İqtisadi gücün yaratdığı yeni reallıqlar: Azərbaycan daha böyük uğurlar əldə edəcək

586

Azərbaycan son 18 il ərzində Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bütün istiqamətlər üzrə inkişaf edərək güclü dövlətə çevrilib. Azərbaycanın bir başa təşəbbüsü və iştirakı ilə həyata keçirilən neft, qaz və nəqliyyat layihələri ölkəmizin iqtisadi qüdrətini daha da artırıb. Təbii ki, artan iqtisadi imkanlar artıq ordu quruculuğuna daha böyük vəsaitlərin ayrılmasına, hərbi arsenalımızın ən müasir texnikalarla təchiz edilməsinə böyük imkanlar yaratmış oldu. Ötən dövr ərzində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan birinə çevrildi. Beləliklə, iqtisadiyyatı güclü olan dövlət bir neçə il ərzində işğal olunmuş ərazilərini cəmi 44 gün müddətində azad etməyə nail oldu.

İstər iqtisadi sahədə qazanılan uğurlar, istərsə də Vətən müharibəsindəki tarixi Qələbəmiz Azərbaycanın regionda aparıcı söz sahibi olmasına, beynəlxalq arenadakı rolunun daha da artmasına təkan verib. Bütün sahələrin inkişafına yönəlmiş düşünülmüş siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib.

Vətən müharibəsindəki şanlı qələbədən ötən bir ildə görünən odur ki, müharibə dövründə olduğu kimi postmüharibə dövründə də Azərbaycan öz yolunda qətiyyət irəliləyir. 2022-ci ilin dövlət büdcəsi istər gəlir və xərclərin həcmi baxımından, istərsə də sosialyönümlülük baxımından Azərbaycanın ən böyük büdcəsidir. Hökumət iqtisadi dayanıqlılığın təmin edilməsini, makroiqtisadi sabitliyin qorunub saxlanmasını, sosial müdafiə və pandemiyaya qarşı mübarizə tədbirlərinin davam etdirilməsini, işğaldan azad edilmiş ərazilərin bərpasını növbəti il ​​üçün prioritet vəzifələr kimi müəyyən edib.

Geridə qoyduğumuz 2021-ci ilin sosial-iqtisadi göstəriciləri də müsbətdir. Postmüharibə və pandemiya reallıqları fonunda Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə davam edir. Ötən il ərzində Azərbaycanda iqtisadi artım 5 faizdən çox olub. Bu, xüsusilə müharibədən çıxmış ölkə üçün çox yaxşı göstəricidir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərə uğurla nail olunur. Bu özünü rəqəmlərdə də göstərir. Belə ki, ötən il qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünyada ən yüksək göstəricilərdən hesab etmək olar. Bu rəqəm real iqtisadi və sənaye artımını əks etdirir.

Bu amil Azərbaycana təkcə neft və qaz vasitəsilə deyil, digər məhsullar vasitəsilə də valyuta cəlb etməyə imkan verir. Qeyri-neft ixracının artırılması həqiqətən də böyük nailiyyətdir. Ötən il böyük xərclərə baxmayaraq ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artıb.

İnvestisiya proqramı Qarabağ, Şərqi Zəngəzur bölgələrində və ölkənin digər yerlərində tam icra olunub. Bu amil Azərbaycana iqtisadi müstəqillik verir ki, bu da siyasi müstəqillik üçün olduqca vacib amildir. Dünyanın əksər ölkələrində idxalın ixracı üstələməsinə baxmayaraq Azərbaycan nadir ölkələrdəndir ki, xarici ticarət balansının saldosu müsbətdir. İlin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib.  Belə ki, ötən il müsbət saldo 10 milyard dollardan çox olub.

Ölkəmizdə son illər həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində manatın sabit saxlanılması təmin olunub. Bu amil sözsüz ki, manata olan inamın artması ilə yanaşı əhalinin sosial rifahının təmin olunması baxımından da öbəmlidir. Bunun nəticəsində manat depozitlərinin həcmi getdikcə artır və ümumi depozitlərin balansında üstünlük təşkil edir. Bu, investorlar üçün böyük üstünlükdür. Çünki investorlar da milli valyutanın sabit olduğunu görürlər. Bu halda ölkəmizə böyük investisiyaların cəlb olunması mümkün olur. Bunun nəticəsidir ki, bu gün investorlar tərəfindən Azərbaycanda mühüm layihələr icra olunur. Bugünlərdə Azərbaycanda xarici investorların vəsaiti hesabına 240 meqavat gücündə böyük külək elektrik stansiyasının təməli qoyuldu. Vəsaitlərin 100 faizini investorlar özləri təmin edəcəklər. Bu amil ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür.

Ölkəmizdə həyata keçirilən iqtisadi və sosial siyasət bir-birini tamamlayır. Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində sosial sahə dayanır. Köklü iqtisadi islahatlar həyata keçiriləndə də insanların güzaranına mənfi təsir göstərilməməsi diqqətdə saxlanılır. Ötən dövr ərzində 1,5 milyard manatlıq sosial paket təmin edilib. Bütün yığılmış əlavə vəsaitlər yalnız sosial layihələrə yönəldilib ki, bu da sosial sahəyə nə qədər önəm verildiyini bir daha göstərir.

Minimum əmək haqqı və minimum pensiya 20 faiz artırıldı.  Artımların ümumilikdə dəyəri 1,5 milyard manatdır və 2 milyondan çox insanı əhatə edir. Əmək haqlarının, pensiya və təqaüdlərin artırılması, o cümlədən sosial obyektlərin yaradılması, şəhid ailələrinə və keçmiş məcburi köçkünlərə diqqətin artırılması kimi sosial paket iqtisadi islahatların uğurla həyata keçirilməsinə imkan yaradır.

Ölkəmizdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə də xüsusi diqqət yetirilir. Son 15 il ərzində Azərbaycanda meyvə istehsalı 2 dəfə artıb. Pambıq istehsalı dəfələrlə artıb. Son beş ildə pambıqçılıq sahəsi yenidən canlanıb, qeyri-neft ixracında pambığın payı ildən-ilə artır. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm addımlar atılıb. Bu gün Azərbaycan mal əti ilə özünü təqribən 90 faiz, qoyun əti ilə isə 100 faiz təmin edir. Görülən tədbirlər nəticəsində süd və süd məhsullarının istehsalı 80 faizə çatdırılıb. Toyuq əti istehsalı da 80 faizə çatıb. Ölkəmizdə bu gün ,3 – 3,4 milyon ton buğda istehlak edir ki, onun da 2 milyonu Azərbaycanda istehsal olunur.

İşğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində də mühüm addımlar atılır. Özəl şirkətlərə, fermerlərə təlimat verilib və artıq orada əkin işləri başlanıb. Ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir və bundan sonra da edəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanda 2021-ci ildə əldə olunmuş iqtisadi uğurlara toxunarkən bir daha bu məqamlara toxunaraq bildirdi ki, müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Ölkə başçısı bəyan etdi ki, bu il həm azad olunmuş torpaqlarda investisiya layihələri icra ediləcək, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Cari ilin büdcəsi tariximizdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq.

İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına yenidən inteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərindən istifadə Azərbaycanın inkişafına böyük təkan verəcək. Regionda təhlükəsizliyin, sabitliyin, qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, o cümlədən iqtisadi və ticarət əlaqələrinin inkişafı Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda rolunu daha da gücləndirəcək.

Sumqayıt Dövlət Universitetinin müəllimi, İqtisad üzrə fəlsəfə doktoru, dosent Loğman Abdullayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər