İşğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış başlayır

1455

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri mühüm hadisələrlə yadda qaldı.

Səfər çərçivəsində həyata keçirilən açılışlar, yeni layihələrin icrası ilə bağlı verilən tapşırıqlar bir daha göstərdi ki, Azərbaycan dövləti  qısa müddət ərzində işğaldan azad olunmuş əraziləri bərpa etmək istəyindədir və bu qüdrətə, gücə malikdir. Qısa müddət ərzində görülmüş işlər və bərpa ilə bağlı verilmiş tapşırıqlar Azərbaycan vətəndaşlarında azad edilmiş torpaqlarda məskunlaşma və böyük qayıdışın qısa müddətdə təmin olunacağı əminliyini yaratmış oldu.

Prezident İlham Əliyev bu səfər çərçivəsində torpaqların bərpası prosesinin artıq başlandığı, Qarabağı cənnətə çevirəcəyi mesajını vermiş oldu. Ölkə prezidenti bildirdi ki, artıq azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Bu iqtiqamətdə  işlər planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

 İşğalından azad olunmuş ərazilərdə müasir infrastruktur qurulur

 

İşğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Bu istiqamətdə də artıq əməli işlərə başlanılıb. Səfər çərçivəsində Prezident İlham Əliyev  Zəngilan rayonunun Ağalı kəndində ilk icra olunacaq “ağıllı kənd” layihəsi ilə tanış oldu, tapşırıq və tövsiyələrini verdi. Bildirildi ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. İşğaldan azad olunmuş ərazilərin “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunması bir daha göstərir ki, Azərbaycan dövləti azad edilmiş torpaqlarda bütün bərpa işlərini ən yüksək səviyyədə təşkil etmək niyyətindədir. Bütün bu layihələr orada məskunlaşacaq vətəndaşlarımızın həyat səviyyəsinin, rifah halının, vətəndaş məmnunluğunun yüksəldilməsinə hesablanıb.

 İşğaldan azad olunmuş ərazilərdə artıq infrastruktur layihələrinin də icrasına başlanılıb. Şuşa şəhərinə yeni yolun çəkilməsi, Laçın rayonunun Güləbird kəndində su elektrik stansiyasının inşa edilməsi, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz olunması istiqamətində həyata keçirilən layihələr və digər infrastruktur layihələrinin əsas məqasədi azad olunmuş torpaqların tezliklə bərpa edilməsi, insanların öz doğma yurd-yuvalarına qısa müddətdə qayıtmasının təmin olunmasıdır.

Torpaqlarımızın işğaldan azad olunması aqrar sahənin inkişafını daha da sürətləndirəcək

Azad edilmiş torpaqlarda kənd təsərrüfatı potensialının böyük olması nəzərə alınaraq bu istiqamətdə də əməli işlərə başlanılıb. Qısa müddət ərzində artıq 7 min hektarda əkin işləri aparılıb. Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahəsi su ilə təmin olunacaq. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək və nəticədə məhsuldarlıq artacaq. Bu ərazilərdə bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək.

Səfər çərçivəsində Prezident İlham Əliyev vurğuladı ki, builki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Yəni, biz vaxt itirmədən kənd təsərrüfatını dirçəldəcəyik.

 Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti də olduqca böyükdür. Bu layihə Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir. Yeni təməli qoyulan nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini daha da asanlaşdırmış olacaq, eyni zamanda Naxçıvanla birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Qurulan yeni dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranmış olacaq. Təsadüfi deyil ki, bölgə ölkələri bu yolun tikintisinə böyük maraqla yanaşırlar. Dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün xüsusi əhəmiyyəti olacaq. Bu layihənin icrası həm də bölgəmizin uzunmüddətli inkişafına hesablanıb. Nəticədə sabitlik təmin edilir və müharibə riskləri azalmış olmur.

Sumqayıtda məskunlaşmış məcburi köçkünlər həsrətlə “Böyük qayıdış”ı gözləyir

Torpaqlarımızın işğal olunması nəticəsində öz doğma yurdlarından ayrı düşmüş məcburi köçkünlərin üz tutduğu şəhərlərdən biri də məhz Sumqayıt şəhəridir. İşğal nəticəsində 10 minlərlə vətəndaşımız məhz Sumqayıt şəhərinə pənah gətirmişdir. Burada məskunlaşmaq məcburiyyətində qalmışdır. Ölkəmizin digər regionlarında olduğu kimi Sumqayıt şəhərində də doğma yurdlarından didərgin salınmış vətəndaşlarımız dövlət qayğısı ilə əhatə olunub, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başlamışdır.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində 1005, Stansiya Sumqayıt yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış kompleksinin inşası da məcburi köçkünlərin yaşayış səviyyəsinin artırılması üçün mühüm hadisələrdəndir. Ötən dövr ərzində məcburi köçkünlərin mənzil-məişət şəraitinin, sosial vəziyyətlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində mühüm layihələr icra olunmuşdur. Lakin bu gün məcburi köçkünlərin ən böyük arzusu qısa müddət ərzində öz yurdlarına qayıtmaqdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb. Dövlətimizin başçısının dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Bu gün Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər də böyük qayıdışı səbirsizliklə gözləyirlər. Dövlətimizin həyata keçirdiyi layihələr də məhz bu arzunun qısa müddətdə reallaşması üçündür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər