Prezident İlham Əliyevin yanvarın 12-də yerli telekanallara müsahibəsində bir çox mühüm məqamlara – 2021-ci ildə Azərbaycanda iqtisadi və sosial sahədə görülən işlərə, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə, Azərbaycanla Ermənistan arasında münasibətlərə, ölkəmizin xarici siyasətinə dair məsələlərə toxunub. Ölkə başçısı müsahibəsində daxili siyasətlə yanaşı, xarici siyasətlə bağlı da mühüm məqamlara toxunub, gələcək hədəflərdən danışıb.
Azərbaycanın ötən dövr ərzində həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün dünyanın güc mərkəzləri, eləcə də beynəlxalq təşkilatlar- BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB və digər qurumlar ölkəmizin regionda yaratdığı yeni reallılqları qəbul edirlər. Çünki Azərbaycan zərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Erməni tərəfindən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə hücumlar edib, şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb.
Müharibə dövründə Ermənistan müxtəlif təxribatlara əl atdı. Eləcə də rəsmi İrəvan Rusiyanı müharibəyə cəlb etmək üçün təxribatlar törətmək niyyətində oldu. Ölkə başçısı müsahibəsində bu məqama diqqət çəkərək bildirdi ki, müharibə zamanı əldə etdiyimiz məlumata əsasən müəyyən olundu ki, erməni tərəfi Rusiya tərəfindən xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi Zəngilana ezam edilsin: “Nəticədə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Ermənistanın rəhbərliyi istəyirdiki, Azərbaycan erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vursun və bununla da Rusiyanı müharibəyə iştirakçı tərəf qismində cəlb etsinlər”
44 günlük Vətən müharibəsində ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlarla yanaşı diplomatiya cəbhəsində də çox böyük uğurlar əldə olundu. Azərbaycanın haqlı səsi dünyaya çatdırıldı, uğurlu diplomatik gedişlər edildi. Azərbaycan müharibəni ədalətli apardı. Sözsüz ki, beynəlxalq ictimaiyyət də bunu gördü. Əksinə, müharibə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etdi. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. Ölkə başçısı vurğuladı ki, ikinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir.
Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, İkinci Qarabağ Müharibəsi zamanı Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. Amerikadakı Tramp administrasiyası ümumiyyətlə, bu məsələ ilə məşğul olmaq fikrində deyildi. Müharibə Tramp administrasiyasının məhz son aylarına təsadüf etdiyi üçün Amerika tərəfinin hər hansı bir mövqeyini görmədik.
Sülhməramlıların fəaliyyətinə toxunan ölkə başçısı vurğuladı ki, sülhməramlıların fəaliyyətinin müsbət tərəflərinin nəzərə alınmaması ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində.
Dövlətimizin başçısı Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı fikirlərini də bəyan etdi: “Minsk qrupu danışıqlar ilə bağlı öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidir. Sonra biz həmin gündəliyi ya təsdiq etməli, ya təsdiq etməməli, ya da qismən təsdiq etməliyik. Yəni, onların konsolidə edilmiş qrup kimi məşğul olmaq istədikləri bəndlərdən söhbət gedir. Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr bunu deməyə əsas verir ki, həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacaq. Minsk qrupu, əslində, qalan ölkələri danışıqlar prosesindən təcrid edib”.
Enerji, nəqliyyat, humanitar məsələlər, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda həm siyasi, həm də iqtisadi baxımdan daha proqnozlaşdırıla bilən vəziyyətə nail olmağa yönəlib. Ona görə də artıq uzun illərdir ki, Azərbaycanın təşəbbüsləri ilə bağlı hər şey düşünülmüş və əsaslandırılmış təşəbbüs kimi qəbul edilir.
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bir çox beynəlxalq təşəbbüslərlə çıxış edib. Azərbaycanın fəaliyyəti və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının nüfuzu ötən dövr ərzində xeyli artıb. Pandemiya vaxtı görülən işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə – bütün bunlar Hərəkatın nüfuzunu artırır. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə çox ölkələrə humanitar yardım göstərilir, pandemiya dövründə isə 80-dən çox ölkəyə həm maliyyə yardımı, həm də maddi yardım göstərilib.
Prezident İlham Əliyev müsahibəsində bəyan etdi ki, Azərbaycan üçün əsas məsələ Avropa İttifaqı ilə gələcəyi necə düzgün planlaşdırmaqdır. Azərbaycanın Avropa İttifaqından hər hansı bir xüsusi gözləntiləri yoxdur. Azərbaycan Avropa ilə daha sıx əlaqələr qurmaq niyyətindədir. Avropa da öz sərhədlərində sabitlik istəyir. Müştərək yanaşma imkan verəcək ki, tezliklə yeni ölkəmizin Avropa İttifaqı ilə sazişin mətni tamamilə razılaşdırılacaqdır.
Beləliklə, ölkə başçısı Azərbaycanın niyyətini açıq şəkildə bəyan etdi: Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Azərbaycan dünya təsisatlarının – BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb.
Nərgiz Nağıyeva, Sumqayıt Gənclər Evinin Direktoru