– İmamverdi müəllim, Azərbaycan aprelin 11-də keçiriləcək prezident seçkilərinə sabitlik və tərəqqi şəraitində gedir. Mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
– Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir, bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Bu gün istər daxili, istərsə də xarici arenada qazanılmış nailiyyətlər Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticələridir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü kimi xarakterizə olunur. Məhz ölkəmizin gerçəkləşdirdiyi layihələr, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər bu körpünü möhkəmləndirməklə yanaşı, əhəmiyyətini artırır. Bu gün Azərbaycana baxış olduqca müsbət və nikbindir. Çünki dünya ölkələri Azərbaycanın timsalında etibarlı tərəfdaş, multikultural dəyərlər və ənənələrə sadiq, tolerantlıq nümunəsi olan bir ölkə görürlər, Azərbaycanın regionda barışdırıcı, sabitləşdirici rolunu, beynəlxalq müstəvidə isə yerini olduqca yüksək qiymətləndirirlər.
Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərin, yeni zirvələr fəth etməsinin əsasında duran amillərin mahiyyətini daha yaxşı anlamaq üçün mövcud reallıqların fonunda tarixi paralellərin aparılması mühüm əhəmiyyətə malikdir. Bugünkü Azərbaycanı 20 il bundan öncəki Azərbaycanla müqayisə etmək olmaz. Bircə məqamı qeyd etmək kifayətdir ki, əgər 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxan xalq xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan, torpaqlarımızın işğalından xilas olub, yeni Azərbaycanın qurulmasını istəyirdisə, bu gün artıq inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçib. Bu gün hər bir yeniləşməni, təkmilləşməni zərurətə çevirən amil zamanın, dövrün tələbi olmaqla yanaşı, Azərbaycanın bu tələblərə yüksək səviyyədə cavab verərək islahatları təkmilləşdirməsi, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə xüsusi önəm verməsidir. İqtisadi tərəqqi fonunda digər sahələrin paralel inkişafının davamlılığının təmin olunması üçün konkret Dövlət Proqramları qəbul və icra edilir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və onların uğurlu icrası bugünkü uğurlarımızı şərtləndirir. Nəticə etibarilə, Azərbaycan günbəgün qüdrətlənərək, yeniləşərək və müasirləşərək islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir. Son 14 ilin uğurları inkişaf siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər Azərbaycanın sabahının parlaq olacağına, vətəndaşların hər zaman yüksək rifah və xoşbəxtlik şəraitində yaşayacağına, ölkəmizin yeni zirvələr fəth edəcəyinə əminlik yaradır.
– Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq müstəvidə yüksək nüfuza malik olan etibarlı tərəfdaş kimi tanınır…
– Sözlə əməlin vəhdətinə əsaslanan, Azərbaycanın öz gücünə söykənən müstəqil siyasət ölkəmizi irəli aparır. Xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi qorunur, siyasi, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.
Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə, milli maraqlara əsaslanır. Prezident İlham Əliyev ölkəmizin mövqeyini ən mötəbər beynəlxalq tribunalardan inamla, qətiyyətlə və cəsarətlə ifadə edir, güclü, qüdrətli Azərbaycanın mövqeyini, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Buna görə Azərbaycan yüksək beynəlxalq nüfuza, dünya ölkələri sırasında xüsusi hörmətə sahibdir. Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin yüksək nüfuzunu ifadəsi, həyata keçirdiyi praqmatik siyasətin sənərəliliyinin göstəricisidir. Bu, hər şeydən əvvəl, xarizmatik lider olan möhtərəm Prezidentimiz İlham Əliyevin əməyinin nəticəsidir.
– Azərbaycanın prinsipial mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də müşahidə edilir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qətiyyətli mövqeyini cəsarətlə nümayiş etdirir. Bu barədə nə deyə bilərsiniz?
– Prezident İlham Əliyev Azərbaycanın inkişafı, sabitlik adası kimi beynəlxalq aləmdə mövqeyinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirməklə yanaşı, ölkəmiz üçün bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə prinsipial siyasət həyata keçirir. Ölkəmizin başçısı dəfələrlə bu barədə Azərbaycanın qətiyyətli, prinsipial mövqeyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyini məğrurluqla ifadə edib. Dünya dövlətlərinin, təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyinin dəstəkləməsi, münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinin bəyan edilməsi Azərbaycan diplomatiyasının uğurudur.
Əlbəttə, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi fonunda həyata keçirilən prinsipial siyasət, hücum diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz nəticələrini göstərir. Beynəlxalq təşkilatlar Azərbaycanın prinsipial mövqeyi fonunda Ermənistanın qeyri-konstruktiv mövqeyinin, status-kvonun qorunması cəhdlərinin davam etməyəcəyi qənaətini ifadə edirlər. Bu qənaət 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun təxribatçı Ermənistan ordusu üzərində şanlı qələbəsindən sonra daha da möhkəmləndi. Aprel döyüşlərinin nəticəsi ölkəmizin öz ərazi bütövlüyünü təmin etmək, işğal edilmiş torpaqları azad etmək əzmi və gücündə olduğunu göstərdi. Aprel döyüşlərinin nəticəsində işğaldan azad edilmiş kəndlərimizdə həyatın canlanması, yaşayışın bərpa olunması istiqamətində müvafiq tədbirlər görülüb, soydaşlarımızın Cocuq Mərcanlıda məskunlaşması fonunda Böyük Qayıdışın əsası qoyulub. Bu, məcburi köçkünlərin öz doğma torpaqlarına böyük qayıdışının mühüm bir göstəricisidir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar. Ümumiyyətlə, İşğaldan azad edilmiş torpaqlarımızda həyatın bərpası ciddi mənəvi-psixoloji üstünlük əldə etməyə imkan verir. Azərbaycan dövləti işğal edilmiş əraziləri azad etmək əzmində olduğunu göstərir, xalqımız, o cümlədən erməni işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər həyata keçirilən tədbirləri – bu qətiyyətli mövqeyi böyük ruh yüksəkliyi ilə qarşılayır. Azərbaycan xalqı əmindir ki, işğal edilmiş ərazilərimiz Prezident İlham Əliyevdir uğurlu siyasi, diplomatik fəaliyyəti sayəsində düşmən tapdağından azad ediləcək, Prezidentimizin quruculuq siyasəti nətəcəsində bu yurdlarda əmin-amanlıq bərpa olunacaq, abadlıq işləri aparılacaq. Öz Prezidenti ətrafında sıx birləşən Azərbaycan xalqı bundan sonra işğal altında olan torpaqlarımızın Ali Baş Komandanımızın ali siyasi iradəsi və yüksək şücaəti əsasında Ordumuz tərəfindən azad ediləcəyinə böyük inam bəsləyir. Bu inam əbəs yerə deyil, çünki Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu dəfələrlə nümayiş etdirib.
– Mühüm məqamlardan biri ölkə başçısı tərəfindən qaçqınlar və məcburi köçkünlərə yüksək diqqət və qayğının göstərilməsidir. Bununla bağlı fikirlərinizi bilmək istərdik…
– Azərbaycan işğal altında olan torpaqlarını azad etmək qüdrətində olmaqla yanaşı, işğal nəticəsində didərgin düşmüş insanların öz yurd-yuvalarına qayıtması istiqamətində qətiyyətli addımlar atır. Bu, həm də dövlətin qaçqınlar və məcburi köçkünlərə olan münasibətini, yüksək diqqət və qayğısını ifadə edir.
Ümumiyyətlə, son 14 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb, müxtəlif qanunlar təsdiqlənib və yeni təşəbbüslər irəli sürülüb. Qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində illər boyu qurub-yaratdıqları ev-eşiklərindən məhrum qalan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Dövlətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhali doğma yurda qayıtmaq arzusu ilə yaşayır, buna inanır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da məcburi köçkünlərə xüsusi qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva bu ali vəzifədə ilk müşavirəsini ötən il martın 9-da məhz Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb
Bütövlükdə, dövlətimizin başçısının hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqət mərkəzində saxlaması Azərbaycan cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir.
– Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəliləyir. Azərbaycanın perspektiv inkişafı ilə bağlı düşüncələriniz nədən ibarətdir?
– Son zamanlar bir sıra regionlarda baş verən hadisələr xoşagəlməz hadisələr onu göstərir ki, xarici qüvvələrin gizli əli ilə qarışan ölkələrin bu cür hallardan uzaq durub Azərbaycan kimi öz sabit, davamlı inkişaf yoluna davam etməsi üçün öz vətənini sevən, onun dəyərlərinə hörmətlə yanaşan qətiyyətli lider və onun həyata keçirdiyi inkişaf kursuna ümumxalq dəstəyi zərurətdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz belə bir tarixi missiyanı yerinə yetirir. Cəmiyyətimizin sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə etdiyi yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini ildən-ilə artırır. Vətəndaşların güzəranı gündən-günə yaxşılaşır. Əhalinin sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədlər reallığa çevrilir. Bu strateji kurs daxili ictimai-siyasi sabitliyin və ardıcıl tərəqqinin təməli rolunda çıxış edir. Eyni zamanda, Azərbaycandakı ictimai-siyasi sabitlik mühiti, vətəndaşların dövlətə, dövlət rəhbərliyinin həyata keçirdiyi islahatlar kursuna dəstəyi Azərbaycanın milli dövlətçilik tarixində yeni inkişaf səhifələri açır. Uğurlar biri-birini əvzəzlədikcə sabaha inam daha da artır, yeni-yeni hədəflər gündəmə gəlir, onların gerçəkləşdirilməsi üçün səylər göstərilir. Hər bir uğurlu addım üçün stimul olmalıdır. Bu stimul, təbii ki, dövlətimizin uğurlu siyasəti, xalq tərəfindən dəstəklənməsi, bir sözlə, xalq-iqtidar birliyinin sarsılmazlığıdır. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə keçirilən sorğuların nəticələrində Azərbaycanla bağlı xoş, reallığı özündə əks etdirən fikirlərin yer alması, dövlətimizin siyasətinin alternativsizliyinin bəyan edilməsi də bugünkü uğurlarımıza, təkmil islahatlara, gələcəyə hesablanmış inkişaf strategiyamıza əsaslanır.
Nəticə etibarilə, müstəqil Azərbaycan dövləti, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu gün tarixinin ən qüdrətli mərhələsinə qədəm qoyub. Azərbaycan milli dövlətçilik tarixinin heç bir mərhələsində indiki qədər qüdrətli olmayıb. Bu inkişafı, sabitliyi, tərəqqini təmin edən amil ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Bütün bunlara görə Azərbaycan xalqının alternativsiz seçimi məhz cənab İlham Əliyevdir.