Heydər Əliyevin adını tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir

690

Ölkəmizin inkişafının şanlı, o cümlədən müstəqillik dövrünün ilk şərəfli səhifələri məhz Ulu Öndərin müəllifliyi ilə yazılıb. Xalqımızın qəlbində özünə taxt qurmuş bu dahi şəxsiyyət çalışdığı bütün vəzifələrdə, fəaliyyətinin bütün mərhələlərində vətəninə, xalqına layiqincə, böyük məhəbbətlə xidmət edib, milli dəyərlərimizə hər zaman bağlı olub. Bu mənada xalqımızın malik olduğu ali keyfiyyətlər Heydər Əliyev dühasının kamil şəxsiyyətində öz təcəssümünü tapıb.Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalqın Ümummilli Liderinə çevrilməsini şərtləndirən əsas keyfiyyətlər onun çətin, mürəkkəb və böhranlı siyasi-iqtisadi situasiyalarda milli təəssübkeşlikdən çıxış etməsi, problemlərin həlli üçün əsl vətəndaşlıq nümunəsi göstərməsidir.

Heydər Əliyevin tarixi xidmətlərindən söz açandan ilk olaraq onun 50 il əvvəl Azərbaycanda başlatdığı inkişaf prosesləri yada düşür. 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin elə ilk günlərdən respublikanın və xalqın inkişafı istiqamətində fəaliyyətinin, atacağı addımların cizgiləri, istiqamətləri məlum idi. Bütün sahələrdə neqativ hallara son qoyulması, respublikanın iqtisadi potensialının hərəkətə gətirilməsi, səriştəli kadrların irəli çəkilməsi kimi vəzifələri müəyyən edən Heydər Əliyevin ölkəyə rəhbərliyi ilk vaxtlardan Azərbaycanda böyük iqtisadi inkişafa yol açdı. Ulu Öndərin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verdi. Həmin çətin, ağır, böhranlı günlərdə xalqımız çox düzgün qərar qəbul edərək yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın hələ kövrək olan müstəqilliyinin qorunmasına və gücləndirilməsinə xidmət edən amil oldu. Ulu Öndərin siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi.

Ulu Öndər Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətdir. Məhz buna görə xalqımız Heydər Əliyevin adını tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.

Ümummilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri haqqında hər dəfə düşünəndə başa düşürük ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırmışdır. Bu gün təməlləri kifayət qədər möhkəm olan dövlətçiliyimiz var. Millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı bir yol var. Bütün bunların hər birində Heydər Əliyev imzası var.Heydər Əliyev Tanrının min ildə yalnız bir dəfə hər xalqa bəxş etdiyi nadir şəxsiyyətlərdən biridir.

Heydər Əliyev öz təbirincə desək, illi mənsubiyyəti, onu yetişdirmiş millətlə fəxr edən ən böyük azərbaycanlı idi. Onun ideyaları, fikirləri bu həqiqətlə qidalanırdı. Ulu öndər arzusunda olduğu Azərbaycanı qurmağa hələ respublikaya birinci rəhbərliyi dövründən başladı və Azərbaycan dövlətinin başçısı olaraq fəaliyyətə başladığı ilk illərdən bütün fəaliyyətini bu istiqamətə cəmləşdirdi.

Missiya başladığı ilk günlərdən respublika rəhbərliyi Azərbaycanın elminin, mədəniyyətinin və iqtisadiyyatının inkişafı üçün son dərəcə əhəmiyyətli qərarlar qəbul etdi. Respublikaya rəhbərlik missiyasını üzərinə götürdüyü ilk günlərdən Azərbaycan elminin, mədəniyyətinin, iqtisadiyyatının inkişafı üçün son dərəcə əhəmiyyətli qərarlar qəbul etmişdi. Dahi dövlət xadiminin Azərbaycanın milli mənəvi dəyərlərinə ruhən bağlılığının sirrlərini də, görünür, elə bu məqamda axtarmaq lazım gəlir. Heydər Əliyevin milli-mənəvi dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, bu problemin həlli ilə bağlı müəyyənləşdirdiyi aydın xətt, atdığı addımlar göz qabağındadır. Əgər ulu öndərimiz Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan respublika kimi mövcudluğu şübhə altında qalardı. Heydər Əliyevin istər elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələrdə həyata keçirdiyi məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə on ildən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna zəmin hazırlayırdı. Məhz belə bir zəmin üzərində SSRİ-də yaranmış tarixi şəraitdən bəhrələnərək öz haqları uğrunda mübarizəyə qalxan xalqımızın mübarizə əzmi nəticəsində Azərbaycan nəhayət ki, dövlət müstəqilliyinə qovuşdu. Ulu öndərimiz Heydər Əliyev belə bir zamanda xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıdaraq dövlətçiliyimizi təhlükələrdən xilas etdi. Azərbaycanda vətəndaş qarşıdurmasını dayandırdı. Qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirdi. Cəmiyyətimizdə ictimai-siyasi sabitlik yaradıldı. Xarici dövlətlər, beynəlxalq təşkilatlarla münasibətlər qaydaya salındı.

Xarici ölkələrin dövlət başçıları Ümummilli Lider Heydər Əliyev haqqında hər zaman yüksək fikirlər səsləndirmişdir.

Amerika Birləşmiş Ştatlarının eks-prezidenti Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır”.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin: “Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin uzun illər ərzində səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir”

Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”;

Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Məhz bunun nəticəsində Azərbaycan iqtisadiyyatının ən müxtəlif sferalarına xarici sərmayə axını başladı. Ölkəmizdə, ümumən dünyadakı iqtisadi-siyasi proseslərə yeni istiqamət verən yeni neft strategiyasının əsası qoyuldu. Azərbaycan mühüm qlobal layihələrin ən fəal iştirakçısına və regionda əsas söz sahibnə çevrildi. Əldə edilmiş bütün bu nailiyyətlər ümumi halda Azərbaycanın dövlət müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün əlverişli zəmin yaratdı. Ulu öndərimizin rəhbərliyi ilə dövlətimizin hüquqi və siyasi suverenliyinin təminatı prosesi sürətləndi. Demokratik islahatlar geniş vüsət aldı. Azərbaycan dövləti Avropa ailəsinin tam hüquqlu bir üzvünə çevrildi.

Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq, cildlərlə kitablar yazmaq olar. Sözsüz ki, müxtəlif görkəmli şəxslər tərəfindən kitablar yazılır və bundan sonra da bu istiqamətdə işlər davam ediləcəkdir, çünki o, dünya şöhrətli bir Azərbaycanlı, dövlət xadimi və lider olaraq adını dünya tarixinə yazmışdır.

Gülşən Rustamova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər