“İkili standartlara və siyasi riyakarlığa son qoyulmalıdır”- Prezidentdən önəmli açıqlamalar

866

Vətən müharibəsinin başlamasından bir il ötür. Dəmir yumruq kimi birləşdiyimiz bir ili geridə qoyduq. Bir il ərzində ölkəmiz çox böyük uğurlara imza atdı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüzü bərpa olundu. 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan öz qələbəsi ilə regionda yeni reallıqlar yaratdı. İndi Azərbaycan regionun qalib dövlətidir. Qalib dövlət olaraq Azərbaycan gələcəyə baxır, gələcək hədəflərə doğru uğurla irəliləyir. İşğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə həyata keçirir.

Prezident İlham Əliyev Vətən müharibəsinin ildönümü ilə bağlı “Anadolu” agentliyinə müsahibəsində müharibəni şərtləndirən amillərə diqqət çəkdi, bölgədə baş verən hadisələr, gələcək hədəflər haqqında dolğun məlumat verdi. Ölkə başçısının “Anadolu” agentliyinə verdiyi müsahibə digər müsahibələr kimi olduqca əhatəli və ünvanlı mesajlarla zəngin idi.

Ölkə başçısı qeyd etdi ki, son müddət ərzində Ermənistanın Azərbaycana qarşı təxribatları müntəzəm xarakter almışdı. Azərbaycana qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Çünki iyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər.

Prezident İlham Əliyev Ermənistanın məğlubiyyətini Rəsmi İrəvanın səriştəsizliyi və məkrli niyyətləri ilə əlaqələndirdi və bildirdi ki, bir il əvvələ qayıdarkən, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanı yaranır. Görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar.

Ölkə başçısı demək olar ki, bütün müsahibələrində beynəlxalq müstəvidə həyata keçirilən ikili standartlar və riyakarlıq  siyasətinə diqqət çəkir, münaqişənin hüquq müstəvisində həll olunmamasının səbəblərinə toxunur. “Anadolu” agentliyinə müsahibəsində də Prezident İlham Əliyev Beynəlxalq vasitəçilərin – Minsk qrupunun fəaliyyətini geniş şərh etdi.

Dövlət başçısı bildirdi ki, beynəlxalq vasitəçilər müharibənin qarşısını ala bilərdi. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır.

Ölkə başçısı Minsk qrupunun həmsədrlərinə və digər böyük dövlətlərə dəfələrlə etdiyi müraciətlərdən, təkliflərdən də danışdı. Vurğuladı ki, dəfələrlə müraciət etdim ki, Ermənistana sanksiyalar tətbiq edilməlidir. Bu da savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Yəni, biz bütün imkanlardan istifadə etdik ki, bunu sülh yolu ilə çözək, müharibə olmasın, qan tökülməsin. Ancaq bununla bərabər, mən deyirdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Nəyin bahasına olursa-olsun öz torpağımızı azad edəcəyik və sadəcə olaraq, şans verirdik.

Beynəlxalq vasitəçilərin müşahidəçi yanaşmaları müharibənin başlanmasını şərtləndirdi. Sözsüz ki, burada əsas məsuliyyət məhz Ermənistanın üzərinə düşür.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən illərə nəzər saldıqda bütün bu hadisələri, prosesləri daha dəqiq təhlil etmək imkanı yaranır. 2018 -ci ildə hakimiyyətə gələn Ermənistanın yeni rəhbərliyi danışıqlar prosesinə ciddi zərbə vurdu. Onların yersiz və məsuliyyətsiz açıqlamaları, davranışları müzakirə prosesini lüzumsuz etdi. Baş verənlərin fonunda Minsk qrupu daha məsuliyyətli davranmalı, daha ciddi fəaliyyət göstərməli idi. Buna baxmayaraq biz Minsk qrupu tərəfndən praktiki addımların atılmasının şahidi olmadıq. Bütün bunları təhlil edən Prezident İlham Əliyev qrumun fəaliyyətini dəqiq ifadə etdi, düzgün qiymət verdi: “Zaman göstərdi ki, Minsk qrupu, sadəcə olaraq, bu məsələni həll etmək fikrində deyildi”.

Bəli, əgər Minsk qrupu münaqişənin həll olunmasını istəsəydi, o zaman Ermənistana ciddi təzyiq göstərər, praktik addımlar atardılar.

Prezident İlham Əliyev Minsk qrupunun posmüharibə dövründəki fəaliyyətinə də toxundu. Ölkə başçısı şox sərt şəkildə bildirdi ki, işğalı 30 il ərzində görməyən, indi isə olmayan işğalı görən qurum, ya kordur, ya da riyakardır. Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi. Sonuncu belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi. Azərbaycan dəfələrlə Minsk qrupuna, onun həmsədrlərinə müraciət etmişdi ki, yenə də missiya göndərilsin. Çünki orada qanunsuz məskunlaşma aparılırdı, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilib məskunlaşdırılırdı. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır.

Ölkə başçısı dünya ictimaiyyətinə bir daha üzünü tutaraq bəyan etdi ki, artıq Dağlıq Qarabağ münaqişəsi başa çatıb və  “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Bu səbəbdən də bundan sonra “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi düzgün deyil. Azərbaycan ərazisində belə bir qurum və ya inzibati ərazi yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var.

Prezident İlham Əliyev Minsk qrupunun bundan sonrakı missiyasına da aydınlıq gətirdi. Onların fəaliyyət göstərə biləcəyi sahələrlə bağlı təkliflər səsləndirdi. Ölkə başçısı bildirdi ki, Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır: “Yəni, məsələ – Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır”.

Tayfun Hacılı,
Sumqayıt Dövlət Universiteti Tələbə gənclər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər