Gənclər vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir

521

Bütün dövrlərdə gənclik cəmiyyətin aparıcı qüvvəsi hesab olunur.Tarixin hansı dövründə olmasından asılı olmayaraq, hər bir xalq öz gələcəyini gənc nəslə bağlayıb, onun inkişafı üçün daim çalışıb. Çünki gənclik dövlətçiliyin inkişafında əsas rol oynayır və cəmiyyətin gələcək rifahının təmin edilməsində böyük potensiala sahibdir.Dövlətin, cəmiyyətin inkişafı, xoşbəxt gələcəyi məhz bugünki gənclərin yetişdirilməsindən asılıdır.

Gəncliyin savadlı, dünyagörüşlü, yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir.Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir.Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır.

Məhz bu səbəbdən Azərbaycanda hər zaman gənclər siyasəti dövlət siyasətinin əsas istiqaməti hesab olunub.Ölkəmizdə hər zaman gəncliyin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşılıb.

2 fevral tarixində Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 25 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü gənclər siyasəti və gənclərin cəmiyyətdəki rolunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.İyirmi beş il bundan əvvəl Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər günü kimi təsis edilmiş 2 fevral tarixi bu gün də ölkəmizdə böyük təntənə ilə qeyd olunmaqdadır.

Məhz belə bir gündə gənclərlə görüşün baş tutması əsası Ulu öndər tərəfindən qoyulmuş  gənclər siyasətinin bu gün də uğurla davam etdirilməsinin və ölkə başçısının gənclərə ən yüksək səviyyədə diqqətinin bariz nümunəsidir. Gənclər günündə baş tutmuş görüşün təqdirəlayiq olmasını xüsusilə qeyd etmək lazımdır. Görüş zamanı gənclər tərəfindən ünvanlanan suallara dövlət başçısının zəngin təcrübəsinə söykənərək verdiyi cavabların hər biri gənclər üçün böyük əhəmiyyətə malik idi.

Çıxışı zamanı  Vətən müharibəsində gənclərin rolunun həlledici olduğunu qeyd edərək Azərbaycan gəncliyinə təşəkkürünü ifadə edən dövlət başçısı, gəncləri həm öz həyatını düzgün müəyyən etmək üçün, eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmağa səsləyib.Cənab prezidentin forumda gənclərə istər təhsil, istər sağlamlıq, istər vətənpərvərlik istərsə də milli-mənəvi dəyərlərə bağlılıq mövzusunda verdiyi tövsiyyələr onlara yeni hədəflərin müəyyən edilməsi, fəaliyyət istiqamətlərinin seçilməsi  baxımından olduqca yararlı olacaq və Azərbaycan gəncliyinin fəaliyyətində yeniliklərə yol açacaq.

Ölkəmizdə gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Fəridə Qafarova, YAP Sumqayıt şəhər təşkilatı Gənclər və Könüllülər üzrə koordinasiya qrupunun koordinatoru 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər