«Azərikimya» İstehsalat Birliyinin konfrans zalında keçən ilin sentyabr ayında PPP (İctimai Özəl Əməkdaşlıq) layihəsi çərçivəsində Birlik və Almaniyanın GİCON şirkəti arasında ikiillik sazişə uyğun olaraq «Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi» istiqamətində görülmüş işlərlə bağlı hesabat xarakterli təqdimat keçirilmişdir.
GİCON şirkəti 20 ildən artıqdır ki, xüsusi tullantıların zərərsizləşdirilməsi, çirklənmiş torpaqların təmizlənməsi üçün rəylərin hazırlanması, torpağın, qrunt sularının və havanın çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi, həmçinin layihələrin planlaşdırılması və nəticələrin yoxlanması üzrə geniş və səmərəli fəaliyyət göstərir.
Təqdimat zamanı GİCON şirkətinin tullantılar və çirklənmiş ərazilərin təmizlənməsinin idarə olunması şöbəsinin müdiri Matias du Puits, ARDNŞ-in Ekologiya idarəsinin rəisi Azər Əliyev, çirklənmiş ərazilərin təmizlənməsi üzrə ekspert Hartmut Junqe, mütəxəssis Jana Ziemer, layihə bürosunun rəhbəri Səkinə Məhərrəmova, «Azəri Fugro» şirkəti mütəxəssislərinin və «Azərikimya» İB nümayəndələrinin iştirak etdiyi təqdimatda çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi və torpaqların geofiziki tədqiqatı istiqamətində bir il ərzində tərtib edilmiş tədbirlər planı əsasında görülmüş işlər haqda hesabat xarakterli məlumat verilmişdir. Qeyd olunmuşdur ki, GİCON şirkətinin mütəxəssisləri tərəfindən ilkin müşahidə üçün pilot layihə üzrə 2 ayrı-ayrı sahə seçilmiş və tədqiqatların nəticəsi olaraq seçilmiş ərazilərdə torpaqların çirklənmə ehtimalı araşdırılmışdır.