HEYDƏR ƏLİYEV- MÜASİR AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN BANİSİ

378

Azərbaycan zaman – zaman tarixin ağır sınaqlarından keçib, geosiyasi mövqeyinə görə mütəmadi böyük güclərin maraq mərkəzində olub.
Ötən əsrin sonlarında Azərbaycan yenidən müstəqilliyini bərpa edə bildi.Təəssüf ki,erməni quldurlarının torpaqlarımıza təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr ölkəni xəritədən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə üz- üzə qoydu.
Taleyüklü məsələlərin mahiyyətitinə varan ziyalılar çıxış yolunu zəngin təcrübəyə malik böyük dövlət xadimi Heydər Əliyevin Bakıya dəvət olunmasında gördülər.Yalnız o, respublikanı ictimai- siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtara bilərdi.
Beləliklə,15 iyun Azərbaycanın mücadilə tarixinə Milli Qurtuluş günü kimi həkk olundu.Öncə Milli Məclis sədri kimi ağır bir yükün altına çiynini verən ulu öndər daha sonra böyük səs çoxluğu ilə Prezident seçildi.
Heydər Əliyev andiçmə mərasimində söyləmişdi: ” Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür.Mənə göstərilən bu etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir, əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Bəli,Heydər Əliyev bütün fəaliyyətini son ana qədər Vətənə,onun inkişafına sərf etdi.
İlk növbədə dövlət başçısı ictimai- siyasi sabitliyin bərpası istiqamətində mühüm, qətiyyətli addımlar atdı.Qeyri – qanuni silahlı birləşmələr ləğv edildi.Ölkənin gələcək inkişaf strategiyası müəyyənləşdirildi.Tarixi yaddaş qaytarıldı.Qeyd edək ki,hələ Naxçıxan Muxtar Ali Sovetinin sədri olarkən 1990- cı il, noyabrın 17- də Ümummilli lider Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli Bayrağını təsdiq etmiş və bu Bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsadət qaldırmışdı.
Dövlət hüquq bazasının möhkəmləndirilməsindən ötrü bir çox layihələr gerçəkləşdi.Məhkəmə islahatları keçirildi, konstitusiya məhkəməsi və Ombudsman təsisatı yaradıldı, ölüm hökmü ləğv edildi.Hüquqi dövlət quruculuğu yönümündə davamlı siyasət aparıldı, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsipləri bərqərar oldu.
1995- ci il, noyabrın 12- də Müstəqil Azərbaycanın ilk Konstitusiyası təsbit olundu.
Görkəmli dövlət xadimi, qüdrətli diplomat iqtisadi müstəqilliyin qazanılmasını prioritet istiqamətlərdən sayırdı.Bu səbəbdən bazar iqtisadiyyatının qurulması, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunması ideyalarını reallığa çevrildi.Özəl sektora önəm verildi, kiçik və orta sahibkarlığın inkişafı, torpaqlardan düzgün və səmərəli istifadə edilməsi kimi mühüm amillər ön plana çəkildi.
Heydər Əliyevin parlaq zəkası, siyasi uzaqgörənliyi və diplomatiya məharəti sayəsində ölkənin təbii sərvəti, iqtisadi amil beynəlxalq münasibətlərin tənzimlənməsində önəmli faktora çevrildi.Dünyanın ən məşhur neft şirkətləri tarixi – iqtisadi prosesə cəlb olundu.Xəzərin hüquqi statusu ilə bağlı qonşu dövlətlərin ortaya atdığı əngəllər də təcrübəli dövlət xadimi tərəfindən həll edildi.Beləliklə,1994- cü il, sentyabrın 20 – də Bakıda 6 ölkənin 10 şirkəti ilə Xəzərin karbohidrogen ehtiyatlarının birgə işlənməsində pay bölgüsü haqqında “Əsrin müqaviləsi” imzalandı.Bu müqavilə təkcə iqtisadiyyatın güclənməsinə təkan deyildi, həm də ölkənin təhlükəsizliyinə təminat idi. Dünyanın rəqib neft şirkətlərinin bir masaya toplanması Heydər Əliyev diplomatiyasının qüdrətinin göstəricisi idi. O tarixi an bu sahədə uğurlu inkişafa rəvac verdi. Sonradan 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin bağlanması fikrimizin isbatıdır.
Heydər Əliyev zəngin təbii sərvəti xalqın rifahı və əmin- amanlığı qarantına çevirməyi bacardı. Heç şübhəsiz “Əsrin müqaviləsi”ndən sonra Bakı neftinin dünyaya nəqli önəmli məsələydi.Bu layihədə də süni əngəllər, təxribatlar, sui- qəsd planları səngimirdi.
Ancaq kifayət qədər zəngin təcrübəyə malik nəhəng şəxsiyyətin qarşısında heç bir qüvvə tab gətirə bilməzdi.”Əsrin müqaviləsi” ndən bir neçə gün sonra Azərbaycanın dövlət xadimlərinə qarşı terror aktı törədildi.Heydər Əliyev BMT Baş Assambleyasının sessiyasında bu xəbəri eşidərkən qətiyyətli şəkildə ” Bizi bu yoldan heç bir terror döndərə bilməz” söyləmiş və Nyu- Yorkdan Vətənə dönmüşdü.Və Bakı- Tbilisi- Ceyhan neft ,Bakı- Tbilisi- Ərzurum qaz kəmərlərinin çəkilişi qətiyyətli mövqedən başlanğıcını götürən siyasi- iqtisadi,diplomatik uğurun göstəricisidir.
Ulu öndər doğma Sumqayıtımıza da xüsusi önəm verirdi.
Neft- kimya müəssisələrinin yenidən qurulması, modifikasiyası, yaşayış binalarının tikilməsi, iqtisadiyyatın güclənməsi görkəmli dövlət xadiminin birbaşa təşəbbüsü və nəzarəti ilə həyata keçirildi. Ulu öndər Sumqayıta səfərlərinin birində söyləmişdi: ” Sumqayıt sabahın şəhəridir.”
Bəli, bu gün Sumqayıt da, digər bölgələr də sürətlə inkişaf edir.Azərbaycan regionun lider dövlətidir.İrimiqyaslı beynəlxalq layihələrdə tərəfdaş kimi çıxış edən Azərbaycan dövləti yeni dünya nizamında xüsusi çəkiyə və təsir gücünə malikdir.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev çağdaş politoloji proseslərdə mükəmməl diplomatiyası və dəmir məntiqi ilə seçilir.Nə xoş ki, ulu öndər, böyük dövlət adamı Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib.
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər