Heydər Əliyev yolunun zirvəsi: 44 günlük savaşın qalib komandanı

830

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Yeni Azərbaycan Partiyasının bu ilin martın 5-də keçirilmiş VII qurultayında söylədiyi nitqi müstəqillik dövrünün mükəmməl qiymətləndirilməsi ilə yanaşı, Azərbaycanın bundan sonrakı inkişaf dövrünün də proqramı kimi qəbul edilir.

Dövlət başçısı nitqində son 17 ildə əldə edilən uğurların, eləcə də 10 noyabr Zəfərinin, torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən savaşında qazanılan Qələbənin ulu öndər Heydər Əliyev yolunun davam etdirilməsi ilə bağlı olduğunu xüsusi vurğuladı. Bu, təsadüfi deyil. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycanın Prezidenti seçilərkən İlham Əliyev Ümummilli Liderin siyasətini davam etdirəcəyini bəyan etmişdi. Ondan sonrakı dövrlərdə də dövlətimizin başçısı bu yola, Heydər Əliyev siyasi kursuna sadiqliyini dəfələrlə ifadə etmişdir.

Sözsüz ki, 1993-2003-cü illər ölkənin inkişafı baxımından olduqca həlledici illər olub. Məhz bu illər ərzində ölkəmizdə dövlətçiliyin əsasları qoyuldu. Konstitusiyamız məhz bu illərdə, Heydər Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən senzura tətbiq olunması barədə qəbul olunmuş qərarlar məhz onun göstərişi ilə, onun tərəfindən ləğv edildi. Həmin dövrdə ölkədə siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi, ordu quruculuğuna start verildi. Görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdı.

Mövcud uğurların əldə olunmasında ölkəyə rəhbərlik edən səriştəli və praqmatik siyasətçinin, ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Bir neçə ildir sosial, siyasi, iqtisadi, hərbi və s. sahələrdə radikal islahatlar vasitəsilə çox böyük dəyişikliklər həyata keçirən Prezident İlham Əliyev ölkəmizi beynəlxalq reytinq cədvəllərində ön cərgələrə yüksəldib. Müxtəlif istiqamətlərdə həyata keçirdiyi islahatlar cəmiyyətdə müsbət nəticələr doğurduğu üçün xalqın böyük dəstəyini əldə edə bilmişdir. Müasir Azərbaycan yeni-yeni nailiyyətlər əldə edərək, sürətli inkişafı ilə regionun lider dövlətinə çevrilib. Heydər Əliyev məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyev bütün təzyiqlərə, çətinliklərə, problemlərə qarşı mübarizə apararaq dövlət idarəetməsinin ən uğurlu modellərini tətbiq etməkdədir. Bütün bunların nəticəsidir ki, Azərbaycan borc alan ölkədən borc verən ölkəyə, köməyə ehtiyacı ölkələrə yardım edən dövlətə çevrilib.

Prezident İlham Əliyevin özünün də vurğuladığı kimi, o, ata vəsiyyətini, ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın düşməndən azad olunması vəsiyyətini reallaşdırdı. 30 ilə yaxındır ki, həll olunmayan Qarabağ problemini Ali Baş Komandan İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə 44 günə həll etdi. Xalqımızın uzun illərdir ki, ən ağrılı və ən böyük problemi olan Qarabağ münaqişəsi ordumuzun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nəhayət ki, Azərbaycanın xeyrinə başa çatdı. Hər kəsə yaxşı məlumdur ki, dünyadakı silahlı münaqişələrin həlli prosesinin 50 il, hətta 100 il belə uzanma ehtimalı var. Yaxın və uzaq qonşularımızı – Gürcüstanı, Moldovanı, Əfqanıstanı, Fələstini və s. Kimi münaqişə ocaqlarını göstərə bilərik. Nəzərə alsaq ki, Qarabağ problemi böyük dövlətlərin, qlobal güclərin geosiyasi maraqlarının toqquşduğu bir məsələyə çevrilmişdi, o zaman onun həllinin nə qədər çətin olduğunu təsəvvür edə bilərik. Məhz geosiyasi prosesləri dəqiqliklə təhlil edən Prezident İlham Əliyevin müdrik qərarlarının nəticəsində Azərbaycan Ordusu 44 günə 30 illik problemi həll etdi. “Dəmir yumruq”la düşməni əzib məhv edən Ali Baş Komandan İlham Əliyev regionda və dünyda yeni reallıqlar yaratdı. Bu reallıq həm də ümummilli lider Heydər Əliyevin vəsiyyətinin, Azərbaycan xalqının arzusunun gerçəkləşməsi idi.

“Əgər Azərbaycan müharibəyə başlasa, bu dəfə tanklarımız Bakıya qədər gedib çıxacaq” deyən Ermənistanın xəyalpərəst liderləri “Dəmir yumruğ”un zərbəsindən hələ də özlərinə gələ bilmirlər. Azərbaycanın tarixi qələbəsindən sonra Ermənistan cəmiyyəti çıxılmaz, ümidsiz, parçalanmış, vətəndaş qarşıdurmasının yaşandığı bir ölkəyə çevrilib. Ermənistanda hakimiyyətin istefası tələbilə fasiləsiz aksiyalar keçirilir, çox ciddi vətəndaş qarşıdurması və xaos yaşanır. Azərbaycanda isə 50-dən çox siyasi partiya Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini birmənalı şəkildə bəyan etdi. Vətən müharibəsi dövründə QHT-lər, media qurumları, siyasi partiyalar nəinki Prezident İlham Əliyevin siyasətini dəstəkləyirdi, hətta onun təbliği üçün əlindən gələni əsirgəmirdi. Müharibə dövründə əsl vətəndaş həmrəyliyi, dünyaya örnək ola biləcək Xalq-Ordu-Prezident birliyi göstərildi. Bu da Prezident İlham Əliyevin ötən 17 il ərzində həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsi idi.

Azərbaycan bu gün siyasi, iqtisadi, hərbi, mədəni və digər istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə regionda və dünyada söz sahibi olan bir ölkəyə çevrilir. Həyata keçirilən uğurlu iqtisadi islahatlar beynəlxalq hesabatların reytinqlərində, eləcə də Dünya Bankı kimi aparıcı qurum tərəfindən hazırlanan “Doing Business” hesabatında öz əksini tapır.

Bu gün Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. Tarixi qələbədən sonra Azərbaycan daha da sürətli inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli quruculuq işləri həyata keçirilməkdədir. Ölkənin digər bölgələrində də eyni sürətlə quruculuq  işləri reallaşdırılır. Azərbaycanın hər bir vətəndaş dövlətini, onun rəhbərini daim öz yanında görür, hər zaman güvəndə olduğunu hiss edir. COVİD-19 virusunun dünyanı silkələdiyi bir vaxtda Azərbaycanın Lideri İlham Əliyev öz vətəndaşına da, digər dövlətlərə də dəstək olur, pandemiya bəlasını ağrısız keçirmək üçün əlindən gələni edir. Bir sözlə, həyata keçirdiyi layihələrlə, yorulmadan və davamlı şəkildə həyata keçirdiyi uğurlu fəaliyyəti ilə, müdrik və uzaqgörən qərarlarıyla İlham Əliyev xalqımızın ümid və güvənc yerinə çevrilmişdir.

Prezident İlham Əliyev daxili məsələlərin həlli ilə yanaşı, beynəlxalq aləmdə də fəal siyasət həyata keçirir. Xüsusilə qonşu ölkələrlə Azərbaycanın münasibətləri, əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb və Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində iş aparılır. BMT çərçivəsində qlobal sülhə və təhlükəsizliyə dəstək verilməsi fəaliyyətində, beynəlxalq aləmdə ikinci ən böyük təşkilat kimi tanınan Qoşulmama Hərəkatının sədri kimi narahat dünyamızın problemlərinin həllində, İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə islam ölkələrinin inteqrasiyasında, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının çalışmalarında, MDB ölkələrinin münasibətlərinin dərinləşdirilməsinə Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin şahidi oluruq.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışı zamanı Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyətinə diqqət  yetirərək vurğuladı ki, bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir”

Sözsüz ki, həyata keçirilən bütün layihələr uzunmüddətli dayanıqlı inkişafı təmin edir, ölkəmizin daha da qüdrətlənməsinə, müstəqilliyimizin əbədi olmasına, Azərbaycan xalqının təhlükəsiz və sülh şəraitində öz dədə-baba torpağında yaşamasına xidmət edir.

Ucal Qasımov, “Məslək” qəzetinin redaktoru 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər