Monqol dili…

236

Bir beynəlxalq konfransda müxtəlif ölkələrini nümayəndələri növbə ilə çıxış edirdi. Mənim də qulaqcığımda əsas dillərə sinxron tərcümə gedirdi.Hər çıxışçıya reqlamentə görə beş dəqiqə vaxt ayrılmışdı. Növbə Monqolustandan olan nümayəndəyə çatanda o,səlis ingilis dilində üç dəqiqə çıxış edəndən sonra hamıya belə bir müraciət etdi: Mən bilirəm ki,burada monqol dilindən tərcüməçi yoxdur,amma mənim ürəyimdən keçdi ki,siz monqol dilini,mənim doğma dilimi eşidəsiniz. Mən istəyirəm ki, dünyanın ən gözəl binalarından biri sayılan və Heydər Əliyevin adını daşıyan bu möhtəşəm sarayda monqol dili səslənsin.
Bu müraciətdən sonra o, monqol dilində danışmağa başladı.
Hamı bu müraciətə təəccüblənsə də ona qulaq asmağa başladılar. Qulaqcığımızda eşitdiyimiz tərcüməçi cəmi bircə cümlə dedi; o,monqolca danışır!
Sonrakı iki dəqiqə ərzində böyük zalda tam sakitlik çökdü. Monqol öz dilində danışırdı. Heç kim,heç nə başa düşməsə də hamı bu insana diqqətlə qulaq asırdı. Bu əzəmətli zal yəqin ki, hələ belə sakitlik eşitməmişdi.Hamı mat- məəttəl monqolun ağzına baxır,onun intonasiyasından nəsə anlamağa çalışırdı.
Monqol natiq çıxışını bitirib ingiliscə hamıya təşəkkür etdi. Zala sakitlik çökdü. Və birdən iştirakçılar eyni anda, vahid komanda almış kimi monqola əl çalmağa başladılar. Əlçalmalar gücləndi,alqış sədaları səsləndi,insanlar ayaq üstə durub onu gur alqışlamağa başladılar. Monqol özü də gözləmədiyi belə reaksiyadan şaşaraq tez- tez təzim etməyə başladı.
Hamı bu insanın öz xalqına, öz dilinə olan məhəbbətini alqışlayırdı. Hər kəs bir neçə gün xaricdə olmuş bu insanın qəribsədiyi vətənə sevgisini alqışlayırdı!
Əmin idim ki,əslində hərənin öz vətəni,öz dili yadına düşmüşdü, hərə öz həmvətənlərini,doğmalarını düşünüb əl çalırdı.
Mən öz vətənimdə olsam da,elə özümüzə,doğma azərbaycanlılarımıza, bu vətənpərvər monqola hamıdan bərk əl çalırdım.

Hümbət Həsənoğlu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər