Onlar nazir müavini təyin edildilər

715

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavinlər təyin olunub.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlarla Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar.

Qeyd edək ki, Elmin Fikrət oğlu Məmmədov 1987-ci ildə anadan olub.

O, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb.

Elmin Məmmədov 2011-2013-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

Şahin Tofiq oğlu Babayev 1988-ci ildə anadan olub.

O, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

Əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.

Şahin Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər