Əldə olunan uğurlar ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir

1137

Əminliklə demək olar ki, tarix boyu baş vermiş təbii fəlakətlərin, müharibələrin heç biri indiki yeni koronavirus pandemiyası qədər geniş miqyas almamış, bu dərəcədə qlobal iqtisadi və sosial sarsıntılara gətirib çıxarmamışdır. Dünyanın ən inkişaf etmiş ölkələri bu bəlanın qarşısında aciz qalıblar. Azərbaycanda pandemiyanın ilk günlərindən ölkəmizin Prezidenti cənab İlham Əliyevin qətiyyəti sayəsində xəstəliyin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər görüldü, nəticədə kütləvi yoluxma hallarının qarşısı alındı. Bir çox inkişaf etmiş xarici ölkələrdəki acınacaqlı mənzərəni gördükcə istər-istəməz sual yaranır: Azərbaycanda bu sahədə əldə olunan müsbət nəticələr nə ilə bağlıdır?

Şübhəsiz ki, Prezident ­İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vaxtında atdığı qətiyyətli addımlar Azərbaycanda COVİD-19 xəstəliyinin qarşısının uğurla alınmasında həlledici rol oynayır. Bununla yanaşı, qlobal pandemiya şəraitində insanların həyat və sağlamlığının qorunması, habelə iqtisadiyyatın inkişafına mənfi təsirlərin aradan qaldırılması, həm də onunla bağlıdır ki, müasir Azərbaycan dövlətinin möhkəm təməli məhz Heydər Əliyev tərəfindən qoyulub, ölkənin demokratik inkişaf yolu, idarəçilik prinsipləri ulu öndər tərəfindən düzgün müəyyən olunub. Azərbaycanın bütün uğurları Heydər Əliyev siyasətinin real bəhrəsidir.
Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri haqqında çox danışmaq və çox yazmaq olar. Lakin növbəti doğum gününü qeyd etməyə hazırlaşdığımız ərəfədə ulu öndərin elə yuxarıda qeyd ediləndən əlavə bəzi xidmətlərini yada salmaq, məncə, yerinə düşərdi.
Məlum olduğu kimi, Heydər Əliyev 1969-cu ildə Azərbaycan keçmiş SSR-in rəhbəri kimi fəaliyyətə başlayanda respublikamızın vəziyyəti heç də ürəkaçan deyildi. Azərbaycan keçmiş Sovet İttifaqı tərkibində geridə qalan respublikalardan biri idi. Məsul vəzifələrdə çoxlu sayda qeyri-millətlərin nümayəndələri işləyirdi. Ana dilimiz sıxışdırılırdı. Belə bir şəraitdə respublika rəhbəri təyin olunan Heydər Əliyev vaxt itirmədən Azərbaycanın hərtərəfli inkişafı üçün genişmiqyaslı işlərə başladı. Şəxsi təşəbbüsləri və qətiyyəti sayəsində respublikada çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayırılmasına nail oldu. İqtisadiyyatı inkişaf etdirmək üçün böyük işlər görüldü. Milli kadrların hazırlanması və yerləşdirilməsi, mənəvi cəhətdən təmiz, istedadlı kadrların vəzifədə irəli çəkilməsi xüsusi diqqətdə saxlanılır, eyni zamanda, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılırdı. Qısa bir vaxtda Azərbaycan durğunluqdan, iqtisadi tənəzzüldən qurtularaq, inkişaf etmiş sənayeyə malik qabaqcıl sovet respublikalarından birinə çevrildi. Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrün ən böyük nəticələri ondan ibarət idi ki, respublikamızda sənayeləşmə siyasəti uğurla həyata keçirilərək, güclü iqtisadi potensial yaradıldı, milli kadrlar mühüm dövlət vəzifələrinə yerləşdirilərək, idarəçilikdə onların polu genişləndirildi. Bununla da, xalqımızda özünə inam artdı, miili özünüdərk prosesi gücləndi. Ən başlıcası isə gələcək müstəqillik üçün möhkəm baza yaradıldı. Təsadüfi deyildi ki, Sovet İtttifaqı dağılanda Azərbaycan iqtisadi cəhətdən özünü təmin edə bilən 3 müttəfiq respublikadan biri idi.
Bütün bunlar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinin bir qismidir.
Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çətin bir vəziyyət yaranmışdı. Bir tərəfdən Ermənistan torpaqlarımızın müəyyən hissəsini işğal etmişdi, xarici müdaxilə getdikcə güclənirdi, digər tərəfdən, AXC-Müsavat hakimiyyətinin diletant idarəçiliyi sayəsində daxili qarşıdurma vətəndaş müharibəsi həddinə çatmışdı. Müstəqilliyimiz itirilmək ərəfəsində idi. Azərbaycanı real parçalanmaq təhlükəsi gözləyirdi. Belə bir çıxılmaz vəziyyətdə xalq öz əsil liderinə üz tutdu. Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək, Azərbaycanı xaos və anarxiyadan qurtardı, demokratik dövlətin möhkəm təməlini qoydu. Böyük səylər bahasına ölkədə siyasi sabitlik yaradıldı. Bu da öz növbəsində hərtərəfli demokratik islahatlar aparılmasına əlverişli şərait yaratdı.
1995-ci ildə ölkə Konstitusiyası qəbul olundu. Dövlət əmlakının özəlləşdirilməsinə və torpaq islahatına start verildi. Siyasi, iqtisadi və sosial islahatların həyata keçirilməsinə başlanıldı.
Bu sırada şübhəsiz ki, hüquqi islahatlar mühüm yer tuturdu. Hüquqi dövlət quruculuğuna, insan hüquqularının müdafiəsinə xüsusi diqqət yetirən Heydər Əliyev tərəfindən Ədliyyə Nazirliyinin də inkişafı, hüquqi dövlətdə onun layiq olduğu yeri tutması üçün mühüm addımlar atıldı, funksiyaları genişləndirildi. Eyni zamanda, ədalət mühakiməsi yenidən qurularaq, üçpilləli məhkəmə sistemi yaradıldı, mütərəqqi qanunlar qəbul edildi, ölkəmizdə ilk dəfə olaraq hakimlərin seçkisi test və şifahi söhbət yolu ilə keçirildi. Hakim korpusunun tərkibi əsasən təzələndi. Hakimlərin intizam məsuliyyəti gücləndirildi, həmçinin onların sosial problemlərinin həlli, iş şəraitinin yaxşılaşdırılması, məhkəmələrin maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsi üzrə mühüm addımlar atıldı.
2003-cü ildən etibarən xalqımızın ümummilli lideri Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövlətini inamla irəli aparan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizin tərəqqisinə, xalqımızın rifahına hesablanmış hərtərəfli islahatlar uğurla davam etdirilir.
Dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli islahatlara dəyərli töhfələr verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalq-iqtidar birliyini daha da gücləndirir.
Ötən dövrdə dövlət başçısı tərəfindən ulu öndərin siyasi xəttinə uyğun olaraq məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı mütərəqqi addımlar atıldı.
Ölkə başçının ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarının icrası çərçivəsində 2004-cü ildən başlayarq, bu sahədə qanunvericilik bazası təkmilləşdirildi. 2005-ci ilin fevralında ölkəmizdə yeni təsisat – məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası fəaliyyətə başladı.
Vətəndaşların məhkəməyə əlçatanlığını təmin etmək üçün regional apelyasiya və digər məhkəmələr yaradıldı, hərbi məhkəmə sistemi təkmilləşdirildi. İş yükünün çox olması nəzərə alınaraq, ölkə Prezidenti tərəfindən hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırıldı, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırıldı, hər bir hakimə köməkçi ştatı ayrıldı.
Vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə ölkəmizdə hakimliyə namizədlərin seçimi prosesi əsaslı surətdə yeniləndi, onların Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası təsbit olundu, ayrıca müstəqil qurum – Hakimlərin Seçki Komitəsi yaradıldı. Tətbiq olunan şəffaf seçim proseduru sayəsində ölkəmizin məhkəmə korpusunun 70 faizdən çoxu yeni nəsil hakimlərlə təzələndi. Bu sahədə Azərbaycanın müsbət təcrübəsini öyrənən Avropa Şurası və Avropa İttifaqı onu yaxşı praktikaların maraqlı modeli kimi dəyərləndirərək digər dövlətlərə ondan bəhrələnməyi tövsiyə etdi.
Dövlət başçısı həyata keçirdiyi islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi ilə bağlı innovativ addım atdı – “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncamı bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoydu. Yeni sistem insanlara məhkəməyə gəlmədən, elektron formada müraciət etmək, proses barədə məlumatları elektron daşıyıcıda dərhal almaq, habelə məhkəmə proseslərini audio-video və digər texniki vasitələrlə qeydə almaq, proses iştirakçıları üçün məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinetə” malik olmaq imkanı yaratdı. Artıq məhkəmələrdə elektron sənəd dövriyyəsi, işlərin elektron qaydada bölgüsü, elektron idarəetmə və “Elektron-bildiriş” informasiya proqramları, proseslərin elektron qeydiyyatı sistemi tətbiq olunur.
Ötən dövrdə həmçinin, məhkəmələrdə iş şəraiti müasir tələblərə uyğunlaşdırıldı, dövlət başçısının tapşırığı ilə paytaxtda və bölgələrdə yeni məhkəmə binaları və kompleksləri inşa olunaraq istifadəyə verildi.
Məhkəmə-hüquq sistemində islahatlar 2019-cu ildə müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçdi. Belə ki, möhtərəm Prezidentimiz ötən il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olan Fərmanın aidiyyəti qurumlarla birgə təxirəsalınmadan icrasına başlanılaraq qısa müddətdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görüldü.
İlk növbədə, kommersiya məhkəmələrinin təşkili, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmə qərarlarının icrası işinin və məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən alternativ – özəl ekspertizanın tətbiqi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə, həmçinin ictimaiyyətin təklifləri və rəyləri nəzərə alınmaqla onlarla normativ aktın layihəsi işlənib hazırlandı. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə ədliyyə və məhkəmə sisteminin daha səmərəli fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan bir sıra yeni qanunlar qəbul edildi.
Yeni regional kommersiya və inzibati məhkəmələr yaradılaraq, bu ilin yanvarından fəaliyyətə başladı. Bundan əlavə, hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirildi, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırıldı.
Yeni qanunvericiliyə əsasən Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsi “Məhkəmələr və hakimlər haqqında” Qanunda birbaşa təsbit edilir.
Dəyişikliklər nəticəsində ölkəmizdə ilk dəfə tətbiq edilən özəl ekspertiza institutu bütün fiziki və ya hüquqi şəxslərə, həmin şəxslərin vəkilləri və nümayəndələrinə imkan verəcək ki, onlar özəl məhkəmə ekspertləri ilə bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş etsinlər.
Fərmanın icrası çərçivəsində, həmçinin, icra sahəsində fəaliyyəti tənzimləyən normativ aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Məcəlləsinin layihəsi işlənib hazırlandı. “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi üzrə konkret addımlar atıldı. İcranın alternativ mexanizmləri, o cümlədən özəl icra institutu ilə bağlı müvafiq hazırlıq işləri görülür.
Dövlət başçısı tərəfindən hakimlərin sayı mövcud korpusun üçdə biri qədər – 200 vahid artırıldı. Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilərək bu prosesdə çeviklik artırıldı. İmtahanların müasir texnologiyalar tətbiq edilməklə keçirilməsi, hər bir namizədin sualları kompüter vasitəsilə, fərdi qaydada cavablandırması və nəticələrin dərhal elan olunması təsbit edildi. Hazırda hakimliyə namizədlərin sənədlərinin qəbulu davamlı xarakter alaraq sənədlərini təqdim etmiş namizədlərlə qeyd olunan üsullarla test və yazılı imtahanlar keçirilir.
Bununla yanaşı, cari ildən qanunvericiliyə edilmiş dəyişikliklərlə əlaqədar kommersiya işlər üzrə icraatın yalnız elektron qaydada – “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması və məhkəmə proseslərinin fasiləsiz audio-video yazılışı təmin edildi. Əhaliyə yeni elektron və mobil xidmətlər təqdim olunaraq, məhkəmə qərarlarının icrası ilə əlaqədar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda borcun və digər ödənişlərin onlayn qaydada həyata keçirilməsi imkanı yaradıldı. Həmçinin, vətəndaşlara yeni nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi xidməti istifadəyə verildi.
Məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştirak etməyə və s. imkan verən “Mobil məhkəmə” proqram təminatı işlənib hazırlandı və istifadəyə verildi. Ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, yaradılan “Mobil məhkəmə”nin dünyada tətbiqinə çox az rast gəlinir və demək olar ki, Azərbaycan bu sahədə birincilər sırasındadır.
Göründüyü kimi, həyatın bütün sahələrində, eləcə də, ədliyyə və məhkəməsistemində islahatlar dərinləşir, müasir çağırışlara uyğun olaraq hər şey, bütün səylər insan hüquqlarının daha etibarlı qorunmasına, vətəndaşın mənafeyinə xidmətə yönəldilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən bütün bu islahatlar məhz ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı, onun ideyalarının reallaşmasıdır. İstənilən sahədə qazanılan uğur ümummilli liderimizin əziz xatirəsinə dərin hörmət və ehtiramın real ifadəsidir.

Xəqani TAĞIYEV,
Sumqayıt Kommersiya Məhkəməsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər