Hər kəsi kövrəldən hərbçimiz danışdı – Vətənin igid oğlunu internatdan Şuşaya aparan yol – FOTOLAR

819

 İki gündür sosial şəbəkələrdə ən çox paylaşılan fotoların müəllifi olan Elçin Əhmədov Musavat.com-a danışıb.

Elçin əvvəlcə sosial şəbəkədə paylaşdığı fotoda işğaldan azad edilən rayonlarımızdan birində tikilinin üzərinə yazdığı sözlərlə hər kəsi kövrəltdi.

Əsgərlərimiz işğaldan azad etdikləri ərazilərdə doğulduqları, böyüdükləri rayonunun, şəhərin adını qeyd edirdi. Elçin isə internat evində böyüdüyü üçün bu sözləri yazır: “Maştağa, 1 nömrəli internat”.

Sosial şəbəkələrdə gündəm olan bu fotodan sonra hər kəs Elçini axtarmağa, ona qardaş, bacı, dost olmağa çalışdı.

Biz də Elçini axtarıb tapdıq. Öz dəstəyimizi, xalqın dəstəyini ona çatdırdıq. Elçin indi də xidmət başındadır. İgid əsgərimiz deyir ki, axşamdan ona olan dəstəyə görə çox sevinclidir.

“Hər birinizə təşəkkür edirəm. İlk növbədə xoşbəxtəm ki, vətən uğrunda gedən döyüşlərdə iştirak edirəm. Qardaşlarımız şəhid oldu. Bu bizə qismət olmadı. Allah onların ruhunu şad eləsin. Bizə isə işğaldan azad edilmiş, qardaşlarımızın uğrunda şəhid olduğu bu torpaqlarda xidmət etmək nəsib oldu.

Həm də ona görə sevinirəm ki, axşamdan mənə xeyli dəstək mesajı gəlir. Heç düşünməzdim ki, paylaşdığım şəkil bu qədər diqqət çəkər. Bilirsiniz ki, telefonla danışmağımız, internetə girişimiz məhdud idi. İmkan olan kimi iki foto paylaşdım. Hər kəsə, bütün xalqımıza minnətdaram”- deyə Elçin bizimlə söhbətində qeyd etdi.

Elçin üç uşaq atasıdır. Ailəsi indi dövlətin onlara bağışladığı mənzildə yaşayır. O döyüşdə olduğu müddətdə qardaşı və yaxınları onun ailəsinə dəstək olub.

Elçin Vətən müharibəsi başlayandan könüllü olaraq cəbhəyə yollananlardandır. Onun qardaşı Rəşad da könüllü olaraq yazılıb. Amma yalnız Elçin hərbi xidmətə yola salınıb

Hərbçimiz Elçinin paylaşdığı ikinci foto da trendə çevrilib. Elçin əsgər yoldaşları ilə səngərdən paylaşdığı şəkil həm də Türkiyə mətbuatında geniş yer alıb.

İlkin Muradov
Musavat.com

Facebook

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər