Əgər Ermənistan Zəngəzur üzərindən bizə keçid verməsə, özü daha çox itirəcək

296

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə respublikamızın postmünaqişə dövründə irimiqyaslı inkişafını və qarşıda qoyulmuş bütün vəzifələrin icra edildiyini bir daha gözlər önünə sərdi.

Azad edilmiş ərazilərdə quruculuq işlərinin genişləndirilməsi bölgənin dayanıqlı elektrik enerjisi ilə təchiz olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Elektrik təchizatı ilə bağlı işlərdən danışarkən keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edildiyini vurğulamaq istərdim. Bu, çox böyük göstəricidir. Ən çətin relyefə malik olan, 3500 metr hündürlüklü dağlardan Daşkəsən-Kəlbəcər elektrik veriliş xətlərinin çəkilməsini təmin edən “Azərenerji”nin mütəxəssislərinin zəhməti yüksək qiymətə layiqdir.

Məlumdur ki, mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını, xüsusilə Kəlbəcər və Laçın rayonlarında olan stansiyaları dağıdıb, yandırıb, yararsız vəziyyətə salıb. Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Cari ildə “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlərin sürətləndirilməsi nəzərdə tutulur. 240 meqavat gücündə olan bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə aparılan danışıqlar başa çatdıqdan sonar sözügedən stansiyaların tikintisinin sürətlə aparılması planlaşdırılır. İstifadəyə verildikdən sonra yüksək potensiala malik olan bu stansiyaların gücünün yarısı bizə çatacaq.

Dünyanın aparıcı xarici şirkətlərindən respublikamıza bərpaolunan stansiyaların tikintisi ilə bağlı çoxlu təkliflər gəlir. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialının olduğunu qeyd etmək lazımdır. Məlumdur ki, qonşu ölkələrin elektrik şəbəkələri ilə respublikamızın elektrik təchizatını həyata keçirən elektrik şəbəkəsi arasında elektrik veriliş xətləri mövcuddur və bundan istifadə edərək elektrik enerjisi ixrac imkanlarımız daha da genişlənir. Eyni zamanda, Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərinin çəkilişi də gündəlikdə duran məsələlərdəndir.

Azərbaycanla Naxçıvan və oradan da Türkiyəyə nəqliyyat-loqistik infrastrukturun yaradılması üçün İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi olduqca vacibdir ki, bu istiqamətdə də əhəmiyyətli nailiyyətlər əldə olunubdur. Belə ki, artıq keçən ay İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalanmışdır. Memoranduma elektrik xətlərinin çəkilişi ilə bağlı müddəa da əlavə olunmuşdur.

Eyni zamanda, inşası nəzərdə tutulan avtomobil və dəmir yolu körpülərinin istifadəyə verilməsi Zəngəzur dəhlizinin açılmasını inkar etmir. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmış və hesab edirəm ki, yaxın gələcəkdə yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır. Ümumiyyətlə, nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlar vaxtlı-vaxtında yerinə yetirilmişdi.

Əlbəttə, Ermənistan da görməlidir ki, əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində Ermənistan açıq-aşkar öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır. Onlar bunu bilməlidirlər ki, əgər Ermənistan öz üzərinə düşən öhdəliyi yerinə yetirməsə Azərbaycan tərəfi də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər