“Dünya Azərbaycanlılarının V Qurultayının qədim şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində keçirilməsi həm xalqımız üçün qürurverici və rəmzi məna daşıyır, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş mühüm bir mesajdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad etdiyi Şuşa şəhərində keçirilən Zəfər qurultayı ölkəmizin xarici siyasəti ilə yanaşı, diaspor fəaliyyətində də yeni mərhələnin başlanğıcı hesab oluna bilər”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycanın erməni faşizmi üzərində əldə etdiyi möhtəşəm qələbədə diaspor təşkilatlarımızın da müstəsna xidməti var. “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, eyni zamanda informasiya müharibəsində, ermənilərin Azərbaycana qarşı işğalçılıq və hərbi cinayətləri, soyqırım siyasətinin ifşasında, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında diaspor təşkilatlarının müstəsna rolu olub. Diaspor təşkilatlarının bu rolu cənab Prezident İlham Əliyev tərəfindən də yüksək dəyərləndirilib”- deputat qeyd edib.
O əlavə edib ki, diaspor təşkilatlarımızın 2020-ci ilin yayında Ermənistanın Tovuz təxribatı zamanı daha da möhkəmləndi və daha sonra torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi dövründə özünün indiyəqədərki ən yüksək zirvəsinə çatdı: “2020-ci il 27 sentyabrda Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində müqəddəs Vətən savaşına başlaması ilə bağlı müraciətindən sonra ölkə daxilində olduğu kimi, xaricdəki diaspor təşkilatlarımız da cənab Prezidentin ətrafında bir müsəlləh əsgər olaraq yumruq kimi birləşdi. 44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan, həlak olan, evləri dağılan dinc sakinlərə maddi, humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydu. Xarici ölkə medialarında çıxış edib Azərbaycan həqiqətləri və erməni faşizmi barədə dünya ictimaiyyətini məlumatlandırdılar. Bununla yanaşı, erməni işğalını ifşa edilməsi istiqamətində ən müxtəlif ölkələrdə kütləvi aksiyalar keçirdilər. Bu zaman belə soydaşlarımız erməni vəhşiliyinə, fiziki, mənəvi zorakılığına tuş gəldi”.
Deputat onu da bildirib ki, artıq erməni siyasətçilər də Azərbaycanın Ermənistanla mübarizəsində diaspor cəbhəsini açdığını və ermənilərin on illiklər və yüz illik boyunca apardığı təbliğatı işfa edərək, iflasa uğratmasını təşvişlə etiraf etməkdədir: “Möhtərəm Prezident İlham Əliyev də çıxışlarında informasiya mübarizəsində düşmən üzərində əldə etdiyimiz qələbədə dünya azərbaycalılarının və diaspor təşkilatlarının əhəmiyyətli rolunu qeyd edib.
Ermənistan üzərində əldə edilən möhtəşəm qələbədən sonra Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb və bu reallıq artıq beynəlxalq aləm tərəfindən də qəbul edilir. Bu da diaspor təşkilatları qarşısında yeni vəzifələr qoyur. İndi əsas hədəfimiz yeni dünya düzəninə və reallıqlarına uyğun olaraq oynadığı əhəmiyyətli rolunun beynəlxalq aləmə çatdırılmasıdır. Azərbaycanın dünyada nüfuzunun artırıb, mövqeyinin möhkəmlənməsində, üzləşdiyi ədalətsizliklərin qarşısının alınmasında yadaqıları ölkələrdə daha mütəşəkkil şəkildə fəaliyyət göstərəcəklər. Əminəm ki, diaspora təşkilatlarımız bu missiyanın da öhdəsindən uğurla gələcək. Bütün bu baxımlardan Şuşada keçirilən Zəfər qurultayı çox böyük tarixi hadisə olmaqla yanaşı, həm də çox ciddi əhəmiyyət kəsb edir. Ona görə də Zəfər qurultayı dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin nümayiş etdirilməsi baxımdan beynəlxalq ictimaiyyətə ciddi bir mesajıdır”.