“Sağlam Düşüncə” Gənclər Təşkilatı Sumqayıtda “Sağlam şəhər” adlı əhalini maarifləndirmə layihəsi həyata keçirir.
Məqsəd ictimai yerlərdə tullantıların atılmasının qarşısının alınması, tullantıların yaratdığı ekoloji və sağlamlıq problemləri haqqında əhalinin bilgiləndirilməsi, eləcə də şəhərin təmiz saxlanaraq ekoloji nüfuzunun yaxşılaşdırılmasıdır. Layihə, Azərbaycan Respublikasının Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sumqayıt şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə icra olunur. 2018-ci il 1 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 637 nömrəli sərancamı ilə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022 illər üçün milli strategiya” təsdiq edilib. “Sağlam şəhər” layihəsi strategiyanın 2.1.3.-cü bəndinə uyğun olaraq ictimai təhsil, səmərəli ictimai maarifləndirmə kampaniyaları həyata keçirmək niyyətindədir. Belə ki, layihə çərçivəsində Sumqayıt şəhərində irimiqyaslı virtual və ənənəvi sorğu keçirilməsi, sorğu nəticəsində virtual resursların hazırlanması, mövzu ilə əlaqəli ekspertlərin təqdimatında vebinarların keçirilməsi, şəhərin görünən yerlərində məlumat xarakterli afişaların yerləşdirilməsi və “Sağlam Düşüncə” Gənclər Təşkilatının rəsmi sosial media hesablarında tematik illüstrasiyalar və fotoların paylaşılması nəzərdə tutulur. Qeyd edək ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı 2016-ci ildən etibarən Sumqayıt şəhərinin məktəblərində ekoloji klublar yaradaraq şagirdlərə ətraf mü hitin qorunmasının əhəmiyyətini təbliğ edir. Bu təbliğat çərçivəsində ekoloji mövzuda təlim, seminar, təkrar emal oluna bilən materiallardan laboratoriyaların təşkil olunması və onlardan əl işlərinin hazırlanması, bu mövzuda debat turnirləri, ekskursiyalar, açıq hava düşərgələri, iməcliklər və digər bu kimi fəaliyyətlər təşkil olunur.