Güzəştli mənzillər satılır, hamıya çatmaya bilər - GƏLƏCƏKDƏ SUMQAYITDA DA...

1397

Xəbər verildiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin yeni partiyasını çatışa çıxarıb. FED.az xəbər verir ki, agentliyin bu gün açıqladığı elana görə, növbəti 154 mənzilin satışı aprelin 29-da saat 11-00-da başlanacaq və 30 aprel saat 23:59-dək davam edəcək. Başqa sözlə, 154 mənzilin satışına təqribən 37 saat müddət ayrılır. Hərçənd, təcrübə göstərir ki, mənzillərin satışı 6-8 dəqiqə içərisində baş çatır. Bu, güzəştli mənzilləri almaq hüququ olan və müraciət edən şəxslərin sayının böyük olması, eləcə də mənzillərin hissə-hicsə satışa çıxarılması ilə bağlıdır.

Belə ki, son yarım il ərzində həyata keçirilmiş iki satış nəticəsində güzəştli mənzil almaq istəyənlərin cəmi 430 nəfəri mənzil sahibi olub.

Bununla yanaşı, hər satış zamanı mənzillərin bir hisəsi satılmamış qalır. Sentyabrın 9-da keçirilən satışda 46 mənzil, yanvarın 25-dəki satışda isə 22 mənzil, yəni üumumilikdə 68 mənzil satılmayıb.

Mənzillərin əldə edilməməsinin səbəbləri müxtəlifdir. Qərarlarını dəyişmək, ipoteka krediti ala bilməmək, şəxsi səbəblər və sair. Amma mənzillərin satılmamasının iki maraqlı səbəbi var ki, bunlar 35 yaşını keçdiyinə görə (gənc ailə) güzəştli kateqoriya statusunu itirmə və yaşı ipoteka kreitinin verilməsi həddinin keçilməsidir.

Eləcə də bax: Güzəştli mənzillərin yeni partiyası – SATIŞA ÇIXARILDI

Sentyabrın 5-də baş tutan satış zamanı 6 nəfər, yanvarın 25-dəki satışda isə 2 nəfər yaşı 35-i keçdiyinə görə, güzəştli satış statusunu itirib.

Bundan başqa, sentyabrın 5-də baş tutan satışda 2 nəfər, yanvarın 25-də baş tutan satışda isə 2 nəfər yaşı ipoteka kreditinin verilməsi həddini keçdiyinə görə güzəştli mənzil ala bilməyib.

Bu şəxslərin sayı (ümumilikdə 12 nəfərdirlər) mənzil alan vətəndaşlarla müqayisədə azlıq təşkil etsələr də, onlarla bağlı vəziyət güzəştli mənzillər almaq istəyən vətəndaşlar üçün siqnal olmalıdır.

Məsələ bundadır ki, dövlət tərəfindən vətəndaşların mənzil təminatı üçün təqdirəlayiq addım olsa da, güzəştli mənzillərin satış sürəti olduqca aşağıdır. Qeyd edildiyi kimi, son yarım ildə cəmi 430 mənzil satıldığı halda, belə mənzillərə iddia edənlərin sayı MİDA-nın rəsmi məlumatına görə, 10,5 min nəfərdir. Yəni indiki sürətlə, yəni ildə təqribən min mənzilin satılacağın güman etsək, güzəşt hüququ olan vətəndaşların hamısının (hələ onların sayının artmayacağı təqdirdə) mənzil alması üçün 10 il vaxt tələb olunur.

Doğrudur, ola bilər ki, gələcəkdə güzəştli mənzillərin tikintisi və satış sürəti artsın, çünki gələcəkdə təkcə Bakıda deyil, ölkənin digər şəhər və rayonlarında, o cümlədən Sumqayıt, Gəncə və Mingəçevirdə də sosial mənzillərin tikintisi nəzərdə tutulur. Amma hələlik bu barədə rəsmi qərarlar verilməyib, üstəlik bu poosesin özü bir neçə il davam edir.

Ona görə də, güzəştli mənzil hüququ olan, amma necə deyirlər «risk» qrupuna malik olan şəxslər, yəni gənc ailə üzvləri və təqaüd yaşı yaxınlaşan insanlar sosial mənzillərin satışını gözləməməlidirlər. Onlar artıq indidən malik olduqları imtyazlarla özlərinin mənzilə olan tələbatını ödəyə bilərlər.

Belə ki, həmin şəxslərin demək olar ki, hamısının güzəştli ipoteka krediti almaq hüququ var. Bu illik 4%-lə və 15% ilkin ödənişlə ev almaq imkanıdır. Hətta güzəştli deyil, adi ipoteka krediti (illik 6,5-7% kredit, ilkin ödəniş 30%) ilə mənzil almaq imkanı da, belə şəxslər üçün sosial mənzilləri gözləməkdən daha realdır. Nəinki, hər dəfə satışda iştirak etmək və mənzil sahbi ola bilməmək. Çünki hər satışın arasında təqdibən 3 ay vaxt keçir və yaşı «təhlükəli həddə» çatan potensial alıcı ev almayanda bu müddəti itirmiş olur.

Ona görə də indidən mənzil almaq üçün imtiyazlardan fərqli formada istifadə etməklə alternativ imkanları sınamaq daha doğru olar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər