Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan 4 rayonumuzu, Şuşanı və digər ərazilərimizin mühüm hissəsini işğaldan azad etdi. Döyüş meydanında əldə etdiyimiz tarixi Qələbə düşməni təslim olmağa məcbur etdi. Noyabrın 20-də Ağdam rayonu, 25-də isə Kəlbəcər düşmən tapdağından siyasi yolla azad olundu.
Azərbaycan xalqı özü döyüş meydanında beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsindəki Qələbəmiz nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdə strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi.
Prezident İlham Əliyev çıxışlarında Kəlbəcər istiqamətindəki əməliyyatlara toxunaraq bildirmişdi: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”
Kəlbəcərin şimal hissəsindəki strateji yüksəkliklər rəşadətli ordumuzun canı-qanı bahasına düşmən tapdağından azad olundu. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu.
Qeyd edək ki, 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində rayon ərazisində olan onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılıb. Rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
Kəlbəcərə inzibati rayon statusu 1930-cu il 8 avqust tarixində verilmişdi. İşğala qədər rayonun əhalisi 88 300 nəfər, ərazisi isə 3054 kv.km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan bu illər ərzində həmin Qətnaməni icra etmədi.
2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə oldular. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev azad olunmuş Kəlbəcərə səfəri zamanı Azərbaycan bayrağını qaldırdı.
İşğaldan azad olunmuş digər ərazilərimiz kimi Kəlbəcər rayonunda da bərpa-quruculuq işlərinə start verilib. Bu il 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoydu. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Səfər çərçivəsində “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq oldu, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilib. Eyni zamanda səfər zamanı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub.
Dövlətimizin başçısının da vurğuladığı kimi, işğaldan azad edilmiş bütün rayonlarımızda həyat yenidən öz axarına düşəcək və mənfur düşmən tərəfindən tamamilə viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək. Torpağının altı da, üstü də zəngin xəzinə olan Kəlbəcər rayonu da dünyanın gözəl bir məkanına, turizm cənnətinə çevirəcək.
Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri