İmamverdi İSMAYILOV
Sübh tezdən bir əlçim gün işığına oyanıb dirsəkləndi. Divara hörüklənib gözünü qamaşdıran və bir andaca çəkilib gedən zərif şüalara baxıb fikirləşdi ki, odlu-alovlu doğan günəş də qüruba gedər: vaxtı-vədəsi var.
“Yatdın, vaxtı satdın!..” – şişkin gözlərini ovuşdurub qalxdı.
Bütün gecəni ilan vuran kimi yata bilmədi, elə bil yatağına qor dolmuşdu. Səbəbkar – elə bu gecə ekranda gördüyü həkim idi. Axşamdan danışığına, savadına heyran qalmışdı. Allah rizası, quşu dimdiyindən vururdu zalım balası, sanki onun çəkdiyi iztirabları əliylə qoyub, ağrı və acıları bircə-bircə, zərgər kimi xırdalayırdı.
Obaşdan, başıhovlu özünü yetirdi klinikaya. Qeydiyyatdakı qız yançağını qaldırıb, ağ xalatını geyinənəcən, ödəniş edib, qəbzini aldı. Tələsirdi ki, indiyəcən abrına qısılıb heç kimə açmadığı narahatlığını əlac yeri bildiyi bu cavan təbibə danışa bilsin.
Qurban olduğum dərd verir, amma bölüşməyə həmdəm tapmırsan: eləsi var ağlayır, eləsi var dağlayır… Rəhmətlik anası deyərdi ki, könül süfrə deyil ha, açıb hamıya göstərə biləsən…
Buranın havasızlıqdan darınan yarıqaranlıq dəhlizi can üzürdü.
Həkimi sınayırmış kimi, qıyıq gözlərilə çəpəki süzüb, salamsız-filansız mətləbə keçdi. İnsafən, bu cavan oğlan da söz kəsmədən, səbrlə dinlədi onu.
O danışır, sözləri tələsik hüdüləyib tökür:
– Şikayətim çoxdu… Fikirləşməkdən, eyni hərəkətləri təkrar etməkdən yoruluram, bərk üzülürəm. Çox vaxt xoflanır, şəkli qalıram. Naümid qalmaq adamı çox sarsıntılara düçar eliyər. Nə görürəmsə, qarşıma nə çıxırsa, qeyri-ixtiyari təkrar saymağa başlayıram. Günahkar axtarıram, dəxli var, ya yox. Heç nədən beynim qarışır, özümü inandıra bilmirəm, sakitləşmirəm. Andır yaddaş, huşsuzluq da bir yannan. Çox şeyi unuduram, təkrar düşünüb yadıma salmağa çalışıram, neyləməliyəm, hara getməliyəm? Rahatlığım, dincliyim yox, bir çınqı şirin yuxuya həsrət qalmışam. Canım boğazıma yığılıb. Ahıl yaşımda bu bəla hardan gəlib haxladı məni?!
– Anladım sizi. Bu, çox maraqlı və qeyri-adi bir xəstəlikdi…
Həkim xəstənin bədəninə yapıxmış qısıq boğazına nəzər yetirib duruxdu və birdən əminliklə dedi:
– Obsessiv!..
– Nə?! – O, bir az da qısılıb odu sönmüş körük kimi fısıldadı.
– Ob-ses-siv! Bu, xəstəliyin adıdı, a-d-ı… – Cavan təbib qalxıb xallı-şallı məxmərgülü dibçəyinin yanındakı darboğazlı qrafindən su süzüb içdi, nəfəsini dərib davam etdi. – Bəəlii, təbabətdə belə anlayış var, kompulsiv pozuntudan əziyyət çəkənlərdə olur. Mübhəm bir çarəsizlik var bu xəstəlikdə. Daha yaxşı izahı üçün deyim ki, hansısa hərəkəti dözülməyəcək səviyyədə təkrar etmək halları çox olur. Özünü həddindən ziyadə yükləyir, yorulur, yan-yörəsini də yorur, bəzən əlacsız qalıb, ətrafdan kömək istəyir… Siz gərək, müayinəyə məsuliyyətlə yanaşıb, yazacağım həbləri düzgün qrafiklə qəbul edəsiniz.
O, öz aləmində idi, həkimin sözünü ağzındaca qoyub, paslanmış yay kimi səs çıxarır:
– İçim yanır, baş-beynim çalxalanır. Düşünürəm ki, filan şeyi eləsəm, ya eləməsəm noolar? Nə özümə inamım qalıb, nə sözümə. Havadan nəm çəkən adam kimi, hamıdan, hər şeydən xoflanıram, guya mən düzəm. Eynəyim gözümdə taxılı, gicəllək axtarıram, əlimnən qoyduğum bir şeyi tapa bilmirəm, elə bil qırx arşın quyuya düşüb. Qazı dəfələrlə yoxlayıram, qayıdıb qapını açıb baxıram, görüm, işıqları söndürmüşəmmi arxamca, qapının kilidini necə, vurmuşammı?! Əlimi yuyuram, elə bilirəm təmizlənmir, hər şey ağlımda çirkli qalır…
Boğazı kor qəməltiylə üzülmüş toyuq kimi çabalayır, hulqumu dartınıb ilişir, gözləyir. Həkim kağız çıxardıb aramla yazır, yazır… Ağ xalatlı bu cavan oğlanın rahatlığı da bir yandan adamı üzüb, cin atına mindirir.
…Qəflətən beyninin çarxı dönür, keyimiş qulaqları zoqquldayır, ikisinin olduğu bu dar otaqda elə bil onu boğazlayıb qəsdinə durublar. Və kiminsə gileyli, soyuq səsi nəmli divarın arxasından boylanıb qarabaqara arxasınca gəlir.
Resepti götürüb, ilan ağzınnan qurtaran qurbağa kimi bayıra atır özünü.
“Adını həkim qoyub, danışığına bax bunun, xəstəliyin də maraqlısı olar bəyəm?! Andıra qalsın sənin bu yazdıqların!..”
Açıb üzünə baxmadan, kağızı cırıb, zibil yeşiyinə tullayır. Sıtqı sıyrılır, az qalır ödü ağzına gəlsin və baş alıb hara gedəcəyini özü də bilmir.
“Ayağını bir yerə qoy görüm hara gedirsən, ay halı bərbad?!.”
lll
…Hamı yuxudan kal durub elə bil, ora-bura qaçır, nəsə axtarır.
Üç, ya dörd kilometr aralıdakı məscidin minarəsi hər yerdən görünürdü. Hamıdan və hər şeydən Allaha daha yaxın olan bu məbədin azan səsi boz şəhərin üstünə sanki kəfən kimi çəkilmişdi.
Keyiyən canı suyu quruyub, çarxı ilişmiş dəyirman kimiydi, yel çəkib simləyən azar harasındadı, baş açmır. Adamın bir yeri ağrıyanda, elə bilir ətraf da bu sancıyla nəfəs alır, o ki qala, bütün əzalarında gəzən bir bəla: səninlə durub gəzə, amma səninlə yatmaya, gecə boyu zoqquldaya.
Hərənin içində özü boyda dərdi və hərəninki də öz boyuna biçili və bu ələmin səsi də başqadı, boyun əysən, yüklənib səni taqətdən salar.
Evi ilə həkimin oturduğu o quş qəfəsinin arasındakı məsafəni unudur, adəti üzrə, dönüb təkrar addımlamaq, saymaq istəyir. Getdiyi yerdəcə mıxlanıb qalır, səkilərdə boydan-boya düzlənmiş aqlay daşları sayır, qəlbində qəribə niyyətlər tuturdu. Cüt, ya tək, niyyətində tutduğunu almayanda bikefləyir, heç nədən qanı qaralır. Guya hər şey bu inancla puç olub, bununla da bitdi. Daş qayaya rast gələn kimi çabalayır, nə axtarır, istəyi nədi, anlamır.
Darıxıb darınır, baş götürüb, boş-boşuna məhlələri gəzir. Yas yeri, mağar, mərasim zalı görəndə, dayanıb göz gəzdirir, düşünür ki, nə qədər adam tuta bilər bura. Tez də maraqlanır: “Cavandı, neçə yaşı vardı, xəstə idi? Aman, hər gün, hər məhlədə bir adam ölərsə, bu hesabla qəbiristanlıq itər, məzarlıq gəlib lap boğaza dirənər ki!?”
Tərslikdən onun yaşadığı məhlədə doğum evi ilə mərasim zalı yanaşı tikilmişdi. Guya, bu iki binanı bir-birindən aralı tiksəydilər, qurbanı olduğumun verdiyi ömür payı uzanacaqdı, yoxsa alın yazısı təzədən yazılacaqdı?!
Bəs özünün sonuna neçə gün qalıb görən, yazan bilər. Yaşıdlarının, tanış-bilişinin yaşından özününkünü çıxır, girinc qalıb qarışdırırdı. “Gərək neçə yaşını yox, necə yaşamağını soruşaydım…”
Övladlarını böyüdüb aralamış və heç kimə minnəti olmadan son hazırlığını görmüşdü: ölən günü, yuyulması, kəfən xərci, üç-yeddi, qırx, qəbrin götürülməsi – qəpiyinəcən, manatınacan yığıb, anasından qalma tütünlü, naftalinli dəsmala büküb, şad-şalayın bir qırağa qoymuşdu…
“Pul bəladı, şeytan xislətlidi, adamın qoynunda köç salar və tez də kiflənib qurdlanar, əl də tutar, pəl də vurar… Adına ayama qoşub, əl çirkidir deyirlər, amma adamların içi və niyyəti onnan da pis. Acgöz məxluq elə hey qamarlayır, nə doyur, nə doymalanır. Qazanc həvəsləndirir, əl gətirdikcə vərdişkar olursan, göz doymur, hər şey hədəqədən çıxır və kələfin ucu itir. Tükənmək bilməyən həvəs və ehtiras son anda puç olur, öləziyir və adiləşib daşa dönür. – O, dolaşıq fikirlər içində çabalayırdı. – İnsan qazanmaq yolunda tər tökür, can qoyur, dəridən-qabıqdan çıxır, sonradan ayılıb əldən gedən canını qaytarmaq üçün pul xərcləyir… İndi yığdığım bu kəfən haqqı son tanqahım. Neynim, onsuz kəfən verməzlər, deməli, pul da mənim sonumu gözləyir… Cibdən-cibə girən bu sırtıq kağız parçası kimi xoşbəxt eləyib ki? Kimə lazım mənim kimi dirisi, çürük qalmış dərisi… Bir ayağım burda, o biri gorda. Gecikmiş etirafın ömrü bax mənim bu dabanımacan. Allaha şükür ki, az yaşım yoxdu, bunların hamısını yaşayıb görmüşəm…”

Tənhalıq – ömrün payız vədəsi, sanki hər şey, onun səs-küylə dolu qulağının dibinəcən saralıb sozalmışdı. Amansız yaşam tərzi: ətrafında bir yığın adam ola, ancaq yalqız qalasan. Tənhalıq ağırdı, çox bəlaya qucaq açar…
“Dayan, dur! Təsadüfən ayaqladığın yer bəlkə sənin qəbir yerin olacaq?..” Son və əbədi evin – qəbiristanlıq… Əliboş və çılpaq bədənlə. Həyatın acı iztehzası!..
Səni aparacaq ölüm, yoxsa səni yaşadacaq ölüm – fərqindəsənmi?!
Dəfn mərasimində hamı qəmgin və üzgün, dərin xəyallara qərq olur. Hamı qəm-qüssə içində, dünyanın faniliyindən gileyli, elə ki, qəbiristanlıqdan çıxdılar, hər kəsin qoynunda əfi ilan baş qaldırır. Yollar haçalanır, hərə öz qibləsincə yellənir. Kim nə itirir, nə qazanır: dövran şahid, zaman hakim…
Həyətin küncündə donqarı əyilib sümüyü çıxan oturacağa çökür, saatlarca fikrə gedir: fəsilləri, ayları, günləri çək-çevir edir, toplayıb çıxır, vurub bölür, sonda nəticəni qarışdırır və qəlbini heç nədən yükləyib mərəkə açırdı qoparırdı…
“Niyə fəsillər birdən gəlmir, meyvələr niyə bir vaxtda yetişmir: tələsməklə deyil, hər şeyin zamanı var, dəyişkən fəsillər öz qəlbimizdi…”
Fəsillər dəyişir, vədəsi yetişəndə qatarlanır, ötüb keçir. “Allah fəsilləri bəlkə darıxmayaq deyə yaradıb? Hər birinə də öz barını, nemətini verib. İllər də fərqli gəlir, bir il bol, bir il qıt… Ya dalbadal üçü belə, yeddisi elə. Bilən varmı, ölüm-qada ötən il çox idi, ya bu il?”
Qışından kəsilib, yazından doğranan nakam ömürlər nə qədər desən…
Yeknəsəq həyat tərzi – bir fəsilli iqlim kimi – bu günü birtəhər yola verib, özünü ovundurarsan, amma nə dünəni gizlədə bilərsən, nə sabahı fikirləşə. Yaxşı ki, sabah nə olacağını və nə baş verəcəyini qabaqcadan bilmirik…
Tutqun səmanın ənginliyinə, göz doyuran dərin genişliyinə baxıb köks ötürdü. Göylər niyə belə tənhadı, bəlkə orda canlı yaşamır, ona görə?
İntəhasız uzanıb gedən göylərin göz yaşları da qəribədi: yazı nurlu, yayı isti, payızı saralı, qışı donmuş buz giləsi.
Bu yağış sularını, dolu dənəciyini göydən yerə göndərən kimdi, bu bulaq sularını yerdən təmizləyib torpağın üzünə çıxaran kim?
Görəsən, Tanrı bəndəsinin göz yaşları hansı könül bulağından süzülüb gəlir?..
“Göz yaşları gözəl də ola bilər, çirkli də: məqamına baxır…”
Bəs uca göylərə bülənd olan amansız amanların, göynək ahların yolu necə, çoxmu uzaq?!
lll
On metrlik küçəni qaranəfəs adladı. İki ağacın kölgəsinə sığınmış, ər-arvadın dava-dalaşla işlətdiyi köşkdən su alıb içmək istədi ki, toxtatsın özünü. Baxdı ki, vitrin bomboş, axırına çıxıblar, yəqin onun kimi yanğısı olan çoxdu bu məhlədə.
Qarasifət, şəmbədodaq uşaq yenə gül satır. İsti-soyuq bilmədən, dil-boğaza qoymadan, “ay gül alan, heeyy!” deyə qışqırır və sanki bu darısqal məhlə onun səsini başına götürüb ayağıyla da qaçmaq istəyir buralardan.
– Bu günə neçəsini satmısan, mənim balam, neçəsi qalıb?
“Beşini” eşidəndə, udqundu: bu zavallı gün ərzində nə satıb, nə qazanacaq, qursağını nəynən isidib, evinə nə aparacaq?
Rəhmi gəldi ona, qalan gülləri hesablayıb, hamısının parasını uzatdı.
Gülsatan oğlan karıxıb, nə edəcəyini bilmədən, soyuqdan qızarıb pörtmüş barmaqlarıyla əzik-üzük əskinasları saydı.
Onun qəlbi göynədi. “Təzada bax! O, yaşamaq üçün sayır, mənsə yaşadığımı unutmaq üçün…”
Uşağın domba və donuq gözləri qaraldı, inadla əlini qaytarmaq istədi:
– Əmi, mən dilənmirəm eee, gül satıram, gül! Minnətsiz yaşamaq üçün, halal qazancla. Allah xətrinə, al gülünü də götür!
O, karıxıb qılıqlandı:
– Bilirsən, oğlum, sən bunu başqa yerə yozma. Məni bağışla, bağışla məni! Gülü alıb neyləyəcəm ki!? Bu ahıl çağımda, yan-yörəmdə gül hədiyyə verəsi heç kimim yoxdu mənim, heeeç kimim!..
Elə bil binalar və daşlar ağnayıb onun üstünə töküldü. Və hara gedəcəyini bilmədən, parkın içinə təpilib aradan çıxdı…
lll
Parkın qurtaracağında baqqal dükanı basırıq idi. Vitrinlərə cərgə ilə düzülmüş allı-pullu balıqların üzünə duzlu su çırpırdılar ki, təzə qalsın. Balıqların çatdaq dodaqlarına, donuq şüşə gözlərinə və hələ də yaşamaq ümidi ölməyən qəlsəmələrinə baxıb içini çəkdi: “Ay zavallı, dünən dənizdə, öz evinizdə, indi burda, susuz taxt üstündə quru canınız…”
Acı həqiqət: bəşər övladı bütün həyatını başqa canlının canı bahasına qurub həmişə!..
Bazar-dükanda hər malın qiyməti üstünnən asılı, bəs satıla və alına bilən adamların “məzənnəsini” kim qoyacaq!?.
Hər şeyin dəyəri var, bütün səbəblərin səbəbkarı olan bəşər övladı isə hər an dəyərdən və gözdən düşür.
Dənizi çox sevirdi, o da bir möcüzə. Hənirsiz bir sahil tapıb vaxtaşırı oralara gedər, saatlarla oturub, baxar, köpüklənən dalğaların sirrinə, sehrinə baş vurardı.
Dalğalar dənizin arteriya damarı, həyat nəbzidi: bir də görürsən, yeddi dalğa köpürüb qayalara çırpılır, sahilin sinəsinə sərilir, gah da üçüncüdə qırılıb yolda qalır və nakam baxışla əriyib itir. Bəzən üç zərbə dördüncünü, dörd səkkizincini basmarlayır və ləpələrin alaşıq-dolaşıq savaşında dəniz onu anlamayanlara sanki savaş açmaq istəyir… Həyatdan, adamların çirk-pasından, iyrənc və məkrli münasibətindən bezmiş kimi qınına çəkilir, yayılan dalğasını acıqla qarnına yığıb quruyur. Onu boğazacan çidarlamış yosunlar əhdini kəsir, cəsəd kimi göz-görəti çürüyüb iylənir.
Dalğalar geri qayıdır, onu özündən alıb aparır, günah yiyəsi kimi titrədir, beləcə, hərə öz içinə çəkilir…
Və dənizlər də belə ölür…
lll
Əvvəllər, bulvara baş qatmağa gedərdi. Daşları, rəqəmləri yaxşı yadda saxlamasa da, qurdunu öldürmək üçün ahıl bir dəstəyə qoşulub domino oynayardı. Sonradan gördü ki, bu qoca-qartımışlar boş-boşuna mırt vurub, yüz şəbeh çıxarır, yeddi dərənin suyunu bir-birinə qatır, bekarçılıqdan tanış-bilişin pulunu sayıb torbasını tikir, yaxud kimisə vəzifəyə qoyub çıxarırlar. Zəhləsi getdi, dabanına tüpürüb, ta bir də üzükmədi o tərəflərə: “Yenə mənə şükür, mən daşı, ağacı sayıram, bu həpəndlərsə başqasının var-dövlətini…”
Qəribə şakəri vardı, elə ki, bir şeyi qoruyub üstündə əsir, ixtiyarsız əlindən salıb sındırardı. Xeyir-şər məclisində özünə yer tapmaz, qabağındakı çayı aşırar, tərslikdən hər dəfə bitişik stulların məhməzinə ilişib topuğunu əzər və ağrısı günlərlə qalar, şişi, qaraltısı çəkilməzdi.
“Sirli bir işi yox mən yetimin, kimdən və nədən qaçsam, tez faş olaram, qırx quyunun dibində gizlənsəm belə, zəhləm gedənin biri gəlib ordaca tapar məni…”
Cavabsız suallar, könlünü bulandıran düşüncələr ona göz verib, işıq vermir, varlığını əndazədən çıxarır. Çalpaşıq duyğular onu üzən kimi, sağ, ya sol gözü başlayırdı səyriməyə. Anası rəhmətlik, belə olanda, atlanan kirpiklərinin üstünə qıp-qırmızı sap qoyar və dodaqaltı pıçıldayardı: “Xeyrə atırsan at, şərə atırsan yat!..”
Üzlər görmüş bu həyat başı çox müsibətlər çəksə də, yenə öz gərdişində: min cür ömür kitabının acı səhifələri, doğulan, xəstələnən, büdrəyib yıxılan, axırı da əgər qismət olsa, ağ kəfənə büküləsi bədən. İllah da ki, ölə bilməyən və ölmək istəməyən varlıq çabalayır, əl-qol atıb yapışır, ruhu çıxmış canını tapşırmaq istəmir. Yaradan öz bəndəsini min cür sınaqdan keçirir, alaqurşaq sarsıntılar, cəfalar: bir-birinin yolunu kəsməz, əksinə, nə vaxtsa qovuşub bir olar. Elə bəla var ki, min təbib yığıla, əlac edə bilməz.
Çəkdiyin əzablar – çəkinlə tən gəlmirsə, qamarlayıb dəyirman daşı kimi əzir səni. Bax onda, bezikmiş varlığı tutub saxlamaq olmur və elə anlar olur ki, yaşamağın, ölməyin heç bir mənası qalmır.
Axtara-axtara qoruya bilmədiklərimizi də itiririk…
Kədərin dərəcəsi yoxdu, qədəri var!..
İnsan bədənində elə qaranlıq nöqtələr və sirli-sehrli məqamlar var ki, elm və təbabət üçün hələ də açılmaz qalır. Və bu sirri yalnız Yaradan bilər!.. Ən Böyük Yaradan!
Bəşəriyyət yaşamaq, sülh və savaş girdabında çabalayır, qan-qada içində boğulub, nicat yolu tapmır. Əzəlitək öz oxu ətrafında fırlana bilmir. O ki qala, zavallı sakinləri: əli-qolu yerdən-göydən üzülü, tale yükü də bir yandan belini əyir.
Arlını dərd çürüdür, arsız dərdi çürüdür!..
Heç kim və heç nə çıxa bilmir bu məngənədən!..
Həyat, dövran, yaşamaq, şan-şöhrət, ad-san, qazanc həvəsi – yaxşı şeydi, ancaq heç kim durduğu yerdən yenmək, çəkilib getmək, onu geriyə qaytaran yola yolçuluq etmək istəmir. Ya elə, ya belə…
Vədənin də vədəsi var: çox yaşamaqla öyünməyə nə hacət?! Əsl xoşbəxtlik – elə sağlam canla yaşamaqdı və heç bir nemət onu əvəz edə bilməz.
Urvatlı ölüm – ən son qazanc!..
Ağlı başında, huşu yerində, canı təmiz, yan-yörəni bezdirmədən, abırla və şərəflə: özünə belə bir ölüm diləyirdi Yaradandan…
Günaha batmış neçəsini görüb ki, dar ayaqda canını tapşıra bilmir, əzab çəkib zarıyır…
Girdiyin qapıdan çıxmağı, qalxdığın pilləkəndən enməyi də bacarmalısan…
Eləsi var atdan düşür, yəhər-yüyəndən, üzəngidən bərk yapışır, iddiasından, təkəbbüründən yer tapmır, keçmişinə qayıdıb, nəyisə bərpa etmək şövqünə düşür. O, beləsini yaxşı tanıyırdı, bu cür dar düşüncəli varlığın dabbaqda gönünə bələd idi. Yumurtadan təzəcə çıxan cücə bildirkinə cip-cip öyrədir…
Ancaq günahı bölmək məqamı yetişəndə, Allah bəndəsinin heç biri günahkar olmaq istəmir…
lll
Qan qoxuyan bir rüzgar gəldi…
Alan-satan, yalan-yalmaq, doğru-əyri, doğum və ölüm bir göz qırpımında, bir tükdən asılı. Və bu çabalar əbəs yerə, Əzrayıl dəhə-düş gəlib hərənin qapısını bir bəhanə ilə döyür, onu da gərək izzətlə qarşılaya biləsən.
Həyatın öz düsturu və riyazi cədvəli var: topla, çıx, vur, böl – ağıllı varlıq üçün yaşam ritmləridi bu, kaş düzgün hesablaya biləsən…
Düşünürdü ki, bəşər övladı qayğılar məngənəsində o qədər əzilib ki, çabalardan, çək-çevirdən sonra bir həmdəm tapıb – gülüşü yaradıb. Bu təbəssümün dərin qatlarında isə çox vaxt görmədiyin, duymadığın gizlin göz yaşları axıb gedir. Sənə gülməli görünən mənzərə, kimin üçünsə kədərli bir həyat lövhəsidi…
“Vaxt vardı, hamı hər şeydən uzaq idi, indi hamı hər şeyin ortasında. Nə iman qalıb, nə inam. Yellər əssə də, damardakı kələk-küləyi dağıdıb qova bilmir. İnsanlıq, güzəşt, sevgi, dəyər, səmimiyyət, etibar, sədaqət ilğım kimi tələsik çəkilir. Toyu, yası səni əzən məngənə, nə xoşbəxt, nə bədbəxt. Toy var haylanıb gedirsən, toy var yaslanıb gəlirsən… Yas mərasimi də bir başqa. Ölən qalır bir qıraqda, baxışlar və münasibətlər bambaşqa. Yas var gedən yox, yas var yer yox. Ölü də yiyəsiylə hörmətə minər… Diriykən qədir bilmirik, sonrasına xatirə danışırıq. İndi neyniyək, hardan tapaq düz bir kərkini ki, gəlib bu əyrilikləri yona bilsin?!”
O, belə şeyləri çək-çevir edib yüklənir, ora-bura vurnuxurdu. Məhlədə çoxunnan qaçaq düşmüşdü, üz-üzə gəlib kiminləsə xala-xətrin görüşmək istəmir: özləri də, sözləri də gülüşləri kimi saxta, əttökən. Gor qonşusu olasan, hərənin qibləsi-yönü ayrı və sözün bir-birinin boğazından keçməyə.
“İnsan çiy süd əmib” deyirlər, ay-hay, guya bişirib versələr, canındakı pis vərdişlərin mayasımı əriyəcək!?
Tanıdığın və tanımadığın hər kəsin içində bələd olmadığın başqa biri gizlənir və sən bunu biləndə artıq gec olur, sarsılırsan.
“Baxır, toyunda kim oynayır, yasında kim ağlayır…” – deyə içini çəkdi.
İçin korluğu rəzalətdi!..
Biri quyu qazıb su verir, nur paylayıb savab yiyəsi olur, digəri quyunu öz aləmində qazır, torba tikib ev yıxır. Beləsi, hamıya yuxarıdan baxır, amma anlamır ki, Allah Böyükdü, hamıdan yuxarıdadı və hər şeyi qədərincə görür.
İnsan var – içində xurma yetişdirir, insan var – zəqqum…
lll
Hava məxşuş idi. Nə yağana oxşayır, nə doğana.
Tərsəməssəb tikilmiş beş-altı binanın başı üstünə qara buludlar topalanır, yelinli inək əmcəyi kimi sallanırdı, sağanı yoxudu ki, boşalıb rahatlansın.
Həyat dolu-boş, adam az-çox, maşın yüklü-yüksüz. Kimsə səmtini dəyişir, maşın yolunu keçir, toz-tozanaq həyət-bacanın canına hopur, külək basırıq dalanı yalayır.
“Viran qalan ağacın budağı qırılandan sonra guya külək peşman olsa, nə olacaq?!”
Küçələrdən deyingən qarı kimi keçən tramvay-trolleybuslara, əmrə müntəzir sürücülərə ürəyində yazığı gəlirdi: eyni yol və bir xətt boyunca dartınır, sürünüb gedir, elə həmin marşrutla da qayıdıb gəlirlər. Nə yollar bezir, nə onlar…
Gəzdiyi küçələr, veylləndiyi həyət-baca, tez-tez rastlaşdığı sifətlər, hər gün qalxıb-düşdüyü pillələr, dörd divar içində ev-eşik, uzandığı divan, susqun qapı-pəncərə, soyuq eyvan… Hamısı bir qəlibdə: yorucu və bezdirici.
Tez-tez depressiyaya düşürdü: qeyri-müəyyənlik, dözümsüzlük, həkim demişkən, panika, sosial-təşviş pozuntusu…
Səhv etməkdən, yıxılıb büdrəməkdən, bir zatıqırığın lağ yeri olmaqdan ehtiyat edib, xoflanırdı.
“Ayağının altından yer qaçanda sən hara qaçacaqsan?!”
Ruhunu basmarlayan bu ağrı, gəzərgi qadına bənzəyir, bir yerdə durmur, barmağının ucunacan fırlanıb simləyir, dinclik vermir, olmazın pəsdahını açırdı.
Üzülüb təngə gələndə, tövbə edirdi ki, başından atsın bu əzablı düşüncələri. Heç olmasa, çox yox, onca dəqiqə təmiz havaya çıxıb rahat gəzsin, pis vərdiş və adətlərdən uzaq dursun, əzab verib qəlbini deşən lüzumsuz fikirləri bir qırağa qoysun, nə fayda, bacarmırdı.
Tələsib, yetişməyən tövbəyə tez könül verməzlər!..
Qışqırıb heç nədən hay-küy qoparan, mərdimazar, bəduğur, hər şeyə mız qoyub nöqsan axtaran, barmaq tək uzanıb gözə girən, yalaq-yulaq adamlardan zəndi-zəhləsi gedər, uzaq gəzər, məğlətəli, düşük, şərəşür birini görəndə yolunu, səmtini dəyişər, nifrətini gizlədə bilməz və özünə haqq qazandırardı: beləsinə nə quzu qulağı, nə bağa yarpağı?!
Get naxıra, gəl axura – heyvan ömrüdü… Naxırla axurun arasında fərqi bilməyənin yaşamasına nə lüzum?!.
Vaxtilə qan batıran, nəsil düşmənçiliyini kəsən, köklü-köməcli, sözü ötkəm, əməli saleh, dizi təpərli kişilər necə qeybə çəkildi, necə?..
Ona elə gəlirdi ki, yaşadığı ömür atılmayan tüfəng lüləsi kimi boşuna tüstülənir. Əsəbi ilə səbri arasında məsafə isə çox daralıb – bir iynə ucu boyda… Sanki yerin-göyün, havanın, təamın, suyun, həbin – hər şeyin damarı qaçıb, tamı-bərəkəti itib… Beləcə, başlayırsan vaxtı saymağa, həyat isə donur, gün, ay, il sırtıq varlıq kimi üzünə durub dirəşir.
Vaxtı olmayan elə vaxtın özüdü, kimisə, nəyisə gözləməyə nə macalı var, nə səbri…
lll
Hardasa, kürsəyə gəlib həvirləşən və cütləşib aralana bilməyən səənək itlərin zəhlətökən zingiltisi gecənin yeddiqat dərinliyindən gələn sükutu pozurdu.
“Biz də əkib-doğur, sonra pasiban durmuruq. Yaradan bilər, asi düşsəm, ağzım əyilər, nədən birinə beşini verir, başqasını intizarda qoyur?..”
Hikkə də qancıq kimi küçükləyir, bəlası balasından çox: paxıllıq, qəzəb, ikrah, bədgümanlıq…
“Hikkəmiz çəkimizdən ağır, qəlbimizdə qəzəb yeli tüğyan edir, heç kimi və heç nəyi bəyənmirik. Yaxşı ilə pisin sərhədi qarışıb. Hamıya yaxşı olmaq istəyən adama inanıb, bərkdə arxa söykəsən, kalafa kimi uçqu verəcək. Beləsi üçün həyat həmişə bir rəngdədi…”
Vərdişlər narkotik kimidi, qurşandınmı, sonra nə illah eləsən də, təsirindən, hava-davasından çıxa bilmirsən, basmarlayıb salır ilgəyə və istədiyi kimi fırladır səni… Dediyin yalan vərdişə çevriləndə dəhşətli olar, ağır fəsadlar yaradar. Və qondardığı yalana inanan kəs əslində özünü də, səni də aldadar. Yalanın qalanı olmur ki!?.
O düşünürdü: “Hər bildiyin həqiqət deyil, hər üstünə getdiyin də həqiqət axtarışı deyil – ziyan gətirər…”
Yalan və həqiqət yaranışından savaş və qırğında: qalib – məğlub yoxdur, imkan – şərait var…
“Azara bax: Obsessiv!? Boş ver, şoğəribin adının necə olmağı guya nəyi dəyişəcək?! Həkim düz deyir ki, sənin sinirin tam pozulub. Neyniyim, qalın deyiləm, hər şey nazikliyindən sınar, adam qalınlığından. Biganə ola bilmirəm, həyatın nə qədər əcaib yeli-qozu var, gəlib dolur qəlbimə, sel kimi coşub dağıdır içimi. Çirkli, miskin düşüncələr ruhuma yüklənir. Nə illah eləyirəmsə, ilişib qalır, gənə kimi yapışır, açılmır başımnan. Ürək, böyrək, ya başqa yerin ağrıyır, bildik, bunun ilacı məlum. Bəs heç nədən, havadan, göydən gəlib yığılan, bütün əzanda – beynində, sümüyündə, iliyində gəzib simləyən və sənə dinclik verməyən zülm-zillət xəstəliyi dərman harda tapsın? Hardan tutub boğazlasın, necə əlac eləsin?!”
lll
Qarmaqarışıq şəhər, eninə-boyuna şellənən küçələr, darboğaz dalanlar, küləyin gicələk elədiyi yar-yapalaq ağaclar, müəmmalı baxan yer-göy sanki yığılıb kor yumağa dönür, kiçilib xırdaca bir nöqtə kimi qaralır və kimsə elə bil qəsdən bu aləmin nəfəsliyini kəsirdi…
Halı pərişan, ovqatı təlx. Son vaxtlar iştahı da küsüb: nə yeyirdisə, həvəssiz və zorən, mədəsinə elə bil bir pud daş yığılıb. Görmüsənmi deyələr ki, mədəm, ya böyrəyim səndən inciyib?! Amma “ürəyim sındı, qəlbim qırıldı” deyirlər…Və yaxşı ki, ürəyinin tabı var idi, yüklənsə də, dözürdü. Sökülüb-cırılan, viran qalan ürək ayaqqabı deyil ki, böyür-başını birtəhər yamayıb geyinə biləsən.

Uşaq vaxtı, ağ kağıza rəngli karandaşla ürək şəkli çəkəndə anası gəlib üstünə çıxdı, xoşhal oldu: “Burda özünü çəkmisən ki, mənim balam! Sən quruca ürək deyilsən, sən elə şəkilsiz ürəksən!..” Onda yaman ürəkləndi və sonralar anladı ki, hər şey, doğrudan da, məhz ürəkdən başlayır. Ürəksiz nə can var, nə həyat. Yaşamın, duyğuların, sevginin və bütün əzabların yükləndiyi əbədi məkan elə ürəkdir!..
Böyüklük boyla deyil, ürəklə ölçülər!..
Heç nə təsadüfən yaranmır, əgər olursa, yaxud da pozulursa, demək, bədnəzər və namərd barmağı var… Birisi tükənib çıxış yolu tapmayanda, vurnuxub azğınlaşır, qəddarlaşıb hallanır, rəngdən-rəngə düşür və məcburən hər şeyə əl atır – lazım olmayanda lazım olmayanı edir – qərarsız və qətiyyətli!.. Belə məqamlarda heç bir qüvvə qarşını kəsə bilmir, əksinə, itələyib oda atır…
Tükənmiş canlı bütün faciələrə açıq olar…
Şərait bəzən elə gətirir ki, özünü özündən belə qoruya bilmirsən…
Acı bir qəzəb varlığını bürüyür. Könlündən keçir ki, elə burdanca qışqırıb aləmə car çəksin: “Mənim həyatımın heç bir mənası yoxdu, yaşamaq hissim və həyat eşqim tükənib artıq. Eşidirsinizmi, ey donmuş, viran olmuş biganələr, anlayırsınızmı məni!.. – Sözləri nəm çəkmiş gilizlər kimi boşalıb sinəsinə dolur, süstləşir, peşman olur. – Odla suyun arasında nə işin var!? Sən də hamı kimi qoşul bu həyatın axarına, ax get, ay zalım. Nəyinə lazım, başqa qazanı öz qaşığınla qarışdırma. Yaxşısı budu ağzını yumasan və cəhənnəm olasan evinə! Vaxtım çatanda yəqin, mənə də bir qəbir qazıb basdırarlar, çöldə qoymayacaqlar ki… Mən bədbəxt, bu həyatda heç diriykən də yer tapmadım özümə… Ələk-vələk eləmisən aləmi, axı, sən kimə gərəksən, varlığın-yoxluğun nəyi dəyişəcək?!. Həyat tamaşadı, ancaq sənin kimi aktyorsuz da keçinər. Rollar bölünüb, sən heç “və başqaları” da deyilsən!..”
lll
Nəfs var, həvəs yox… Əzab var, nəfəs yox…
Hər əldə bir çirk, hər baxışda bir nəfs…
Uşaqlıq illərinin xiffətini çəkir. Çərşənbələrdə tonqal qalayıb belədən belə, rahatca hoppanar, “ağırlığım-uğurluğum burda qaalsıınnn!” – deyib şellənər, yüngülləşər, qol götürüb dövrə vurardılar…
İndi hər evin tüstüsü öz bacasından çıxır, əgər o da varsa… Heç kim bir yerdə nəfəs dərib yollaşa bilmir və öz tonqalındaca alışıb yanır. Söndürmək əvəzinə, hərə bir yandan – əli çatan da, çatmayan da – üfürüb körükləyir və sanki cəhənnəm qazanına köz atıb cızdağını çıxarır, elə bil bununla təskinlik tapır.
İnsan karıxır, nicat yolu tapmır, kəllə-kəlləyə gəlir, acıq və hikkəylə bir-birinin qəsdinə durur. Çölü bəzək, içi təzək canlı – cüt yaşayıb tək ölmək istəmir.
Rəngli bəlalar güllü çəmən içində çayır otu kimi: ilacı çox, əlacı yox!.. Nə edək, məlhəm də bir təsəlli, sonuncu ümid körpüsü: tutar-tutmaz, birinə xeyir, digərinə ziyan.
Bəzən ağappaq, tərtəmiz qar ləpəsinə də qurd düşər!..
“Bəsdi, – deyə təpinir özünə, – nədən mısmırığın yerlə gedir? Boş-boşuna nə yükləmisən beynini?! Bu hal, havalanma ki, səndədi, çətin sağalasan. İt əl çəkər, motal əl çəkməz… Adama deyərlər, başına atmı təpib, çərxi-fələyin fikri sənəmi qalıb, gedib dincini alsana?!.”
Getsin… Hara və niyə?!
Ağac küçənin, küçə binanın, bina məhlənin, məhlə şəhərin boyunca uzanıb gedir, donmuş nöqtədə ləngər vurub, həyət-bacanı harasa aparmaq istəyir.
Ruhən varlısan, ya kasıb, ətrafına gərəkli olmayanda, səndən xəbərsiz, bax bu səki daşları kimi ayaqlayıb keçər, təntidib, öküz boyunduruğuna bağlanmış kimi, dırnaqları ilə gorunu qazarlar və heç “uf” da deməzlər…
Hər şey son nöqtədə – ağrıdan çatlayan başı məngənə kimi sıxılır. Bezib təngə gəlir, bir əlçim palçığa dönmüş vücuduna kənardan baxırmış kimi ürpənir. Gözünə heç nə görünmür və ətrafındakı hər şey dəyərini itirib öləziyir. Ara-sıra özünü rahat hiss elədiyi anlar və səbəblər olurdu. Amma lənət şeytana ki, bu rahatlığın bir azdan olmayacağını bilmək duyğusu qəlbini əzir və daha betər hala düşür, xırman küləyi, səba yeli kimi əsib ruhunu viran qoyurdu…
Alın yazısı alnın çölündə deyil ki, hər yoldan ötən oxuya bilsin!..
Əllərini duaya açır: “Ey məni məndən gözəl bilən Rəbbim! Nə istədiyimi yaxşı bilirsən. Mənim çəkdiklərim sənə əyandı…”
lll
Hər kəsi və hər şeyi, ətrafını bircə-bittə tanıyırdı. Şəhər, küçələr, evlər, parklar, həyət-baca, dükan-bazar, satanlar, alanlar – hamısı sanki bir-birinin burnundan düşüb: hamı bir üzdə, bir sifətdə, di gəl ki, fərqli qiblədə, elə bil bir qəlibə doldurub, üstünü də min pud sinə daşı ilə örtüblər.
Uşaqlığından qəribəliyi vardı, kədərli bir mənzərə görəndə, özünü ələ alıb ovundura və unuda bilmirdi. Anası demişkən, gözünün yaşı ovcunun içində. Yadındadı: anaş toyuqları kürd yatırdı, yumurtadan təzəcə çıxmış cücəni güdüb oğurlayan pişiyi görən kimi, üstünə şığıdı, küncdə haxladı. Divara sıxılıb karıxmış və çıxış yolu qalmayan yastıbaş pişik şikarını buraxıb, qəzəblə bozardı və qəfildən onun üstünə atılıb cırmaqlamağa başladı. Həmin gecə, o, üz-gözü qanlı, qorxub sarılıq tutdu, başı əhləd daşına dəyib anladı ki, çətinə düşüb nicat tapmayan bütün canlılar son anda dəhşətli olar və güc yığıb, hər cür təhdidin qəsdinə durar. Hikkəli canlının içi qəzəb yüküylə dolu olar, üstünə gedərsən, qəddarlaşar, toparlanıb qeyzlə gələr.
Qorxu olmasa, göz çəkilməz, əl yığılmaz!..
“İlahi! Şər gördüklərimizdə xeyir, xeyir gördüklərimizdə şər var. Sən bizə xeyirlisini qismət elə, ya Rəbbim!..”
Anasının sarı-sarmaşıq xallı əlləri, döyənək bağlayan cod barmaqları, toxuduğu gizlin ilmələr, pəsdən oxuduğu kövrək nəğmələr, həsrətlə közərən tonqal və bakirə uşaqlığın qayğısız səsləri – indi çox uzaqdan və dumanlı gəlirdi ona.
Ərgənliyin tükünü töküb, təzəcə evlənəndə, anası bərəkətli əlləri ilə toxuduğu və buşqağında göz bəbəyi kimi əmanət saxladığı, allı-güllü bir kilim bağışladı onlara. Və ordaca bağrına basıb, “bu kilimcən ömrün olsun, ay ana!” demək istəsə də, fikrindən yayındı. Birdən xətrinə dəyər ki, cansız əşyaca ömür arzulayırsan mənə? İndi çoxu o dünyada, anasının ruhunu yaşadan həmin kilim bəzəkli gəlin kimi öz təzəliyində, elə bil sirli-sehrli xovlarını təzəcə kəsiblər: dünənin, bu günün və sabahın əbədi əmanəti kimi…
İnsan belədi, dizini qatlamadan barama qurdu kimi gecə-gündüz əlləşir, zülm-zillətlə tale xalısını toxuyur, ilmə atır, naxış vurur. Elə bilir, hər şeyi sona çatdırıb, yerbəyer edib, amma dönüb baxır ki, ömrün hansısa bir sapı qaçıb, hardansa nizamı pozulub. Bu xatirə ilmələri gözünün üstündəmi, ayağının altındamı, yeri hardadı, bilən yox, vədə ötüb, fərqlər itib…
Canı burnunda olan varlıq çətin məxluqdu, əlinə fürsət düşən kimi dayanmır, hörüldəyir, qənimət bilib yağmalayır.
Yer üzündə qabıqlayan ağacdır, o da özünnən qoparar!..
“Bu etibarsız həyat bəs sənə nə toxuyur?” – üzücü fikirlər kilimə bükülmüş kimi boğur onu, halı tez-tez dəyişir. Əzaları elə bil ətçəkən maşınındaca küftələnib, qulağı keyləşir, başı gicəllənir.
Heyif, yadınnan çıxdı həkimə desin ki, onsuz da doğulan gec-tez köçməlidi həyatdan, əcəli çatanları siz də havayı yerə bu zəqqutun dərmanla yükləməyin, darta bilmirlər. Dar ayaqda belə zəhrimarın iyi-qoxusu çəkilmir bədəndən…
Belə vədələrdə sənin ömür yolundakı işıqforda hansı rəngin yanıb sönməsinin nə mənası?!
“Və dar ayaqda hər vəsiyyət səmimi olmur, bunu, gərək diriykən düşünə biləsən…”
lll
…15 mərtəbəli, yel çəkib uğuldayan vahiməli bina…
Candərdi gedir. Pilləkənləri, artırmaları yenə də saya-saya qalxır. Evinə, soyuq mənzilinə çatıb, divana uzanmaq, hövrünü almaq istəyir.
Əfsus, orda, solaxay mənzildə onu nə gözləyən var, nə də çəkib apara bilən doğma bir duyğu.
…Blokları – pilləkən qəfəsin dəhlizi üçqapılı idi, ikisi yanaşı, özününkü sağ küncdə. Tabuta oxşar paxlava qapının kilidini çəkdi, qaranəfəs içəri keçdi.
Hənirsiz mənzili onu yad qonaq kimi qarşıladı…
Tələm-tələsik içdiyi bir qurtum su köşöv bağlamış ciyərlərinə yayılıb can verdi.
Evi qazılmış məzar kimi bomboş, indi bu mənzil heç qəbiristanlıq qədərincə də gərək deyil. Divar üstünə gəlir. Yalquzaq kimi təklik qorxusu da bir yandan vahimələndirir onu.
Kəfkirli saatın ölücan əqrəbləri tərpənmir, sanki zamana qul olmaq istəmədən, lal sükutun içində can verib susur.
Divana çöküb hövrlənir. Soyuq tər içində qıvrıxır, sağ böyrü, sol böyrü, arxası üstə çevrilir və dayaq nöqtəsi tapmadığına görə qınayır özünü…
Qapımı döyülür, yoxsa qara basır onu? İntizarla gözləyir, sakitlik çökür hər yana. Qapılar aralı, pəncərələr ciftəli. Gəlməyə yol açıq, getməyə bağlı… Anasının sözüdü: “Hər qapı açana ürəyini açma!..”
Telefon dil boğaza qoymadan zəng çalır, dayanmadan şivən qoparır, elə bil yerin altını üstünə qatıb, əlimyandı axtarırlar onu…
Havası çatmırdı. Eyvanın qapısını itələyib eşiyə çıxdı, dar köynəyinin sinə düymələrini açdı. Nəmli hava boyun-boğazını yaladı.
Həmişə intizarla, gizli bir ümidlə sonsuz göylərə boylanar, kökü saralmış gözü yol çəkər və nəsə axtarırmış kimi, ümidini kəsməzdi. Gecələr çilənib böyür-böyürə səpələnmiş ulduzlar bir-birinin bəhsinə alışıb yanır, sonra nakam bir tale tək qəfildən sönür, gözdən itib əbədiyyətə qovuşurdu – bu da bir tale yolu idi…
Aşağı göz gəzdirdikcə, dizləri titrəyir, vərdişkar kirpikləri yenə səyriməyə başlayır. Anası iniltiylə nəsə oxuyur, şərqi deyir. Qulaqları küyüldəyir, nə səs gəlir nə ün yetir. Qızdırması bit-birə kimi canına yayılır: “Ay ANA! Sən hardasan, mənim ürəyim, harda?..”
Şəhər özünə ümidsiz baxırmış kimi, tozanaq yeldə havalanıb miskin gününə əlac tapa bilmir, çabalayır, elə bil ötüb-keçən günlərlə təhvil-təslim savaşı aparırdı.
Uzaqda, alaqurşaq hava selində güclə sezilən yarımçıq tikilini sanki qolları sallaq kranın burnundan asmışdılar…
Qəlbinə bir zikr doldu:
“Ey darda olanların dadına çatan rəbbim! Sən özün kömək ol bizlərə!..”
Bu səs ağzından çıxıb ilıq yel kimi qoynuna doldu…
Əcəl duasıydımı bu, ya bir Allah bəndəsinin son pıçıltısı – onun kütləşmiş və donmuş beyni tam aydınlaşdıra bilmirdi…
O, bu hündür binanın axırıncı mərtəbəsindən aşağıya – ayaqlar çəkilmiş hənirsiz küçəyə, rəngli daşların sıralandığı lal səkiyə uzun-uzadı və çox həsrətlə baxıb qəm dəryasına qərq oldu. Elə bildi həyətdə tonqal qalayıblar, yenə dostları ilə əl-ələ verib ocağın ətrafında fırlanır, halay gedirlər. Hamı nəsə oxuyur, o da şövqlənir, ancaq nə illah edirsə, ağzı açılmır ki, açılmır. Hər şey sabun köpüyü, qara yel kimi bir andaca əriyir: bu nədi, uşaqlar hanı, nə dəstə, nə rəqs, nə tonqal… Heç nə, heç nə yoxdu. Acı qəhər boğur onu, göz yaşları sellənir…
…Qaranlıq şəhərin canına çökürdü, zülmət gecə elə bil birdəfəlik qururdu öz çadırını.
Üz-gözünü qamaşdıran bayaqkı səhər günəşinin hərarətindən əsər-əlamət qalmayıb…
Havanın qaş-qabağı yernən gedir, gözünü yumub tökür, əməlli başlı yağış yağır. Bayaqkı dolmuş buludlar göz yaşını gözü doyunca boşaldır və sanki uca səmanın duzlu, nurlu gilələri onun köz bağlamış yaralı ruhunnan axıb süzülür.
Burda, bu hündürlükdə, o, özünü yükün təpəyə yığmış bir zavallı kimi hiss edib duruxdu. Dərin fikrə getdi: “Görəsən, burdan oracan, onun göz yaşları səpilən və üzünə kəfən çəkilmiş o nəm torpağacan neçə metr olar?..”
…Sual və cavab da, intizarla baxan küçə və səki də – ağzına su alıb, soyuq məzar kimi, boş tabut kimi müəmmalı susurdu…
…amma azan səsi kəsilmir, dar macalda gözü çəkili, qulağı səsdə olan gecənin bağrını yarırdı…
…Və bir Allah bəndəsinin ruhuna rəhmət oxunurdu…
SON


Müzakirə qapadılmışdır.