Nazirliklər Qarabağda iqtisadi-sosial sferaların bərpası üçün fəaliyyət planları tərtib edir; xarici inverstorlar da cəlb olunacaq
Azərbaycanın müzəffər Ordusu işğal altında olan torpaqlarımızın azadlığı uğrunda qəhrəman mübarizəsini davam etdirir. Artıq 4 rayon mərkəzi daxil olmaqla, 200-ə yaxın kəndimiz Ermənistan qoşunlarından təmizlənib.
Ordumuzun Ermənistan işğalından azad etdiyi rayonlarda Prezident İlham Əliyevin oktyabrın 29-da imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Fərmana əsasən müvəqqəti komendantlıqlara aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlərin görülməsi;
Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;
Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi;
İqtisadiyyat Nazirliyi ilə birlikdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi; Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi;
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi;
Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi vəzifələri həvalə edilib.
Bəs müvafiq dövlət qurumları, nazirliklər azad olunan ərazilərdə fəaliyyətlə bağlı hansısa layihələr hazırlayırmı?
Kənd təsərrüfatı naziri İnam Kərimovun bildirdiyinə görə, Ermənistanın hərbi aqressiyası aqrar sahəyə da mənfi təsir göstərib. Bu hücum nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikaları məhv edilib. Ümumilikdə, davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib: “Buna baxmayaraq, müzəffər Ordumuz torpaqlarımızı azad etməkdə davam edir. Gələcəkdə işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı hesablamalara və Fəaliyyət Planının hazırlanmasına başlanılıb”.
Noyabrın 2-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilati dəstəyi ilə Türk Ticarət və Sənaye Palatasının (TCCI) növbədənkənar görüşündə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, işğaldan azad olunan ərazilər üzrə Vahid Tədbirlər Planı hazırlanıb və bu sahədə Azərbaycan Türk Ticarət və Sənaye Palatasına üzv ölkələrlə əməkdaşlıq etməyə hazırdır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nazirliyin kollegiya iclasında verdiyi məlumata görə, işğaldan azad edilən ərazilərdə geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin möhtəşəm tarixi qələbələri davam etdikcə, işğaldan azad edilən doğma yurd yerlərimizin də sırası genişlənir. Ölkəmizin digər bölgələrində olduğu kimi, azadlığına qovuşan həmin ərazilərimizdə də geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq. Bu istiqamətdə müxtəlif istiqamətlərdə tədbirləri əhatə edən təkliflər üzrə artıq işlərə başlanıb”.
Nazir qeyd edib ki, ildən-ilə geniş vüsət alan sosial müdafiə və aktiv məşğulluq proqramlarında hər zaman həssas qruplardan biri kimi, məcburi köçkünlərə də üstünlük verilib: “Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da onların sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunması işləri aparılacaq. Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb. Onlar artıq öz təsərrüfat və müəsissələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər. Ümumən, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğuluq proqramı öz töhfəsini verəcək”.
Nazir həmçinin qeyd edilən zonalarda DOST mərkəzlərinin, peşə-tədris və reabilitasiya, sosial xidmət müəssisələrinin yaradılacağını, bununla bağlı da layihələndirmə işlərinin aparılmasının nazirlik üçün prioritetlərdən biri olduğunu qeyd edib.
Dünya SAKİT,
“Yeni Müsavat”