Milli hədəflərə çatmaq üçün birliyimizi daha da möhkəmləndirməliyik

807

Tarixi Azərbaycan torpağı olan Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilməklə təkcə Azərbaycanı deyil, bütövlükdə türk dünyasını ayırdı. Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycan coğrafi baxımdan iki yerə bölündü, bununla da Azərbaycanın Naxçıvanla quru əlaqəsi tamamilə kəsildi.

Nəhayət, 101 il sonra tarixi ədalət bərpa olunur. Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsi “Zəngəzur dəhlizi” məsələsini də həll etdi.

Artıq Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi əsas mövcuddur. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış bəyanatda Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi məsələsi öz əksini tapıb.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın əlaqəsinin bərpa olunması ideyası 70-ci illərdən Azərbaycan tərəfinin diqqətində olub. Bu barədə Ermənistan mediasında da məqalə dərc olunmuşdur. Məqalədə qeyd olunurdu ki, 70-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Naxçıvan-Bakı avtomobil yolu türklərin Turan ideyasının həyata keçirilməsinə zəmin hazırlamaq məqsədi daşıyırdı. O zaman bu ideyanın reallaşmamasına səbəb Ermənistan KP MK katibi Dəmirçiyanın etirazları olub. Məqalədə vurğulanır ki, nəhayət Azərbaycan məqsədinə indi çatdı.

Bəli, bu gün Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, eləcə də Zəngəzur dəhlizini bərpa etməklə ata vəsiyyətini və xalqımızın arzusunu həyata keçirir. Bununla da ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji hədəfə çatmağa nail olur.

Ötən illər ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Zəngəzur məsələsini gündəmə gətirmiş, Azərbaycan xalqının öz tarixi torpaqlarından əl çəkmək fikrində olmadığını bəyan etmişdir. Ölkə başçısı hələ 2018-ci ilin fevralında YAP-ın VI qurultayında etdiyi çıxışda qeyd edirdi ki, tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq: “Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.

Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində bir daha bəyan etdi ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik…Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışları bəzi dairələrdə sərhədlərin yenidən müəyyənləşdirilməsi kimi qiymətləndirilir. Bu cür fikirlərə aydınlıq gətirmək üçün cənab Prezident ADA Universitetində dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri ilə keçirilən görüşdə bildirdi ki, mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq?

Ölkə başçısı çıxışlarında tarixi torpaqlara qayıdış yollarını da açıqlayır: Azərbaycan o torpaqlara təzminat və digər iqtisadi rıçaqlarla qayıdacaq.

Sözsüz ki, Zəngəzur dəhlizinin reallaşdırılması ölkəmizə iqtisadi baxımdan yeni imkanlar yaratmış olur. Lakin ölkə başçısının mövzu ilə bağlı çıxışlarına nəzər salsaq görərik ki, iqtisadi faydalılıqdan daha çox milli və tarixi maraqlarımız önə çəkilir. Gənc nəslin həqiqətləri, tariximizi bilməsinin vacibliyi vurğulanır. Prezident İlham Əliyev son müsahibəsində xalqımızı bir daha əmin etdi ki, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.

Ölkə başçısının müəyyənləşdirdiyi milli-tarixi hədəflərə çatmaq üçün birliyimizi bundan sonra da möhkəmləndirməliyik. Vətən müharibəsində bir daha gördük ki, hədəflərə çatmaq üçün milli birlik çox vacib şərtlərdəndir. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar, vətəndaş cəmiyyəti qurumları, kütləvi informasiya vasitələri milli birliyimizin möhkəmlənməsi üçün çalışmalıdır. Çünki bizi qarşıda daha böyük hədəflər gözləyir!

Nərgiz Nağıyeva, Sumqayıt Gənclər Evinin Direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər