Məğlubiyyət havası Xankəndinə çatdı-qondarma “dqr” administrasiyası” Ermənistana yerləşdi, bəs sonra?..

656

Ordusu pərən-pərən və xaos içində olan quldurlar müharibəni İrəvandan necə idarə edəcəklər?; İndidən İrəvanda “qaçqın hökuməti” yaradıb, ağlaşma qursalar, kim onlara inanacaq; politoloq: “Ermənistanın bütün planları pozulub və döyüş meydanında çaşqın vəziyyət hökm sürür”

Azərbaycanın qəhrəman ordusu Vətən müharibəsinin 41-ci günündə işağlçılara qarşı əks-hücum əməliyyatlarını uğurla davam etdirməkdədir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Şuşaya nəfəs qədər məsafədə yaxınıq”, söyləməsi millətin ruh yüksəkliyinə əlavə stimul verib, hər kəs böyük qələbənin yaxında olduğuna əmindir.

Reallıq hissini itirən işğalçı ölkə isə hələ də mənasız şəkildə müqavimət göstərməkdədir. Ötən gün də Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Müdafiə Nazirliyimizin məlumatına görə, noyabrın 4-ü axşam saatlarından başlayaraq, 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Düşmən yaşayış məntəqələrimizi də atəş altında saxlamaqdadır, baxmayaraq ki, Cenevrə görüşündə əhalinin hədəfə alınmaması barədə razılaşma əldə olunmuşdu. Məlumata görə, noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub. Səhər saat 07.50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.

İşğalçı ölkə Azərbaycan Ordusunun Ermənistan ərazisinə zərbələr endirməsinə nail olmaq üçün də dəridən-qabıqdan çıxır. Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəş altında saxlanılıb. Ancaq ordumuz ali komandanlıqdan aldığı təlimata uyğun olaraq təmkinli davranır, yalnız düşmənin legitim atəş nöqtələrinə zərbələr endirir və dinc əhaliyə zərər yetirməməyə çalışır.

Hazırda Xankəndində əhalinin 30 faizi, yaxud 17 min nəfər qalıb, onlar da  sığınacaqda yaşayırlar” - David Sarkisyan | Mediapress.az

Bu arada erməni tərəf Xankəndi şəhərində vaxtilə yaşamış 56 min nəfərdən yalnız 17 min nəfərin şəhərdə, sığınacaqlarda qaldığını açıqlayıb. Xankəndinin oyuncaq “mer”i David Sərkisyanın dediyinə görə, əgər şəhər sakinləri istəsələr, soyuqların düşməsi ilə əlaqədar olaraq onların da evakuasiyası həyata keçirilə bilər.

Xankəndində bu sayda insanın qalması şübhəli görünür. Xüsusilə də Dağlıq Qarabağdakı qondarma rejimin oyuncaq “administrasiyası”nın İrəvana köçürülməsindən sonra işğal altındakı şəhərdə erməni əhalinin yaşaması mümkünsüzdür. Qeyd edək ki, iki gün qabaq terrorçu rejimin rəhbər şəxsləri Qarabağdan qaçdıqları üçün onlar “vəzifələrindən azad edilmişdilər” və yeniləri “təyin olunmuşdu”. Daha bir gün keçdi və oyuncaq rejimin təmsilçilərinin səsi Ermənistandan gəldi. Belə olan halda Xankəndi sakinləri nəyə və kimə güvənib burada qalsınlar ki? Üstəlik də Azərbaycan Ordusunun hissələri Xankəndi və Şuşanın qapısı ağzındadır. Erməni rəsmilərinin məlumatına görə, Azərbaycan Ordusu Xankəndinə minaatanlardan atəş açır. Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin bu iddiasını əsassız sayaraq bildirib ki, ordumuz dinc sakinləri hədəfə almır. Fakt budur ki, işğalçı orada əksər hallarda yaşayış binaları və mülki obyektlər arasında qərarlaşır, Azərbaycan Ordusuna atəş açır. Cavabı veriləndə də şivən qoparır.

Artsrun Hovhannisyan presents details on the goals of Azerbaijani  subversive groups | ARMENPRESS Armenian News Agency

 Artsrun Ovvannisyan

Ermənistanın Müdafiə Nazirliyinin təmsilçisi Artsrun Ovvannisyan utanmazcasına iddia edir ki, erməni ordusunun vəziyyəti 15 gün əvvəllə müqayisədə çox yaxşıdır. Təsəvvür edin, Azərbaycan Ordusu İran-Azərbaycan sərhədini – 132 km-lik məsafəni düşməndən təmizləyib, Şuşa, Laçın, Xankəndi uğrunda döyüşlər aparır, erməni tərəf vəziyyətin “yaxşılığa doğru” dəyişməsindən bəhs edir. Üstəlik, qondarma “”dqr” administrasiyası” da Ermənistanda yerləşir, baş terrorçu Arutyunyanın da səsi gəlmir. Qarabağ terrorçuları iddia edib ki, onlar “fəaliyyətini” Ermənistan Respublikasında “davam etdirəcəklər”. Separatçılar qeyd edib ki, Qarabağdan Ermənistana köçən erməni icmasının bütün sosial, yaşayış problemləri ilə İrəvandakı qərargah məşğul olacaq. Əslində bu açıqlama Qarabağda elə də çox erməni mülki sakinlərin qalmadığını deməyə əsas verir. Lakin Ermənistan “mülki əhali”dən “canlı sədd” çəkməklə, yaxud dinc əhali amilinin arxasında manipulyasiyalar etməklə nəyəsə nail olmaq istəyir.

İrəvan etiraf edib ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən əsas yol – Laçın dəhlizi – hazırda mülki şəxslərin hərəkəti üçün müvəqqəti bağlanıb. İşğalçı ölkə iddia edir ki, yolun qapadılmasının əsas səbəbi guya Azərbaycanın diversiya qruplarına qarşı əməliyyatların keçirilməsidir. Bundan əlavə, işğalçı ölkə Şuşa-Laçın yolunun da “mülki əhali üçün” müvəqqəti bağlandığını açıqlayıb. Laçın dəhlizinin Qarabağdakı işğalçı ordu üçün yeganə “nəfəslik” olduğunu nəzərə alsaq, mənzərə aydındır.

İndi çoxlarını maraqlandıran budur ki, Ermənistan nəyə, kimə arxayın olub döyüşü davam etdirir? Ordusu pərən-pərən və xaos içində olan quldurlar müharibəni İrəvandan necə idarə edəcəklər? Qaçdıqlarını belə “rəsmiləşdiriblər”. İndidən İrəvanda “qaçqın hökuməti” yaradıb, ağlaşma qursalar, kim onlara inanacaq?

Tofiq Abbasov: “Türkiyənin hərəkətləri ABŞ-ı qorxudur”

Politoloq Tofiq Abbasov

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, ermənilər Qarabağdakı qondarma rejimin “müstəqil subyekt  kimi tanınması üçün canfəşanlıq edir: ”Ancaq bununla bağlı heç nəyə nail ola bilmirlər. Hətta bu gün İtaliyanın Palermo şəhərinin yerli idarəetmə orqanı guya Dağlıq Qarabağı “tanıyıb”. Amma bunlar hamısı mənasız işlərdir. Hansısa canlı öləndən sonra onunla bağlı hər hansı prosedur həyata keçirilsə belə, o, dirilən deyil. Paralellik aparmalı olsaq, vəziyyət bundan xəbər verir. Həqiqətən də erməni ordusu vahid komandanlığı itirib. Onsuz da o vahid komandanlıq özündə elə bir böyük gücü ehtiva etmirdi. Çünki birincisi, onların ən böyük ümid yeri yeraltı tunellər və bunkerlər idi. Onlar yerın altında tankları, piyadaları daşıyan maşınları və sairi gizlədirdilər. Ancaq onların bütün bu sxemi əgər məxfi idisə, artıq Azərbaycan Ordusu, kəşfiyyat təsisatlarımız düşmənin bütün sisteminin açarlarını əldə edib. Ona görə də həm “rəhbərlik” qaçır gedir, həm də yerlərdəki pərakəndə qruplar guya müqavimət göstərirlər. Lakin bunun axırı yoxdur. Çünki onlara qarşı gələn nizami Azərbaycan Ordusudur. Əslində ermənilər partizan ordusu yaratmışdılar. Elə düşünürdülər ki, Azərbaycan heç vaxt cürət edib, onlara qarşı əks-hücuma keçməyəcək. Amma əks-hücum qərarı verildi, artıq biz uğurlu döyüş əməliyyatı həyata keçiririk”. T.Abbasov qeyd etdi ki, burada işğalçının hansısa strategiya yürütməsindən danışmaq mənasız olardı: “Orada əsas taktikadır. Çünki onlar partizan müharibəsinə ümidliydilər. Elə bilirdilər ki, Azərbaycan yeraltı qurğuları tapa bilməyəcək. Amma biz bütün bunlara nail olmuşuq və bütün cəbhə boyunca əməliyyatlar davam edir. İndi baxın, görün hansı gedişlərdən istifadə edirlər. İddia edirlər ki, Azərbaycan Ordusunun qrupları ayrı-ayrı meşələrdə bunlara qarşı müqavimət göstərirlər və guya ermənilər də onları aşkar edərək, hücumu dəf edirlər. Lakin əslində bu da feykdir. Çünki onların taktikası bundan xəbər verir ki, xırda qruplarla dağılışıblar və sistemli, nizami birləşmələrin təəssüratını yaratmağa çalışırlar. Ancaq bu, alınan iş deyil”. Politoloq qeyd etdi ki, Ermənistanın bütün planları pozulub və döyüş meydanında çaşqın vəziyyət hökm sürür: “Bu baxımdan bizə sistemli şəkildə müqavimət göstərmək üçün heç bir şey edə bilmirlər”. Bununla belə, T.Abbasov erməni təbliğatının işlədiyini, erməni yalanlarının davamlı xarakter aldığını və nəticədə müəyyən nəticələr əldə olunduğunu vurğuladı: “Yalan təbliğat, miflər yayırlar. Əsas məqsədlərindən biri ondan ibarətdir ki, reallıqda olmayan qondarma ”dqr ordusu” guya uğurlu şəkildə Azərbaycanla vuruşur. Məqsəd bundan ibarətdir ki, xaricdən həm maliyyə vəsaiti, həm dəstək, həm də hərbi texnika alsınlar. Baxın, bir neçə ölkədən bunlara guya humanitar yardım gəlir. Amma mən inanmıram ki, bu, humanitar yardımdır. Hərbi sursatdır, müdafiə üçün lazım olan qurğulardır və sair. Xüsusilə də ABŞ erməni komitəsinin fəalları yardım toplamaq, lotereya keçirmək, pul yığmaq üçün hərəkətə keçiblər. Təbii ki, bu proseslərdən qazanan həm də Ermənistanın daxilində olan qüvvələrdir. Onlar bütün maliyyə resurslarıın üzərində oturublar, özləri yeyirlər, Qarabağ adı ilə çirkli pulları silirlər, varlanırlar”. Siyasi analitik hesab edir ki, biz artıq hücum strategiyasının ekvatorunu keçmişik: “Artıq həlledici mövqeyə yaxınlaşırıq. Çünki artıq Şuşa azad olunmalıdır, həmçinin Xocavənd istiqamətində ciddi uğurlarımız var və Laçın dəhlizi nəzarətimizdədir. Elə bilirəm ki, artıq düşmənin belini sındırmışıq və artıq bu prosesin final hissəsi qalır”. T.Abbasov əmindir ki, ermənilər Qarabağda qalmayacaqlar: “Guya Xankəndində 17 min dinc əhalinin yaşaması barədə məlumat da yalandır. Çünki əhali qaçıb gedir. Orada normal həyat üçün heç bir şərait yoxdur. Bütün kommunikasiyalar dağıdılır. Biz atəş nöqtələrini məhv edirik, onlar da dinc əhalini ”canlı qalxan” kimi istifadə edirlər. Gördülər ki, biz atəş nöqtələrini məhv edirik, camaatı oradan çıxartmağa başladılar. Bunların 30 il ərzində yaratdığı mif – “Dağlıq Qarabağ xalqı”, “öz müqəddəratını təyinetmə” kimi iddialar hamısı artıq dağıldı, sındı və rədd olub çıxır gedir”.

Ermənilərdən Xankəndi ilə bağlı ETİRAF

Yayılan digər məlumatlara görə, Ermənistanda hərbi böhran daha da ağırlaşır. Azərbaycanın işğal olunmuş ərazilərindən qaçan erməni hərbçilər yalnız fərariliyə görə deyil, artıq Ermənistanda silahlı qiyam hazırlığında ittiham olunurlar. Ermənistandan işğal olunmuş ərazilərə silah-sursat daşınacağı gözlənilsə də, bunun əksi baş verir. Erməni mətbuatının yazdığına görə, Dağlıq Qarabağdan Ermənistana külli miqdarda silah-sursat daşınıb. Ölkə mediası onlarla bu kimi faktları aşkarlayıb.

Dünən Ermənistanın Vayk şəhərində Dağlıq Qarabağdan gətirilən külli miqdarda sursat aşkar edilib. Erməni mətbuatı yazır ki, Vayk polis şöbəsinə daxil olan operativ məlumatlar əsasında Qarabağdan qayıdan avtomobillərə baxış zamanı silahlar, dəbilqələr, güllə keçirməyən jiletlər, hərbi bıçaqlar, xeyli sayda güllə və digər hərbi avadanlıqlar götürülüb. Virtualaz.org xəbər verir ki, Ermənistana qanunsuz daşınması hallarını aşkar etmək üçün gecə-gündüz nəzarəti davam etdirirlər.

Yazı çapa hazırlanarkən döyüşlərin intensiv şəkildə davam etdiyi barədə yeni xəbərlər gəlirdi. Ermənistan rəhbərliyi isə yenə də “köhnə bayatıları”nı davam etdirməkdəydi…

Elşad Paşasoy,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər