Gənclik şəhəri yubiley ərəfəsində - XALQ QƏZETİ YAZIR

1224

Babalarımız Sumqayıtı Xəzərin sahilindəki boz çöllüyə ürəklərində gətiriblər. Ev-ev, küçə-küçə qurub-yaradıblar. Atalarımız onu böyüdüb, iqtisadi gücünü artırıb, zəruri şəhər atributları ilə zənginləşdiriblər. Bizim nəsil isə bu dogma ünvanı müasirləşdirib, dünyaya tanıdıb. Bu gün Sumqayıt “göylərə meydan oxuyan, ayağı torpaqda möhkəm dayanan” bir şəhərdir. 
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə 16 dəfə, Prezident İlham Əliyev 23 dəfə Sumqayıtda­ olub, şəhərin hərtərəfli inkişafı planlarını ardıcıl həyata keçiriblər. Dövlətimizin başçısı bu il fevral ayının 14-də Sumqayıtın 70 illik yubileyinin qeyd edilməsi haqqında xüsusi sərəncam imzalayıb. Davamlı surətdə yeniləşən şəhərin hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.
Son dörd ildə Sumqayıtda bəlkə də 40 illik işlər görülüb. Küçələrin, hətta məhəlləiçi yolların asfaltı təzələnib. Çoxmərtəbəli evlərin liftləri dəyişdirilib. 900-dən artıq binaya yeni dam örtüyü vurulub. Yeri gəlmişkən, artıq Sumqayıtın quruculuq işləri paytaxt Bakıya da nümunə göstərilir. Ötən ay Nəsimi rayonunda yeni parkın açılış mərasimində Prezident İlham Əliyev son illərdə Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarında dam örtüklərinin vurulduğunu qeyd edib və paytaxtdakı binaların da dam örtüklərinin təmirinin zəruriliyini vurğulayıb.
Noyabrda gənclik şəhərinin rəsmi yubiley tədbiri keçiriləcək. Artıq neçə aydır ki, burada əsl bayram ovqatı hökm sürür. Abadlıq-quruculuq işləri daha da genişlənib, hər tərəf gül-çiçəyə qərq olub. Küçələr, meydanlar bəzədilir. Hər tərəfdə “1949–2019. Sumqayıt–70” lövhələri göz oxşayır, reklam video-çarxları yubilyar şəhərin uğur yoluna işıq tutur. Sumqayıtın gecələri də gündüzləri kimi nurlu, parlaq və cazibədardır. Elə gün olur ki, bir neçə mədəni-kütləvi tədbir üst-üstə düşür. Hara baxsan, təmtəraq, qələbəlik, şənlik, şadyanalıq hiss edirsən.
Elə bu yaxınlarda şəhərdə 1-ci Mədəniyyət Festivalı keçirildi. Festivala Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı rayonları ilə yanaşı, Şamaxı, İsmayıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri də qatılmışdı.
Festival iştirakçıları “Kimyaçı” Mədəniyyət Sarayının önündəki meydanda çox maraqlı çıxışlar etdilər. Əlvan rəqslər, tamaşalardan parçalar, şeirlər, milli musiqi alətlərində ifalar bir-birini əvəz elədi. Əl işlərinin, rəsmlərin, tətbiqi sənət nümunələrinin, ölkəmizin ayrı-ayrı bölgələrinin folklor və mətbəxinin təqdimatı unudulmaz təsir bağışladı. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də əsl bayram ab-havasında keçən festivalı çoxsaylı şəhər sakinləri ilə bərabər izlədilər. Sonra festival mədəniyyət sarayının tamaşa zalında böyük bayram konserti ilə davam etdi. Sonda şəhərin 70 illik yubileyi ilə bağlı keçirilən müsabiqənin “Ən yaxşı şeir” və “Ən yaxşı mahnı” nominasiyaları üzrə qalibləri mükafatlandırıldı.
“Ən yaxşı şeir” müsabiqəsinin qalibi, gənc şair Elvin Əlizadə:
– Fəxr edirəm ki, bu şəhərdə doğulmuş, burada ilk addımlarımı atmışam. Sumqayıta həsr etdiyim şeirin məhz 70 illiyə həsr olunan müsabiqədə 1-ci yerə layiq görülməsi həyatımın ən böyük uğurudur. Xoşbəxtəm ki, bu, mənim yubileyə töhfəm oldu.
“Ən yaxşı mahnı” müsabiqəsinin qalibi, Əməkdar müəllim Firəngiz Xəlilova:
– Ötən ilin əvvəllərində Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə yeni yaradılan iki kollektivin təqdimatı keçirilib. Biri musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestri, digəri isə mənim dirijoru olduğum xor kollektividir. Qısa müddət ərzində müəyyən uğurlar qazanmışıq. Bu müsabiqədə mən özümü mahnı yaradıcılığında da sınadım və qalib gəldim. Mədəniyyətə qayğının yüksək səviyyədə olması məni qəlbən sevindirir.
Festivala qədər Sumqayıtda düzənlənən yaddaqalan tədbirlər sırasında “Nəsimi ili” ilə əlaqədar mütəfəkkir şairin 650 illiyinə həsr olunmuş möhtəşəm yubiley konserti, böyük kitab yarmarkası, müxtəlif idman yarışları da keçirilib, ayrı-ayrı sahələrə aid kitablar nəşr edilib.
Hazırda icra olunan yubileyqabağı layihələrdən “Nizami” kinoteatrının yenidən qurulması və Muğam Mərkəzinin inşası xüsusi qeyd edilməlidir. “Nizami” kinoteatrı tezliklə ən müasir kino texnologiyası ilə təchiz edilərək kinosevərlərin ixtiyarına veriləcək. Dənizkənarı bulvar ərazisində tikilən Muğam Mərkəzində isə işlər artıq yekunlaşmaq üzrədir. Şəhər rəhbərliyi digər mühüm obyektlər kimi, buraya da tez-tez baş çəkir, işlərin gedişi ilə maraqlanır. Yeni mərkəz klassik memarlıq üslubu ilə seçilir. Burada müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hər cür şərait yaradılır. Gənclərin muğamın sirlərinə yiyələnmələri üçün 14 sinif otağı fəaliyyət göstərəcək. Park-bulvar kompleksinin daha 1 kilometr uzadılması da yubiley ərəfəsində sakinlər üçün hazırlanan layiqli töhfələrdəndir.
Sumqayıt müasir şəhər atributları ilə də zəngindir. Hərəkətli reklam lövhələri, müasir avtobus nəqliyyatı xidməti, küçə və meydanlarda plastik su qabları üçün butulka şəkilli tullantı səbətlərinin qoyulması, bəzi yerlərdə açıq “wi-fi” zonalarının yaradılması bu qəbildəndir. Operativ, sürətli və komfortlu, başlıcası isə ucuz sərnişindaşımanı həyata keçirən, elektron köməkçi sistemləri olan taksi xidmətlərindən də sakinlər gen-bol istifadə edirlər. Hələlik, tam təsdiq olunmasa da, gələcək planlardan biri Bakı və Sumqayıt arasında metrobus xəttinin açılmasıdır. Bildiyimiz kimi, metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir, sürətinə isə söz ola bilməz. Yaxın gələcəkdə sumqayıtlılar üçün dənizdə kater gəzintisi də reallaşacaq.
…Yubilyar şəhərdə bir axşam gəzintisi bizdə elə xoş ovqat yaratdı ki, nur çeşməli əlvan mənzərələrin fotoşəkillərini çəkməkdən özümüzü saxlaya bilmədik. Bərli-bəzəkli dövlət rəmzləri, işıqları sayrışan fontanlı fəvvarələrə, bərq vuran simvol-abidələrə, küçə və prospektlərin elektrik dirəklərini birləşdirən “alışdım-yandım” boyunbağlarına könlümüzcə zövq ala-ala tamaşa elədik. Şəhərdə qaranlıq dalanlardan, vahimə yaradan tin-bucaqdan əsər-əlamət qalmayıb.
Nəhayət, tükənməz qürur hissi ilə onu da xatırladaq ki, bu yaxınlarda Sumqayıta gəlmiş 4-cü “LiFFt” Avrasiya Ədəbi Festivallar Festivalının iştirakçıları olan dünya şöhrətli yazıçılar gənclik şəhəri ilə bağlı təəssüratlarını Prezident İlham Əliyevə ünvanladıqları məktubda ifadə ediblər: “ Biz oktyabrın 2-də “Salam, Azərbaycan!” müsabiqəsi çərçivəsində Sumqayıt şəhərində olduq. Şəhərin gözəlliyi və sumqayıtlıların qonaqpərvərliyi bizi valeh etdi. Bizi şəhər icra hakimiyyətinin başçısı qarşıladı və müşayiət etdi. Möhtəşəm Heydər Əliyev Mərkəzində, Poeziya Evində və əsl möcüzə kimi təsir bağışlayan bulvarda olduq. Öyrəndik ki, bütün bu gözəllik Sizin sayənizdə yaradılıb. Şəhər gülüstana bənzəyir. Sizin şəxsinizdə Sumqayıta və bütün Azərbaycana səmimi təşəkkürümüzü bildirmək istəyirik. Düşünürük ki, bu şəhərdən aldığımız təəssürat heç vaxt unudulmayacaq və biz bunu gələcək əsərlərimizdə əks etdirəcəyik”. Məktubu imzalayanlar arasında Qazaxıstanın Əmək Qəhrəmanı, Beynəlxalq “Türk dünyasına töhfəyə görə” mükafatı laureatı Oljas Süleymenov, Serbiya Yazıçılar İttifaqının sədri Radomir Andriç, UNESKO-nun Amerika Birləşmiş Ştatlarından olan fəxri mədəniyyət səfiri Aleksandr Selimoviç və neçə-neçə digər ünlü söz adamı var.
Bəli, şanlı yubileyinə hazırlaşan Sumqayıt bu gün, bax beləcə, dünyaya səs salmaqda, Azərbaycanın şöhrətini daha da artırmaqdadır. İnanırıq ki, bu şəhərin yubiley təntənələri layiqincə keçiriləcək və tarixi anları ilə yadda qalacaqdır.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər