“İnşaatçılar günü” qurub yaradan insanların bayramıdır

746

İnşaatçılar günü hər il bayram kimi uzaq keşmişdən bu günümüzə qədər qeyd edilir. Yadımdadır, mən ötən əsrin 80-ci illərində 3 №-li Sumqayıt Evtikmə kombinatında işləyəndə bu bayram şəhər miqyasında geniş qeyd olunurdu. Tikinti-inşaat kollektivləri təbrik edilir, qabaqcıllar mükafatlandırılır, onların şərəfinə konsertlər təşkil olunurdu. Bu bayram qurub-yaradan, gələcək nəsillərə gözəl, yaraşıqlı sosial-mədəni obyektlər, sənaye obyektləri kimi böyük miras qoyanların bayramıdır. Və mən həmişə fəxr etmişəm ki, nə yaxşı həyatda belə bir peşənin sahibi olmuşam, insanların mənzil-məişət, sosial məsələlərinin həllində az-çox iştirakım var və inşaatçı kadrlar ordusunun yetişdirilməsinə də öz töhfəmi verə bilirəm.
İnşaatçılar dünənin və bu günün mühüm yaradıcıları, şəhər və qəsəbələrin, sənaye müəssisələrinin qurucularıdır. Onlar yeni və müasir, unikal bina və qurğular inşa etməklə yanaşı həm də keçmişimizdən bizə yadigar qalmış tarixi-memarlıq incilərinin qoruyub-saxlanmasında da yaxından iştirak edirlər. Ona görə də inşaatçı kadrlara “qızıl əllərə” malik peşə sahibi deyirlər. İnşaatşılardan söz düşəndə istər-istəməz “tikmədim özüm qalam, tikdim ki, izim qala” misalı əbəs yerə yada düşmür .
Tikinti sənayesi respublikamızın sosial-iqtisadi tərəqqisində mühüm əhəmiyyət kəsb edir, yüksək inkişaf tempinə və böyük perspektivə malikdir. Bu mühüm sahə milli iqtisadiyyatın mühüm tərkib hissəsi olmaqla ümumi daxili məhsulun həcmində son 10 ildə orta hesabla 9,2% təşkil etmişdir. Tikinti istehsalatının inkişaf dinamıkası onu göstərir ki, son 10 ildə əsaslı tikintiyə həm dövlət, həm də özəl sektor tərəfindən xeyli investisiya qoyulmuşdur. Belə ki, təkcə 2020-ci ildə tikinti istehsalatında əsaslı kapitala 3 milyard 721,43 milyon manat vəsait yönəldilib. Onun 49%-i dövlət, 51%-i isə qeyri-dövlət sektorunun payına düşür. 2020-ci ildə ümumi sahəsi 5 milyon 224 min kv.m olan yaşayış evləri tikilmişdir ki, bu da 2010-cu illə müqayisədə 2 dəfə çoxdur. Hazırda ölkəmizin tikinti sektorunda 100 mindən cox işçı calışır ki, onların orta əmək haqqı 800 manatdan çoxdur.
Respublikamızda son illərdə şəhərlərimizə gözəllik verən bir sıra unikal sosial-mədəni obyektlər və qurğular inşa edilmişdir. 2021-ci ildə 44 günlük müharibə zamanı işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyaslı tikinti-quruculuq işlərinə başlanılmışdır. Bu, tikinti sektorunda yeni bir mərhələnin başlanğıcını qoymuşdur.
Respublika Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə inşa ediləcək tikililərin dünya memarlıq-tikinti mədəniyyətinin tələblərinə yuğun olaraq yerinə yetiriləcəyi haqqında həm xalqımıza, həm də dünya ictimaiyyətinə öz mühüm mesajlarını vermişdir. Təkcə 2021-ci ildə işğaldan azad edilmiş ərazilərimizdə 1 milyard 954 milyon 551 min manat vəsait həcmində tikinti-quraşdırma işləri görülmüşdür. 2022-ci ildə dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq yenidənqurma və bərpa işləri üçün 2 milyard 200 milyon manat vəsait ayrılmışdır. Qeyd olunan rəqəmlər onu göstərir ki, hələ uzun illər inşaatçılar qarşısında mühüm vəzifələr durur.
Bu, həmçinin inşaatçı kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin də qarşısında yeni tələblər qoyur. Müasir layihələndirmə standartlarına cavab verən layihəçilərin və tikinti-quraşdırma işlərini yerinə yetirə bilən inşaatçı mühəndislərin hazırlanması məsələsini günün tələbinə çevirir. Ölkə prezidentinin qarşıya qoyduğu əsas məsələlərdən biri də ölkəmizin ərazisində aparılan tikinti-quruculuq, bərpa-abadlıq işlərinin dünya şəhərsalma-tikinti mədəniyyətinə yuğun, möhtəşəm və bənzərsiz olması tələbidir. Bu səbəbdən ali təhsil müəssisələrində peşəkar inşaatçı kadrların hazırlanması həm kəmiyyətcə, həm də keyfiyyətcə yeni məzmun kəsb edir. İnşaatçı mütəxəssislərə olan tələbat bu sahə üzrə kadr hazırlığı ilə məşğul olan Azərbaycan Memarlıq və İnşaat Universitetini, o cümlədən rəhbərlik etdiyim İnşaat fakültəsinin fəaliyyətini aparıcı təhsil sahələri kimi ön plana çıxarır. Bu məsuliyyətli vəzifənin öhdəsindən gəlmək üçün inşaatçı kadr hazırlığını həyata keçirən professor-müəllim heyətinin qarşısında yeni vəzifələr qoyur.
Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyətə malik tikinti sektorunun inkişaf etdirilməsində inşiaatçıların əməyi əvəzolunmazdır. Yüz minlərlə inşaatçı mütəxəssisin fədakarlıqla çalışdığı bu sektorda hamı peşə bayramını iş başında qarşılayır. Məhz bu səbəbdən inşaatçıların əməyi ən yüksək qiymətə layiqdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixində imzaladığı Sərəncama əsasən hər il aprel ayının 10-nun İnşaatçılar günü – peşə bayramı kimi qeyd olunması ölkə başçısının bütövlükdə tikinti kompleksi işçilərinin – inşaatçıların, memarların və mühəndislərin əməyinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Ümidvaram ki, bu peşə sahiblərinin birlik simvoluna çevrilmiş İnşaatçılar günü hər il olduğu kimi bu il də möhtəşəm yeni şəhərsalma-tikinti layihələri, mühüm sosial-mədəni obyektlərlə xalqın yaddaşında unudulmaz izlər qoyacaq, təkrarsız tikinti-memarlıq abidələri ilə yadda qalacaqdır.
Qarşıdan gələn əlamətdar İnşaatçı günü – şərəfli peşə bayramı münasibətilə bütün həmkarlarımı ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, layihələndirmə, tikinti-quruculuq, bərpa-abadlıq işlərində və bu sahənin inkişaf etdirilməsi üzrə geniş fəaliyyətlərində tükənməz enerji və yeni-yeni nailiyyətlər arzulayıram!

Sahib Fərzəliyev,
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin
İnşaat fakültəsinin dekanı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər