Köç gedir… – İmamverdi İsmayılov yazır

1384

Nə xoşdur bu…

Köçüm gedir!..

Qarabağa, Şərqi Zəngəzura!..

Qəlbim sevincdən kükrəyir, yəhər tutub atlanır…

Elə bil arzularımızın çin olduğu şirin bir yuxunun içindəyik.

Doğma torpaqlar dirçəlir, yurdlar qurulur, ocaqlar çatılır.

Elat geri dönür, neçə həmvətənim illərin həsrətindən sonra öz doğma yuvasına qovuşur, beləcə, doğma yurda köç gedir, hamı elliklə sevinir ki, qarşıdakı günlərdə də bu müqəddəs köç davam edəcək…

Göz dolusu baxıram… Sevinirəm… Qürurlanıram!..

Dönüb bir baxsana, gör yollar köç karvanları ilə necə də nəfəs alıb yaşayır…

Köç gedir, gedişi ilə köçkünlüyü də dəfn edir özü ilə…

***

Bu, böyük köçdür, bu, böyük başlanğıcdır, biz bu günü illərlə gözləmişik, bir igidin ömrü qədər müddətdə ürəyimizi köz kimi dağlayan həsrəti bu günün ümidləri ilə ovutmuşuq.

Şükür qovuşdurana – çox şükür!

İradəsi ilə, fəhmi ilə, qətiyyəti ilə bizi bu günlərə yetirmiş Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bitib-tükənməyən alqışlar!..

Od-ocaq yerlərimizi canları-qanları bahasına düşməndən təmizləyib yolumuzu açmış igidlərimizin qeyrətinə qurban…

Qısa müddətdə Qarabağda, Şərqi Zəngəzurda başqalarının bir qəpiyinə də möhtac qalmadan öz imkanları hesabına böyük işlər görən, erməni vandallarının illərlə vəhşi kimi dağıdıb-tökdükləri yurdlarımızı aylar içində dirçəldib ayağa qaldıran, torpaqlarımıza həyat gətirən müstəqil dövlətimizin qoluna qüvvət, qazancına bərəkət.

Min bərəkət!..

***

Evinin köç yükünü, dəm-dəsgahını maşınlara yükləyib Zəngilana doğru yola çıxan soydaşlarımızın çöhrəsi bayaqdan bəri gözlərimin önündədir. Hamının üzü gülür, gözlərdə sevinc yaşları silələnib, bir-birinə sarılıb, gözaydınlığı verirlər…

Necə də kövrək anlar, xoş mənzərədir bu!..

Təxminən otuz il əvvəl işğalın ağrı-acılarından, qarşıda onları gözləyən həyatın mübhəmliklərindən, evsiz-eşiksiz ağır həyatın məşəqqətlərindən gözləri solan, bənizləri sozalan insanların baxışlarında indi parlaq bir işıq var, bu gələcək səmtindən düşən işıqdır, insanlar bu işığı tutub yola çıxıblar: əbədi bir işığı…

Bu, illərin həsrət və intizarının bitdiyi anın portretidir – Tarixi Anın portreti!..

Yolunuz uğurlu, köçünüz xeyirli olsun, əziz həmvətənlərim!..

***

Ağalı camaatı, Ağalı elatı indi öz qibləsinə üz tutub, doğma kəndinə, yurduna, çölünə, dağına-dərəsinə köçür.

Xoş gördük, doğma elim!

Qədəmləriniz mübarək, əzizlərim!..

Bu insanlar işğalın ilk aylarındakı kimi ağır çətinliklər, çarəsizliklər içində deyildilər daha. Dövlətimiz tədricən hamısını yerbəyer etmişdi, ölkənin müxtəlif yerlərində

yaşamaları üçün binalar tikmişdi, abad, qurulu mənzillər vermişdi, dolanışıq problemləri də bir şəkildə həllini tapmışdı.

Amma bu insanlar doğma yurddan uzaqdakı o mənzilləri də, gündəlik iş-güclərini də qoyub gedirlər, çünki torpaq ruhuyla çəkir, ən böyük xoşbəxtliyin öz yurdunda, öz ocağında olduğunu anladır.

Dövlətimiz bu torpaqlarda böyük bir gələcək qurur, insanlar dövlətimizə də, bu torpaqların gələcəyinə də qəlbən inanırlar.

Və köçürlər…

Və qayıdırlar…

Böyük köçlə, böyük qayıdışla!..

Böyük qayıdışın mübarək, Vətən!..

Nə deyim…

Vətənin o başı, bu başı olmaz, əzizim. Azərbaycanın hər yeri doğmadır, hər yeri evimizdir, ocağımızdır, amma insanın öz yurdunun, öz ocağının, öz kənd-kəsəyinin hüsnü başqadır.

Tamam bambaşqa…

Bu, yaşayış yeri, iş yeri məsələsi deyil ki…

Bu, ruh halıdır – ruhun cismə, cismin torpağa qovuşmasıdır…

Ağalıların köç yükündə gül dibçəkləri də dəydi gözümə – köçkünlük illərində mənzillərində əkib-becərdikləri, torpağın ətrini, təbiətin rəngini tamarzı kimi duyduqları güllər.

Bu güllərin kökləri tezliklə doğma torpaqlarda rişələnəcək.

Bu güllər həsrətli doğma yurdlarda daha gözəl görünəcək.

Onların əhatəsində böyük-böyük çinarlar da səmaya tərəf boy atacaq.

Nə xoş mənzərələr…

İsti və işıqlı tablolar…

***

Məcburi köçkünlük dövründə doğma ocaq həsrəti ilə dünyadan köçən, qərib qəbiristanlıqlarda torpağa əmanət etdiyimiz ixtiyarlarımızı xatırlayıram. Yaş ötdükcə, hər gün bir az da azalırdılar, hər gün bir az da ahıllaşırdılar, hər gün bir addım da bu dünyadan uzaqlaşırdılar, di gəl, doğma yerlər haqqındakı xatirələri sönməyən ümidləri kimi o qədər diri və canlı idi ki…

Titrək səsləri, susuz torpaq misalı cadar-cadar əlləri ilə anılarındakı yerin-yurdun daşına, ağacına sığal çəkirdilər elə bil.

Heyif, bu günü görə bilmədilər, amma onların da bu köçü hiss etdiklərini, ruhən şad olduqlarını duyuram və sevincimdən həm də bərk duyğulanıram, kövrəlirəm…

Ağıl elli Zəngəzura doğru başlanan böyük köçlə təkcə insanlar qayıtmır doğma yurdlara, torpağın tarixi yaddaşı da özünə qayıdır.

Zatən bu qədər zamanda bizi ayaqda saxlayıb, müstəqil dövlətimizlə birgə günbəgün gücləndirən, itkilərimizi, gələcək nəsillər qarşısındakı məsuliyyətimizi unutmağa qoymayan və 44 günlük haqq savaşımızdakı böyük Zəfərimizə gətirən də elə milli yaddaşımızın gücü deyildimi?!

Bu sətirləri yaza-yaza bir də onu düşünürəm ki, insan, nəsillər tarixin ucsuz-bucaqsız ənginliklərində nə qədər kiçik bir zərrəymiş, İlahi…

Yurd həsrəti ilə yaşadığımız on illər bizə uzun görünür, tarix üçünsə bu, bir su içimi qədər qısa məsafədir, böyük bir xalqa zamanın yaşatdığı sınaq anıdır.

Tarix bizi imtahana çəkdi…

Dözdük və bərkidik…

Azərbaycan xalqı – mənim sevimli və mübariz xalqım bu sınaqdan da üzüağ çıxdı, şükürlər olsun!

Əskilmədik, artdıq, heydən düşmədik, gücləndik.

Unutmadıq, unudulmadıq…

Və qayıtdıq!..

***

Köç xalqlar üçün bir taledir həm də, çox zaman ən möhtəşəm inkişaf dəyişiklikləri bu cür köçlərlə yaşanır, insanların tükənməz ümidindən, inamından, enerjisindən böyük bir həyat qurulur.

Yeni nəsillər doğulur…

Yeni evlər tikilir…

Bax beləcə yurdlar da böyüyür, genişlənir.

Hələ çox doğulacaq…

Hələ çox tikiləcək…

Hələ çox böyüyəcək…

Bu gün Azərbaycan dövlətinin ən müasir texnologiyalar əsasında, “ağıllı kənd” düşüncəsində qurduğu Ağalı kəndi də bunun bir ilkin nişanəsidir.

Qarabağın, Zəngəzurun, külli-Azərbaycan obalarının yeni cəlalı bu kənddən, bu köçdən başlanır.

Köçhaköç, kəndbəkənd…

Köç gedir…

Gedir, qoca tarixin, ana torpağın dərinliklərinəcən,

ulu yurdların ta o başınacan gedəcək bu müqəddəs köç…

Şadlığımdan söz tapa bilmirəm…

Sözüm getmir… Ancaq köçüm gedir…

Əbədi və qətiyyətli! Öz karvanıyla, öz sarvanıyla…

Yurdlar qurulur, tonqallar qalanır, çıraqlar alışır.

Ocaq yerlərimizdən insan həniri gəlir…

Eşit, qulaq ver: ayaq səsləri – zamanın ürək döyüntüləri kimi

Bir qarabağlı, zəngəzurlu körpə doğulur bu yurdda…

Dünyaya gəlişin mübarək, mənim balam!..

Köçün mübarək, mənim elim!

Eheyy!

Eşidirsənmi, ay eloğlu?

İndi yolumuz haradır?!

Bütöv Zəngəzuramı?!

O dağlara, dərələrə, ormanlara de ki,

mən də sevənlərdən, sevinənlərdən, köçənlərdən biri…

İmamverdi İsmayılov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər