İqtisadi inkişafımız daha da sürətlənəcək

702

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası fəal xarici siyasət yürüdür. Ölkəmizin xarici siyasətində Avropa dövlətləri ilə münasibətlərimiz xüsusi yer tutur.Müasir Azərbaycan Respublikası mühüm beynəlxalq layihələrdə aparıcı rola malikdir. Təsadüfi deyil ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verir və dövlətimizin nüfuzu beynəlxalq aləmdə günü-gündən yüksəlməkdədir. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməyimiz artan nüfuzumuzun bariz göstəricisidir.

Ümummilli Liderimiz Heydər Əliyevin siyasi və iqtisadi kursunu layiqincə davam etdirən möhtərəm Cənab İlham Əliyevin ölkəmizə uğurlu rəhbərliyi sayəsində enerji strategiyamız daha da şaxələndirilmişdir. Əksər Avropa dövlətləri də ölkəmizlə əməkdaşlığa xüsusi maraq göstərirlər. Azərbaycan Respublikasının Avropada əməkdaşlıq münasibətləri qurduğu dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır.26 aprel 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü baş tutdu. Bu görüşün nəticəsi olaraq təşkil olunmuş mətbuat konfransında dövlət başçımız ölkəmizin yürütdüyü enerji siyasəti ilə bağlı maraqlı açıqlamalar verdi.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Bu əlavə üstünlükdür, çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Neft və qaz ehtiyatları bizim günahımız deyil. Bu, Tanrıdan verilən vəsilədir. Buna görə biz mühakimə olunmalı deyilik. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik. Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək.

Müasir Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyində mühüm  rola malikdir. Bu isə öz növbəsində ölkəmizin təkcə iqtisadi deyil, həm də siyasi çəkisini xeyli artırır. Ölkəmizin enerji resurslarının Avropa ölkələrinə nəqli təkcə iqtisadi, kommersiya məsələsi deyil, bu həm də siyasi məsələdir və Azərbaycanın Qərb dünyası ilə əlaqələrinə müsbət töhfələr verən amildir. Bu uzaqgörən siyasət dövlət başçımız Cənab İlham Əliyev tərəfindən qarşıdakı illərdə də davam etdiriləcək və iqtisadi inkişafımızı daha da sürətləndirəcək.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər