«Azərikimya» İstehsalat Birliyinin akt zalında Etilen-polietilen zavodunun «EP-300» və «Polimir-120» komplekslərinin builki əsaslı təmirinə hazırlıqla əlaqədar geniş müşavirə keçirilib.
Tədbirdə zavodun istehsalat sahələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə bağlı mövcud vəziyyət haqqında geniş məlumat verilmiş və bir sıra həlli vacib məsələlər müzakirə edilib. Təmirin yüksək səviyyədə, qüsursuz aparılması üçün nəzərdə tutulan bütün işlərin yerinə yetirilməsinin Birlik üzrə xüsusi olaraq yaradılmış qərargah tərəfindən ciddi nəzarətə götürüləcəyi bildirilmişdir. Tədbir zamanı nümayiş etdirilən foto-slaydlardan da göründüyü kimi, Etilen-polietilen zavodunun bütün sex və istehsalatlarında təmirqabağı monitorinqlər keçirilmiş, təmirə ehtiyacı olan qurğu və mexanizmlər üzrə texniki müşahidələr və analizlər aparılmışdır.
Əsaslı təmir işlərinə Etilen-polietilen zavodunun təmirçiləri ilə yanaşı Birliyin Təmir-tikinti İdarəsinin, Mexaniki-təmir zavodunun aparıcı təmir briqadaları, həmçinin Nəqliyyat və xüsusi texnika İdarəsinin maşın-mexanizmləri də cəlb olunmuşdur. Təhlükəsizlik texnikası qaydaları üzrə tam təlimatlandırılaraq, təmirdə iştirak etməli olan briqadaların işə başlamasına yalnız işləyəcəkləri sahələr təmirə tam hazır olduqdan və bütün təhlükəsizlik tədbirləri yerinə yetirildikdən sonra razılıq verilməsi qərara alınmışdır.