Əsassız ittihamların tutarlı cavabı

813

Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycan diplomatik qalibiyyət qazandı. Ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışdı, dövlətimizin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verdi. Qeyd edildi ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını həmin iclasda rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, yalan kampaniya apardığı konkret faktlarla sübuta yetirildi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, dövlətimizin xarici diplomatiyasının, beynəlxalq təşkilatlarda məqsədyönlü fəaliyyətinin bariz uğur nümunəsidir.
Məhz Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu respublikalarla balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi. Beynəlxalq təşkilatların, eyni zamanda Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı.
Bəli, rəsmi İrəvan humanitar məsələləri siyasi məqsədlər üçün istifadə edir. Humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməklə Ermənistan Qarabağda yaşayan etnik erməni sakinlərinin reinteqrasiyasına süni maneələr yaradır, diplomatik səylərə qəsdən çətinlik törədir. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və digər fiziki əngəlliklər aradan qaldırılmır. Xatırlatmaq yerinə düşər ki, 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu Beynəlxalq Qırmızı Xaç Komitəsinə təklif edib. Ermənistan isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar mandatına və nüfuzuna ciddi zərbə vurub. Qırmızı Xaç Komitəsinin vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə qaçaqmalçılıq yolu ilə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları keçirməyə çalışıb. Göründüyü kimi, Ermənistanın son təxribatlarından sonra Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidinə, sözügedən humanitar təşkilat vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb.
Məlumdur ki, Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Torpağımızda qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alıb. Məntəqə eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını almaq məqsədilə yaradılıb. “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan hökuməti üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib, prinsipial və ədalətli mövqe nümayiş etdirib. O cümlədən, Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib. Bu baxımdan Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Sözügedən yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə – “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan, habelə beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir.
İclasda BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət, eləcə də qardaş Türkiyə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolunu dəstəklədi. Azərbaycanı müdafiə edən Albaniya, Braziliya və digərlər ölkələrin nümayəndələri də beynəlxalq hüquqa söykənən ədalətli mövqe sərgilədilər.
Qeyd edək ki, Ermənistan tərəfindən humanitar bəhanələrlə edilən manipulyasiyalar təxribat xarakterli hərbi fəaliyyətlə eyni vaxtda baş verir. Ötən həftələr ərzində beynəlxalq hüququn, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndi çərçivəsində Ermənistanın öhdəliyinin kobud pozuntusu olaraq, ərazilərimizdə qeyri-qanuni qalan erməni silahlı qüvvələri hərbi-mühəndislik və digər qanunsuz işlərini daha da artırıb.
Həmçinin respublikamızın suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş radioelektron döyüş texnikasından istifadə xüsusi narahatlıq doğurur. Son həftələr ərzində təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin mülki təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.
Bu da danılmaz faktdır ki, Ermənistan rəhbərliyinin Azərbaycanın, Qarabağ regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə əlaqədar şifahi bəyanatları sülhün həqiqətən də əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin yaradıb. Lakin Ermənistan və diaspora soyuq müharibə dövrünü yaşayır. TŞ-də müzakirələrdə istənilən nəticələrin alınmaması isə onu göstərdi ki, Ermənistan hökuməti və diaspora arasında ciddi narazılıq və anlaşılmazlıqlar var və bu hər gün dərinləşir.
Sözügedən iclasda əksər dövlətlərin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. Müzakirələrdə “Dağlıq Qarabağda”kı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin də vacibliyi diqqətə çatdırıldı, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyi qəbul edildi.
Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamaqla BMT TŞ-sı Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax adlı dövlət qurumu olmayacaq. Bəzi Qərb dövlətlərinin və təşkilatlarının əsassız çağırışlarına, qərəzli bəyanatlarına baxmayaraq, dünya ictimaiyyəti rəsmi Bakının haqlı mövqedə olduğundan xəbərdardır.
Etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas məqsədi ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. Azərbaycan isə Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasını təmin etmək niyyətindədir.
Bir sözlə, Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirdi. BMT-nin son qərarı Ermənistan rəhbərliyində və Qarabağdakı separatçı xunta rejimində dərin məyusluq yaratdı. Əsassız iddialarının davamlı olaraq puça çıxması fonunda Qarabağ ermənilərinin yeganə düzgün niyyəti Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin yaradacağı etibarlı təhlükəsizlik və sivil birgəyaşayış mühitindən bəhrələnərək dinc yaşamaq olardı. Əslində, bu qərardan sonra həmin prosesin sürətlənəcəyini də əminliklə söyləmək olar.

Mətanət Məhərrəmova,
Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri, “Tərəqqi” medallı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər