“Mövcud vaksinlərin 75 faizindən çoxunu 10 zəngin ölkə alıb” – Müşfiq Məmmədli

887

“Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 76-cı sessiyasının illik ümumi müzakirəsinə həsr olunmuş videoformat şəklində çıxışında nəinki ölkəmiz, eləcə də dünya üçün vacib bir sıra məqamlara toxunulub. Bunlardan ən aktualı ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsi olub”.

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputat qeyd edib ki, ölkə başçı dünya ölkələrinə beynəlxalq səfərbərliyinin təşkil olunması istiqamətdə də maraqlı təkliflər səslədirib: “Prezident çıxışında vaksin ədalətsizliyi və vaksin milliyyətçiliyi kimi yalnış tendensiyanın qarşısını almağı təklif etdi. İnkişaf etmiş ölkələrin bu istiqamətdə atdığı addımlar onların bəyan etdiyi ümumbəşəri normalara uyğun deyil. Beynəlxalq hesablara əsasən, bu günə qədər dünyada mövcud olan vaksinlərin 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb.

Aşağı gəlirli ölkələrdə isə peyvəndləmə 2 faizdən azdır. Bu, çox qorxunc rəqəmlərdir. Bu onu göstərir ki, inkişaf etməmiş ölkələrdə əhali çox böyük risk altındadır və sağlamlıq təbiətin ümidinə qalıb. Bu da inkişaf etmiş ölkələrin bəyan etdiyi birlik, bərabərlik və insan hüquqları haqqında bəyanlara uyğun gəlmir.

Diqqətin bu məsələyə cəlb edilməsi üçün Azərbaycan əvvəlki sessiyada BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı ölkələri adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışına dair qətnamə irəli sürmüşdü. Cari ilin mart ayında ölkəmiz tərəfindən irəli sürülən bu qətnamə yekdilliklə qəbul olunmuşdu. Azərbaycan cari sessiyada da BMT Baş Assambleyasında eyni mövzuda qətnamə irəli sürməyi planlaşdırır. Bu da Azərbaycanın beynəlxalq diplomatiya sahəsində, eləcə də konkret əməli işdə və fəaliyyətində, eyni zamanda ikitərəfli əlaqələrdə bəyan etdiyi prinsiplərə sadiqliyinin bir göstəricisidir”.

Müşfiq Məmmədli deyir ki, ÜST pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi dövlət olaraq göstərib: “Azərbaycan bu fəaliyyəti öz maliyyə resursları hesabına həyata keçirib. Lakin bununla kifayətlənməyərək ÜST-dən 10 milyon dollar həcmində könüllü maliyyə töhfəsi, o cümlədən 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar maliyyə yardımı edib. Bundan əlavə, təmənnasız olaraq 4 ölkəyə 150 min doza vaksin göndərib. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz əhalisini pandemiyadan qorunması istiqamətində mümkün olan bütün addımları atmaqla yanaşı, eyni zamanda beynəlxalq birliyə də öz töhfəsini verir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər