.

Mənfur qonşularımızın  mütəmadi olaraq atəşkəsi pozması, irimiqyaslı təxribatlar törətmək istəyi Azərbaycanın ordu hissələri tərəfindən dəf edilmiş, təcavüzkar Ermənistanın “yenilməz ordusu” haqqında mifi puç olmuşdur. Öz havadarlarına arxalanan Ermənistan silahlı qüvvələri 2020-ci  ilin sentyabr ayının 27-də də müxtəlif təyinatlı silahlardan, artilleriya qurğularından istifadə etməklə təmas xəttini keçməyə, təxribatlar törətməyə cəhd göstərsə də, ordu hissələrimiz Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladı. Əməliyyat mahiyyəti torpaqlarımızın işğaldan azad edilməsi olan döyüş növbətçiliyini döyüş əzmiylə, döyüş əzmini tamamlayan qələbə ruhuyla aparıldı. Yaranmış hərbi-siyasi vəziyyət Azərbaycan Ordusunun hissə və birləşmələrinin daim döyüş hazırlıqlı, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilən hər bir təcavüzə layiqli cavab verməyə qadir olduğunu sübut etdi. Azərbaycan Ordusu qətiyyətiylə, döyüş və mənəvi-psixoloji hazırlığıyla düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını darmadağın etdi. Azərbaycan silahlı qüvvələri  nəinki yüksək texnologiya əsasında hazırlanmış texniki vasitələti məharətlə idarə edir, düşmənə sarsıdıcı zərbələr vurur, həm də istifadəsində olan silah-sursat, döyüş maşınlarını, artilleriya qurğularını qorumağı bacarırdı. Onların ixtiyarında olan müasir silah-sursatın və hərbi texnikanın mühüm hissəsi Azərbaycanın müdafiə sənayesinin birlik və müəssisələrində hazırlanmışdır. İkinci Qarabağ müharibəsində tətbiq edilən döyüş əməliyyatları, xüsusilə də ağır texnikanın istifadə edilmədiyi Şuşa əməliyyatı dünya hərb tarixinin nadir hadisələridir. Hərbçilərimizin bu müharibədə göstərdiyi şücaət misilsizdir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müstəqil dövlətimizə rəhbərlik etdiyi on yeddi il apardığı siyasət, özünəməxsus qətiyyət və uzaqgörənliklə xalqımızın və ordumuzun gücünü dəmir yumruğa çevirib düşmənə sarsıdıcı zərbə endirdi, onu təslim olmağa məcbur etdi, möhtəşəm hərbi-siyasi zəfərə imza atdı. Döyüş meydanında zəfərimiz siyasi müstəvidə də qələbəmizi təmin etdi, Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə belə atılmadan rəşadətli silahlı qüvvələrimizə təhvil verildi, işğaldan azad edilən hər bir yaşayış məntəqəsində Azərbaycan bayrağı qaldırıldı. Silahlı qüvvələrimizin yüksək peşəkarlıqla, misilsiz döyüş ruhu ilə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünyanın bütün hərbi dairələrində, sözün həqiqi mənasında, böyük maraq və rəğbətlə qarşılandı. Hətta nəhəng güc mərkəzləri bu əməliyyatın gedişinin və nəticələrinin müasir hərb sənətinə təsirini araşdırır, təhlil edirlər. Bu əməliyyat  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq təşkilatların həll edə bilmədiyi, bəlkə də biganəliklə, qərəzliklə həll etmək istəmədiyi münaqişənin qətiyyətli həlli idi. Eyni zamanda dünyanın informasiya məkanında Azərbaycanın haqq-ədalət mübarizəsi haqqında dolğun təsəvvür yarandı, Ermənistanın işğalçılıq siyasətinin, bu təcavüzkar dövlətin indiki və sabiq rəhbərlərinin faşist xarakterinin, bəşəriyyətə qarşı cinayətkar hərəkətlərinin çox aydın şəkildə ifşa olundu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Hal-hazırda Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, ilk növbədə, Azərbaycanın hərbi üstünlüyünün və qalibiyyətinin nəticəsi olmaqla yanaşı həm də bölgədə sülhün bərqərar olmasına göstərilən səylərin yekunudur.

Dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutan ordumuz işğal altındakı torpaqlarımızı azad etməyə qadir olduğunu sübut etdi və ərazi bütövlüyümüzə qarşı yönəldilən hər hansı təcavüzə layiqli cavab verməyə malik olduğunu layiqincə göstərdi. Beləliklə, milli döyüş ənənələrini müasir hərbin yenilikləri ilə böyük məharətlə birləşdirən Azərbaycan Ordusu öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə bölgəyə haqqın, ədaləti  gücünü göstərdi!

Qönçə Səftərova, Sumqayıt şəhərində fəaliyyət göstərən “Təfəkkür” liseyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər