Balakişi (Balaş) Qasımov İTV-nin yeni baş direktoru seçilib.
Oxu.Az xəbər verir ki, bu qərar İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının iclasında qəbul edilib.
Balakişi Qasımovun dosyesini təqdim edirik:
Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub.
Bakı şəhər 1 saylı orta məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.
2004-cü ildən klub oyunlarının iştirakçısıdır. “Kim? Harada? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harada? Nə vaxt?” oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.
2004-cü ildə “Kim? Harada? Nə vaxt?” oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu adını qazanıb.
“Kim? Harada? Nə vaxt?” üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə və 2002-ci ildə Breyn Rinq üzrə Azərbaycan çempionu, Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.
Beynəlxalq “Kim? Harada? Nə vaxt?” klubları assosiasiyası tərəfindən 2010-cu ildə “İlin adamı” seçilib.
2010-cu ilin yekunlarına əsasən, “Büllur bayquş” , “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb.
2017-ci ildə “Kim? Harada? Nə vaxt?” hərəkatının inkişafında verdiyi töhfəyə görə Vladimir Voroşilov adına mükafatın laureatı olub.