İcbari tibbi sığorta: Vətəndaşlar niyə məmnun deyil? – ARAŞDIRMA

950

Azərbaycan regionlarında iki ildən çoxdur ki, pilot layihə kimi tətbiq edilən icbari tibbi sığorta sistemi bu il aprelin 1-dən bütün ölkə ərazisini əhatə edir. Cari il yanvarın 1-dən isə vətəndaşların əməhaqqından icbari tibbi sığorta haqları tutulur. Dövlət tibb müəssisələrində göstərilən təcili tibbi yardım xidmətlərinin hər kəs üçün əlçatan və ödənişsiz olduğu bildirilir. Sığorta olunanlar da ödənişsiz olması üçün sığorta haqlarını hər ay davamlı və məcburi şəkildə ödəməlidirlər. Əks təqdirdə qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulan hallarda məsuliyyət daşımalı olacaqlar. Gələn il üçün əməkhaqqından tutulan icbari tibbi sığorta haqqının məbləğinin faiz dərəcəsi bir az da artacaq. Hazırda qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 1%, 8 000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. 2022-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8 000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulması müəyyən olunub.

Bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqindəki məmnuniyyət göstəricisi heç də ürəkaçan deyil. Belə ki, sosial şəbəkədə icbari tibbi sığortadan istifadə etməyə çalışan vətəndaşların şikayətləri müşahidə olunur. Kimisi onlar üçün lazımi tibbi xidmətlərin siyahıda yer almaması, kimisi isə həkimlərin qəsdən xəstəni get-gələ salıb pul qazanması üçün icbari tibbi sığortadan yayındırdıqlarını iddia edirlər. Bəzi tibbi xidmətlərdən təcili şəkildə yararlanmaq istəyən şəxslər poliklinikalardan göndəriş almağa sərf edəcəkləri vaxtı itki saydıqlarından öz büdcələrindən xərcləməyə üstünlük verirlər. Çünki vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

Görəsən, bir ilə yaxındır bütün ölkə ərazisini əhatə edən icbari tibbi sığorta sistemi niyə tam işlək deyil və bu sahədə nə kimi boşluqlar var?

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev “Report”a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqində hələ də ciddi boşluqlar və problemlər var: “Buna bu sahədə kifayət qədər təcrübəsi olan ölkələrin səhiyyə sistemi də əyani sübütdur. Halbuki beynəlxalq təcrübənin prioritet olacağı bildirilirdi. Əslində, məsələnin elmi tərəfinə baxdıqda ölkədə icbari tibbi sığortanın təşkili mexanizmində yanlışlıq olduğunu görürük. Çünki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icbari tibbi sığorta sisteminə daxil olması doğru yanaşma deyil. Ümumiyyətlə, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir-birinin tabeliyində işləməli deyil”.

Nuran Abdullayev

Nuran Abdullayev

Onun sözlərinə görə, tibbi ocaqlarına nəzarət edən qurumun icbari tibbi sığorta sisteminə daxil olmamasının elmi və praktiki əsasları kifayət qədərdir: “Səhiyyə müəssisələrinin fəaliyyətinin təşkili və onlara nəzarət sistemi həkimə, eləcə də pasiyentə təklif olunan xidmətlərin inkişafı istiqamətində bir-biri ilə pozitiv formada rəqabətə girə biləcək səviyyədə qurulmalıdır. Bu fəaliyyət bir-birinin tabeliyində yox, qarşılıqlı əməkdaşlıq şəklində təşkil edilməlidir. Məsələn, pasiyent icbari tibbi sığorta sisteminə əsasən hər hansı növ əməliyyatın qarşılığında xəstəxanaya və ya həkimə müəyyən məbləğdə pul ödəyir. Ancaq həkimin və klinikanın tabe olduğu qurum elmi cəhətdən icbari tibbi sığortanın ayırdığı məbləğin 5 il əvvəlki elmi nəticələrə əsaslanan vəsait olduğunu ortaya çıxarır. Çünki elm həmin əməliyyatın icrasının dəyişdiyini, yeniliklərin əlavə edildiyini və klinikaya da, həkimə də bu əməliyyat üçün daha çox pul ayrılmalı olduğunu sübut edir. İcbari tibbi sığorta da bunu təhlil edərək əməliyyat üçün ayrılan məbləğin qiymətini dəyişir. Bu da artıq maraqların elmi səviyyədə qorunmasına əsaslanan inkişaf olur. Ona görə də həkimin sığortaçıya tabe olmamasını bir daha vurğulayıram”.

N.Abdullayev deyib ki, son on ildə xaricdə təhsil alan gənclərdən sonrakı nəsil icbari tibbi sığortanın nə demək olduğunu başa düşür: “Onlar inkişaf potensialının olduğunu bilirlər. Ona görə də hesab edirlər ki, bu günə kimi ortaya qoyulan bəzi məsələlərdə yerinə yetirilməyən çox şeylər olduğu üçün konkret icraata keçmək lazımdır. Lakin yaşlı nəslin heç birinin icbari tibbi sığorta sisteminə inamı yoxdur. Onlar icbari tibbi sığorta sisteminin verəcəyi üstünlükdən də xəbərdar deyillər. Bunu şəxsi təcrübəm də göstərir”.

“İcbari tibbi sığorta sisteminin tətbiqindəki əsas problemlərə gəlincə, burada yüksək ixtisaslı həkimlərin malik olduqları hüquqlara və möhtəşəm həkimlik bacarıqlarına verilən qiymət xüsusi diqqət çəkir. Onların praktikada çəkdikləri əziyyətin müqabilində alacaqları məvacib yetərli deyil. Həkimlər isə icbari tibbi sığorta sistemindəki boşluqlara görə pasiyentləri özəl xəstəxanada müalicə və ya əməliyyat etməyə ciddi səy göstərirlər. Onlar xəstələrin icbari tibbi sığorta sistemi ilə gəlməməsi üçün pasiyenti fərdi qəbul etməyə üstünlük verirlər. Bu, səhiyyə etikasına görə doğru addım olmasa da, həkimləri başa düşmək lazımdır. Əgər onlar əməkləri qarşılığında kifayət qədər məvacib almırlarsa, narazılıqları olacaq. Digər məsələlər icbari tibbi sığorta sistemi yox, xəstəxanalardakı problemlərdir. Bu da icbari tibbi sığortaya dolayısı ilə təsir göstərən problemlərdir. Bu gün TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fərqli şəkildə fəaliyyət göstərsə, o zaman icbari tibbi sığorta sistemindəki problemlər daha az olacaq. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan xidmətlərin hamısı heç də səhiyyə sistemində pasiyentə təklif ediləcək həyati vacib xidmətlərin hamısını qarşılamır. Bu da ilkin mərhələdə gözləniləndir, amma ciddi problemlərə yol açır. Ümumilikdə isə peşəkar həkimlər tərəfindən icra olunmalı xidmətlərin sayı kiyafət qədər deyil və bunun da müxtəlif səbəbləri var. Xidmətlər Zərfində yer alan xidmətlərin özü və onu icra edəcək peşəkarlıq kifayət olmadıqda vətəndaşların əvvəlki kimi səhiyyə sisteminə inamsızlığı yaranır. Düzdür, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi xəstəxanalar və tibb işçilərinə cavabdehlik daşıyan qurum olmalıdır. Ancaq bu orqan icbari tibbi sığortadan asılı olmayaraq fəaliyyət göstərməlidir. Növbəti vacib addım isə onların hər ikisinə nəzarət edən yeni sistem yaradılmalıdr. Bu sistem də yeni yaradılacaq Prezident Administrasiyasının səhiyyə məsələləri şöbəsi – Azərbaycan Respublikası Prezidentinin səhiyyə məsələləri üzrə köməkçisi üzərindən ola bilər. Həmin şöbə və şəxs də birbaşa bu işlərə nəzarət mexanizmlərini hazırlamalı və səhiyyəyə itmiş inamı bərpa etməlidir”, – həkim vurğulayıb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli “Report”a açıqlamasında bildirib ki, əhalinin bu sahədə maarifləndirilməyə böyük ehtiyacı var: “Vətəndaşlar icbari tibbi sığorta sistemi ilə bağlı öz hüquqlarını bilmir, eləcə də tibb işçilərimizdə də boşluqlar var. Bəzi bölgələrdə səhiyyə infrasturukturunun icbari tibbi sığortaya uyğunlaşdırılmasında ləngimələr müşahidə edilir. İnanıram ki, mövcud problemlərin tədricən aradan qaldırılması qarşıdakı illərdə mümkün olacaq. Başqa problem isə xəstəxanaların və poliklinikaların optimallaşdırılması ilə əlaqəlidir. Təcili yardım xidmətinin standartlara uyğun şəkildə fəaliyyət göstərməməsi də çatışmazlıqlardan biridir. Çünki bəzən təcili yardım xidmətindən ambulator yardım üçün istifadə edilir. Bu da digər çağırışlarda gecikmələrə səbəb olur. İcbari tibbi sığortanın tətbiqində problemlərin meydana çıxmasında digər faktor koronavirus infeksiyasının meydana çıxması və səhiyyə sisteminin yükə düşməsi ilə bağlıdır.

 Müşfiq Məmmədli

Müşfiq Məmmədli

Deputat qeyd edib ki, Xidmətlər Zərfi bütün xidmətləri əhatə etməsi baxımından tam təkmil deyil: “Gələcəkdə dövlət proqramları istiqamətində səhiyyə sahəsinin maliyyələşdirilməsi xidmətlərin artmasına təkan verə bilər. Həyati vacib istiqamətlər üzrə xidmətlərin zərfə daxil edilməsinə ehtiyac var. Özəl xəstəxanalara axının səbəbləri sırasında bəzi xidmətlərin sırf özəl tibb müəssisələrində göstərilməsi, eləcə də insanların təcili yardımı operativ şəkildə alması ehtiyacı dayanır. Tibbi personalın hazırlıq səviyyəsi tam qanedici deyil. Bunun üçün davamlı tibbi təhsil, bacarıqlarının təkmilləşdirilməsi, gənc kadrların bölgələrə axınını təmin etmək lazımdır. Çevik işləyən tibbi personal elə də yetərli deyil. Ümid edirəm ki, zamanla bütün problemlər öz həllini tapmış olacaq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların icbari tibbi sığorta ilə bağlı maarifləndirlməsi istiqamətində bu ilin on ayı ərzində müxtəlif vasitələrlə maarifləndirmə işləri aparılıb: “Sosial şəbəkə və müxtəlif kanallar vasitəsilə daxil olan 22 636 vətəndaş müraciəti cavablandırılıb. Bu günə qədər keçirilən maarifləndirmə tədbirlərində vətəndaşlar icbari tibbi sığorta sisteminin məqsədi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi, tibb müəssisələrinə müraciətetmə qaydaları və digər mövzularda məlumatlandırılıblar. Bu ilin yanvar-oktyabr ayları ərzində bütün ölkə üzrə 3 495 907 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 18 100 421 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 14 157 075-i (78%) 18 yaşdan yuxarı, 3 943 346-sı (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib”.

Agentlikdən qeyd olunub ki, bu ay 23 şəhər və rayonda səhiyyə işçilərinin və vətəndaşların icbari tibbi sığorta sistemi ilə bağlı məmnunluğunun öyrənilməsi məqsədilə sorğu keçirilməsi nəzərdə tutulub: “Buna səbəb icbari tibbi sığortanın həmin bölgələrdə 2020-ci ildən, yəni artıq iki ilə yaxın tətbiq edilməsidir. Növbəti illərdə isə məmnunluq sorğusunun 36 şəhər və rayonda, eləcə də Bakı, Sumqayıt və Abşeronda da keçirilməsi nəzərdə tutulub”.

“İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2 550 sayda tibbi xidmət göstərilir. Bura təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ilkin tibbi-sanitariya yardımı, ambulator tibbi xidmət, fizioterapiya xidməti, laboratoriya xidməti, invaziv radioloji xidmətlər (angioqrafiya), cərrahi tibbi xidmətlər daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən, 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji əməliyyatlar, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib. Eyni zamanda ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar həm regionlarda, həm də Bakı, Abşeron və Sumqayıt inzibati ərazi vahidlərində tibb müəssisələrinin publik hüquqi şəxsə keçirilməsi, regionlarda olan müalicə diaqnostika mərkəzlərinin rayon və şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi həyata keçirilir.

Tibbi personal ilə bağlı məsələyə gəldikdə, ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə Agentlik tərəfindən dövlət tibb müəssisələrinin tibb və qeyri-tibb işçiləri üçün “Qeyri-infeksion xəstəliklərin idarəolunması”, “Keyfiyyət standartları”, “Baş tibb bacısının/qardaşının işinin tənzimlənməsi”, “İnfeksiyaya nəzarət və profilaktikanın təşkili” və s. mövzularda təlimlər, “İcbari tibbi sığorta və sosial əhəmiyyətli xəstəliklər” mövzusunda elmi-praktik konfrans, “Kəskin zəhərlənmələrin diaqnostika və müalicəsinə dair müasir yanaşmalar” mövzusunda tədris kursu keçirilib. Həmçinin tibbi ekspertizanın aparılması və göndərişlərin verilməsi qaydası barədə dövlət tibb müəssisələrində çalışan səhiyyə işçiləri üçün təlimlər keçirilib”, – Agentlikdən vurğulanıb.

Həmçinin qeyd olunub ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 14 186 nəfər müvafiq göndərişə əsasən icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib: “Həmin şəxslərin 368 nəfəri uşaqlardır. 18 yaşdan yuxarı 5 322 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 4304, oftalmologiya üzrə 2341, urologiya üzrə 964, nevrologiya/neyrocərrahiyyə üzrə 577, travmatologiya üzrə 338, LOR üzrə 155, digər sahələr üzrə 105, ümumi cərrahiyə üzrə 60, ginekologiya və doğuş üzrə 20 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 166 nəfər 18 yaşdan aşağı şəxslərdir. Qeyd edilən müddət ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 19 467 göndəriş verilib. Göndərişlərin 18 300-ü (94%) planlı, 1 167-si (6%) isə təcili əsasla qeydə alınıb. Vətəndaşlara verilən göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir”.

Eyni zamanda göndərişlərin vətəndaşlara pul qarşılığında verilməsi məsələsinə də toxunulub. Bildirilib ki, vətəndaşa TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi ödənişsiz şəkildə təqdim edilir: “Göndəriş vərəqəsi ilə bağlı ödəniş tələb olunması faktı aşkarlanıbsa bu barədə həmin tibb müəssisəsində çalışan tibb işçisi barədə ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilən cavabdan və yaxud görülən tədbirdən razı qalmazsa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310-17-70 nömrəsinə zəng edə, info@tabib.gov.az elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, agentliyə də müraciət edilə bilər. Bunun üçün vətəndaşlar agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya https://its.gov.az/page/elektron-muraciet linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər.

“Vətəndaşların müraciətləri haqqında” qanunla müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud iş yeri qeyd edilməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır. Lazımi məlumatlar təqdim edilmədiyi halda həmin qanuna əsasən müraciət anonim sayılır və baxılmamış saxlanılır. Qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər