Maqsud Mahmudovun keçmiş arvadı məhkəmədə ifadə verib: “Sumqayıtda yerləşən Las Veqas restoranını da satdıq”

4428

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Səhər Abbasova ifadə verib.

O bildirib ki, Maqsudun borcları olduğuna görə Parlament prospektində yaşadıqları evi satıblar:

“Sumqayıtda yerləşən Las Veqas restoranını da satdıq. Maqsudun borcları çox idi.

Onun bahalı qabları var idi, trenajor avadanlıqları var idi, onları borc yiyələrinə verdi.

Nəsimi rayonu Alı Mustafayev küçəsində obyektinin olmasından xəbərim yox idi. İki qarajı olub. Badamdarda 12 sot torpaq mənim adımda idi”.

Şahid qismində ifadə verən Sevinc Hacıyeva Nazim Hikmət küçəsində yerləşən lombardda nəzarətçi kimi fəaliyyət göstərdiyini deyib:

“Həmin lombard Maqsud Mahmudova məxsus idi. Əvvəl işlər yaxşı gedirdi. Qızıllar yığılıb qoyulurdu banklara və oradan pullar götürülürdü. Son illər müştərilər arasında narazılıq yarandı. Mən qızılları da qəbul edirdim, ödənişləri də. Faizlər artırdı. Məhz bu səbəbdən bankda girov qoyulan qızılları götürə bilmirdik. Biz vətəndaşdan qızılı 8 faizlə götürürdük”.

Təqsirləndirilən şəxs S.Hacıyeva ilə üzləşmə zamanı bəzi suallar verib. Şahid deyib zərərçəkmiş İlham Kərimova ayrı-ayrı vaxtlarda 150-200 manat civarında pul verib.

Məhkəmə iclası davam edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər