Hadrut əməliyyatı ilə bütün dünyaya gücümüzü göstərdik

807

Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, suverenliyinin və dövlətçiliyin qorunması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin dinamik inkişafını təmin etdi, xalqımızın Qarabağ həsrətinə son qoydu. “Dəmir yumruq” əməliyyatı ilə düşmən diz çökdürüldü, 44 günlük Vətən müharibəsində sübut olundu ki, bizim möhkəm iradəli, cəsarətli Ali Baş Komandanımız, güclü ordumuz, qüdrətli dövlətimiz var.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik, uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də siyasi və diplomatik arenada, informasiya mübarizəsində böyük uğurlar qazandı.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işlərinə start verilib. Böyük infrastruktur layihələri icra olunur, yaşayış məskənləri bərpa olunur, bu bölgələrə həyat qayıdır. Azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri dövlətimizin gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirir. Bu ərazilərdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün mərhələli şəkildə mühüm layihələr reallaşdırılır.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər bir səfəri xalqımızı qürurlandırır, düşmənlərimizi isə sarsıdır.

Hadrut qəsəbəsinin azad olunmasının birinci ildönümündə Prezident İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə etdiyi tarixi səfər və rayon ictimaiyyəti ilə görüşü xocəvəndlilər və eləcə də bütün Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılandı.

Ölkə başçısı səfər çərçivəsində ərazilərin gələcək inkişafı ilə bağlı planların icrasına start ver, rayon ictimaiyyəti ilə görüşü zamanı Hadrut əməliyyatlarından, Qələbəni təmin edən amillərdən və yalan üzərində qurulmuş erməni siyasətindən danışdı.

Hadrut əməliyyatının İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıdığını vurğulayan ölkə başçısı bildirdi ki, həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi: “Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə – Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar”.

Sözsüz ki, Hadrut əməliyyatının uğurlu keçməsi proseslərin sonrakı gedişatına öz müsbət təsirini göstərdi. Vətən Müharibəsində dönüş nöqtəsinə çevrilən Hadrut əməliyyatı nəinki düşmənin mövqeyini ciddi şəkildə sarsıtdı, həm də Azərbaycanın daha sürətli irəliləməsinə imkan verdi. Ölkə başçısı Hadrut əməliyyatının əhəmiyyətinə toxunaraq bildirdi ki,  Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik: “Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik”.

Bəli, bu gün Azərbaycan xalqı döyüşərək, qan tökərək, şəhidlər verərək doğma torpaqlarına qayıdıb. Şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, şücaəti, qəhrəmanlığı hesabına tarixi ədalət bərpa olunub, işğalçıları doğma torpaqlarımızdan qovulub.

Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Bunu nəzərə alan Ermənistan rəhbərliyi Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar yaymağa başladı. Hadrutun azad olunmasına baxmayaraq Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Azərbaycan Ordusu Hadrutda ölkəmizin bayrağını qaldıraraq erməni yalanlarına son qoydu!

Ölkə başçısı çıxışında bildirdi ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub: “Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar”.

Bu gün Azərbaycan Qalib ölkədir. Bu qələbəni xalqımızın birliyi, həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi təmin etdi. Bu qələbənin təmin olunmasında bir çox amillər rol oynamışdır. Bu baxımdan 44 günlük müharibə zamanı həkimlərimizin fədakarlığını da unutmaq olmaz. Ölkə başçısı da müharibə dövründə həkimlərimizin fədəkarlığını yüksək qiymətləndirdi: “Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir”.

Ötən illər ərzində ölkəmizdə bütün sahələrdə həyata keçirilən hazırlıq işləri, iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu sahələrində görülmüş işlər qələbəmizi təmin etdi. Azərbaycan xalqı Ordumuzun arxasında dayanması və Qələbəyə inamı Azərbaycanın tarixi qələbəsi ilə nəticələndi.

Bu gün istər ölkəmizdə yaşayan, istərsə də xaricdə yaşayan milyonlarla azərbaycanlı haqlı olaraq öz dövləti ilə, xalqı ilə, ordusu ilə fəxr edir, qürur duyur.

Arifə Abdullayeva, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının baş məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər