Hər bir xalqın tarixində taleyüklü, dönüş nöqtəsi olan günlər vardır. Azərbaycan dövlətçiliyinin əbədiyaşar simvoluna çevrilmiş 15 İyun 1993-cü il – Milli Qurtuluş Günü məhz belə bir tarixdir. Bu gün xaos, anarxiya və parçalanma təhlükəsi qarşısında ümummilli liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı günüdür.
Ulu Öndər Heydər Əliyevin “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” sözləri təsadüfi bir vəd deyildi. O, 1993-cü ilin iyununda Naxçıvandan Bakıya yola düşərkən ölkənin hansı ağır vəziyyətdə olduğunu çox gözəl bilirdi. Birinci Qarabağ müharibəsi qızışmış, cəbhə xətti dağılmaq üzrə idi, daxili siyasi qarşıdurmalar ölkəni vətəndaş müharibəsinin astanasına qədər gətirmişdi. İqtisadiyyat iflas etmiş, ordu nizam-intizamını itirmişdi. Heydər Əliyev bu ağır şəraitdə hakimiyyətə gələrək ilk addımlarından etibarən verdiyi vədinə sadiq qaldı. O, özünün bütün həyat təcrübəsini, siyasi iradəsini və diplomatik bacarığını Azərbaycanın müstəqilliyinin qorunmasına yönəltdi. Məhz bu səbəbdən xalq ona təkcə siyasi lider kimi deyil, həm də həqiqi xilaskar kimi bağlandı.
1993-cü ilin ilk yarısında Azərbaycan özünü tamamilə çıxılmaz vəziyyətdə hiss edirdi. Hakimiyyət boşluğu yaranmışdı, müxtəlif siyasi qruplar öz dar mənafeləri uğrunda mübarizə aparır, ölkənin milli maraqları isə arxa plana atılırdı. Xalq yorulmuşdu, çaşqın idi və qorxu içində gələcəyə baxırdı. Məhz belə bir tarixi anda bütün gözlər Heydər Əliyevə çevrildi. Onun Naxçıvandakı uzaqgörən fəaliyyəti, erməni təcavüzünə qarşı sərt mövqeyi, dövlətçilik təcrübəsi və xalqın ona olan dərin inamı yeganə ümid işığı idi – yeganə ümid və çıxış yolu məhz Heydər Əliyev idi. Xalqın təkidli tələbi, aydınların müraciətləri, ordunun və cəmiyyətin müxtəlif təbəqələrinin səsi nəhayət ki, eşidildi – Heydər Əliyev Bakıya dəvət olundu. Onun gəlişi ilə ölkədə dərhal nizam bərpa olunmağa başladı. İlk addımlardan etibarən qanunsuz silahlı birləşmələr tərksilah edildi, ordu sıralarında intizam gücləndirildi, dövlət idarəçiliyi sistemi qaydaya salındı.
Müstəqillik təkcə elan edilməklə qazanılmır – onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillər üçün əbədi etmək lazımdır. 1991-ci ildə əldə edilən müstəqillik 1993-cü ilin yazında tamamilə itirilmək təhlükəsi ilə üz-üzə idi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk növbədə ölkənin beynəlxalq arenada tanınmasını gücləndirdi, strateji müttəfiqliklər qurdu, neft müqavilələri imzaladı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” məhz Ulu Öndərin uzaqgörən siyasətinin parlaq nümunəsidir. Bu müqavilə nəinki Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu, həm də ölkəmizin dünya siyasətində əhəmiyyətli oyunçulardan birinə çevrilməsinə zəmin yaratdı. Bundan əlavə, Heydər Əliyev Konstitusiyanın qəbulu (1995), dövlət rəmzlərinin təsdiqi, milli ordu quruculuğu, islahatların həyata keçirilməsi kimi mühüm addımlarla Azərbaycan müstəqilliyinin əbədi və dönməz olmasını təmin etdi. Onun qurduğu siyasi sistem və idarəetmə mexanizmləri bu gün də uğurla fəaliyyət göstərir. Buna görə də Heydər Əliyev haqlı olaraq müasir Azərbaycan dövlətinin qurucusu və əbədi müstəqilliyimizin memarı adlandırılır.
Heydər Əliyevin liderlik fenomeni təkcə milli səviyyədə deyil, beynəlxalq miqyasda da dərin tədqiqat mövzusudur. Onun dünya siyasətinin ən mürəkkəb oyunlarında Azərbaycanın maraqlarını qorumaq bacarığı, təhlükəli anlarda belə soyuqqanlılığını qoruyub ən optimal qərarları qəbul etməsi, gələcəyi qabaqcadan görmə qabiliyyəti onu digər siyasi xadimlərdən fərqləndirirdi. Heydər Əliyev çox qütblü dünyada manevr etməyi, Qərblə Şərq arasında balans siyasəti aparmağı, iri dövlətlərin Azərbaycana marağını öz xeyrinə çevirməyi bacaran nadir siyasətçilərdən idi.
Heydər Əliyev təkcə xarizmatik lider və dahi siyasətçi deyildi – o, hər şeydən əvvəl peşəkar dövlət xadimi idi. Bu peşəkarlıq onun hər bir məsələyə sistemli yanaşmasında, qərarların dərin analizə əsaslanmasında, dövlətçilik ənənələrinə bağlılığında özünü göstərirdi. O, kadr siyasətində prinsipial idi – yalnız bilikli, təcrübəli, vətənpərvər insanları dövlət idarəçiliyinə cəlb edirdi. İqtisadiyyatda dövlət tənzimlənməsi ilə bazar mexanizmlərini tarazlaşdırmağı bacaran iqtisadi strategiya işləyib hazırladı. Ordunun qurulmasında mütəxəssislərin fikrinə qulaq asıb, hərbi sahədə beynəlxalq standartları tətbiq etdi. Onun diplomatik fəaliyyəti xüsusi diqqətə layiqdir. Beynəlxalq təşkilatlarda Azərbaycanın səsini eşitdirmək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, ölkəmizə qarşı ədalətsiz mövqeləri ifşa etmək – bütün bunlar yüksək peşəkarlıq tələb edirdi. Heydər Əliyev bu işin öhdəsindən layiqincə gəlirdi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin qəbul olunmasında onun şəxsi diplomatik səylərinin danılmaz rolu var.
Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi” fikirləri 15 İyun tarixinə nə qədər doğru qiymət verildiyini bir daha təsdiq edir. Həqiqətən də, 1993-cü ilin iyununda baş verənlər olmasaydı, bu gün dünya xəritəsində müstəqil Azərbaycan dövlətinin olub-olmayacağı böyük sual altında idi.
Milli Qurtuluş Günü təkcə təqvimdə qırmızı rənglə qeyd olunan adi bir bayram deyil. Bu gün Azərbaycan xalqının öz taleyini öz əlinə almasının, çətin anlarda belə milli liderə inamını itirməməsinin, dövlətçiliyə sadiqliyinin rəmzidir. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Onun başlatdığı qurtuluş missiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər günləri ilə taclanmışdır. Hər il 15 İyunda biz bir daha bu tarixin əhəmiyyətini dərk edir, Ulu Öndərə minnətdarlığımızı bildirir və onun əziz xatirəsini ehtiramla yad edirik. Çünki bilirik ki, 15 İyun Milli Qurtuluş günü Azərbaycanın yenidən doğuşunun şərəfli salnaməsidir.
Ramiz Hüseynov
YAP Sumqayıt şəhər təşkilatının sədri



Müzakirə qapadılmışdır.