Heç nə dəyişməyib, onlar gələndə də talayıb yandırırdılar, indi gedəndə də od vurub gedirlər…

762

İki gündür ki, xarici mətbuat, sosial şəbəkələr və ermənilərin özləri Azərbaycanın 28 ilə yaxındır işğal altında olan, lakin indi Ermənistanın cəmi iki gün sonra qaytarmalı olacağı Kəlbəcər rayonundan görüntüləri yayır. Bu görüntülərə əsasən işğaldan sonra Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilər indi yaşadıqları evləri tərk edib Ermənistana üz tutarkən həmin evlərə, digər tikililərə od vururlar. BBC rus xidmətinin müxbiri ermənilərin Kəlbəcəri tərk edərkən elektrik yarımstansiyalarını, restoranları, bir sözlə yararlı nə varsa hamısını talayıb dağıtdıqlarını bildirir. Habelə daşınması nə mümkündüsə onları daşıyıb aparır.

Qeyd edək ki, Kəlbəcər rayonu Ermənistanın Dağlıq Qarabağdan kənarda qanunsuz məskunlaşma həyata keçirdiyi əsas rayonlardan biri idi. Düşmən işğaldan sonra Laçın, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Kəlbəcərdə 15 mindən çox (2000-ci ilin ortalarında ATƏT-in faktaraşdırıcı missiyasının hesabatında deyildiyi kimi) erməni məskunlaşdırmışdı. Onların arasında xarici ölkələrdən, o cümlədən Suriyadan, Livandan gətirilənlər də vardı. Sonradan bu rəqəmin daha da artdığı təxmin edilir.

Kəlbəcər rayonunda isə bir neçə min erməninin qanunsuz məskunlaşdırıldığı, orada təbii sərvətləri taladığı, istirahət mərkəzləri tikdiyi məlum idi. Bütün dövrlərdə Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda ətraf 7 rayonunun Azərbaycana qaytarılması başlıca prinsiplərdən biri kimi nəzərdən keçirildiyi halda Kəlbəcər rayonunda aparılan bu qanunsuz məskunlaşma Ermənistanın bu strateji əhəmiyyətli regionu qaytarmaq niyyətinin qətiyyən olmadığına dəlalət edirdi.

İndi isə işğalçılar başlarına gələn bu böyük müsibətin, üzləşdikləri bu acınacaqlı məğlubiyyətin nəticəsində Kəlbəcəri tərk etməyə məcburdur. Amma onlar gəldikləri kimi də gedirlər-evləri, ictimai binaları talayıb yandıraraq, geridə “yandırılmış torpaq” buraxaraq…

Erməni vandalizminin bu sifəti Azərbaycana çoxdan tanışdır, ola bilsin dünya internetin sayəsində bundan indi xəbər tutur. Axı 1993-cü ilin aprelində ermənilər Kəlbəcəri, daha sonra digər rayonları, şəhər və kəndləri işğal edəndə də indiki səhnələr yaşanırdı-vandallar əvvəlcə əllərinə keçəni talayır, sonra kəndlərə, şəhərlərə bir-birinin ardınca od vururdu. Nəticədə torpaqlar 27 il sonra işğaldan azad ediləndə biz bu torpaqların necə viranəliyə çevrildiyinə bir daha əmin olduq. Orta əsrlərə xas barbarlıqla ermənilər qarşılarına keçən hər şeyi dağıdıblar, silip-süpürüblər və vaxtilə abad şəhərlərin yerində indi viranəlik hökm sürür.

Ermənilər indi Kəlbəcərdə evlərə od vuranda, qarşılarına keçəni talayıb aparanda bunu əlbətdə, “düşmənə qalmasın” prinsipi ilə əsaslandırırlar. Amma  həmin əmlak əslində birbaşa olaraq onlara məxsus deyildi axı. Ermənilərin qoyub getdikləri onların 27 il qabaq Kəlbəcəri işğal edərkən dağıtdıqlarının, taladıqlarının, daha sonra bu torpaqlardan sümürdüklərinin fonunda heç dənizdə damla da deyil.

İndi Azərbaycan torpaqlarını azad edəndən sonra işğal nəticəsində talan edilmiş sərvətlərin, şəhər və kəndlərin əvəzində Ermənistandan kompensasiyaya tələb etmək üçün hüquqi prosedurlara başlayıb. Prezident İlham Əliyev hələ hərbi əməliyyatlar davam edərkən bu haqda müvafiq sərəncam verib.  Ona görə də ermənilər indi Kəlbəcərdə evləri və s. yandırıb gedə bilərlər, amma çox keçməyəcək ki, Ermənistan Azərbaycanın 7 rayonunu necə talayıb viran qoyduğuna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq.

F.Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər