Naxçıvan: Ölkəmizin ən inkişaf etmiş və rekordsmen bölgəsi

863

Prezident İlham Əliyevin ötən 17 il ərzində   ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş siyasəti ölkənin digər bölgələri ilə yanaşı, Naxçıvanda da inkişafın yeni dövrünü başlatdı. Blokada vəziyyətində olmasına baxmayaraq,   ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf baş verdi, iri istehsal və infrastruktur layihələri reallaşdırıldı, genişmiqyaslı tikinti-quruculuq işləri görüldü.

2003-cü ildən bəri regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul 10 dəfədən çox artdı. Sənayedə sektorunda, kənd təsərrüfatında, xarici ticarət dövriyyəsində dəfələrlə artım müşahidə olundu. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında əsas kapitala yönəldilən investisiyanın məbləği də dəfələrlə artdı, yeni infrastruktur və sosial obyektlər tikilib istifadəyə verildi.

2009-cu ildən başlayaraq ixracın həcmi idxalı ötüb keçdi. Naxçıvan elektrik enerjisi idxalçısından ixracatçısına çevrildi. Bölgənin enerji təhlükəsizliyi üçün əsaslı tədbirlər həyata keçirildi, 20,5 meqavat gücündə Arpaçay və 36 meqavat gücündə Ordubad su elektrik stansiyaları tikilib istifadəyə verildi. Alternativ və bərpa olunan enerji mənbələrinin istismarı diqqətdə saxlanıldı, Naxçıvanda yeni Günəş Elektrik Stansiyası yaradıldı.

2004-cü ildə ən müasir standartlara uyğun Naxçıvan Beynəlxalq Hava Limanı istifadəyə verildi.  Bölgədə həmçinin məktəb binalarının tikilməsi və yenidən qurulması diqqət mərkəzində saxlanıldı. Son illər ərzində 100-dən çox məktəb tikilərək istifadəyə verildi.

Naxçıvanda yeni tibb ocaqlarının yaradılması, mövcud xəstəxanaların əsaslı təmiri və yenidən qurulması, onların dərman preparatları və digər texniki vasitələrlə təminatı öz həllini tapdı. Prezident İlham Əliyevin iştirakı ilə 2006-cı ildə Naxçıvan Diaqnostika Müalicə Mərkəzi , 2008-ci ildə Duzdağ Fizioterapiya Mərkəzi, 2009-cu ildə Naxçıvan Doğum Mərkəzi , 2007-ci ildə Şərur,  2008-ci ildə Culfa, 2009-cu ildə Şahbuz və 2010-cu ildə Sədərək Rayon Mərkəzi xəstəxanaları, 2015-ci ildə Naxçıvan Muxtar Respublika Xəstəxanası  istifadəyə verildi.

Bölgədə həyata keçirilən səmərəli aqrar siyasətin nəticəsi olaraq, bu sahədə tələbatın əsas etibarilə yerli istehsal hesabına ödənilməsinə nail olundu, daxili bazarda məhsul bolluğu yarandı. Davamlı iqtisadi inkişaf məşğulluq məsələlərinin də səmərəli həllini şərtləndirdi. Ötən dövr ərzində yeni iş yeri yaradıldı ki, bunun da əsas hissəsini daimi iş yerləri təşkil edir.

Son 17 il ərzində Naxçıvan şəhərində geniş abadlıq-quruculuq işləri görüldü, Azərbaycanın  bu qədim şəhəri bölgənin ən təmiz və ən abad yaşayış mərkəzlərindən birinə çevrildi. Bölgəyə turist axını artdı, yeni istirahət kompleksləri, o cümlədən müalicəvi sanatoriyalar istifadəyə verildi.

Dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına hər səfəri böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. Bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il 10 may tarixində Naxçıvan Muxtar Respublikasına 15-ci səfəri mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev səfər çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak etdi, Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu. Ölkə başçısı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışlarında iştirak etdi.  Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış oldu.

Səfər zamanı vurğulandı ki, Naxçıvanda qazlaşdırmanın səviyyəsi və elektrik enerjisi ilə təchizat artıq 100 faizə çatıb. Bir neçə ildən sonra Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq.

Böyük turizm potensialına malik olan Naxçıvanda  yeni uçuş-enmə zolağının istifadəyə verilməsi turistlərin Naxçıvana gəlməsi üçün yeni imkanlar açır.

Ötən dövr ərzində digər sahələrdə olduğu kimi Naxçıvanda ordu quruculuğu istiqamətində də mühüm işlər görülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Son illər ərzində Naxçıvanda yeni hərbi hissələr istifadəyə verilib, bütün hərbi hissələr yenidən qurulub.

Səfər çərçivəsində Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının və Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışı da reallaşdırıldı ki, bu da region üçün çox mühüm hadisə kimi dəyərləndirilməlidir.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunmasında bu iki obyektin fəaliyyətə başlamasını yüksək qiymətləndirirdi: “Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda demək olar ki, bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur.”

Ölkə başçısı Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərildiyini vurğuladı: “Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür”

Müsahibədə ölkə başçısı üç il bundan əvvəl Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatına toxunaraq bildirdi ki, bu əməliyyat Naxçıvan Ordusunun, Azərbaycan Ordusunun potensialını göstərdi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu olduğunu bildirdi.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər ölkə başçısının regiona olan diqqətini bir daha göstərdi:“Bu gün ölkəmizin həyatında xüsusi bir gündür – Ulu Öndərin doğum günüdür. Bu gün Naxçıvanda olmağımın, əlbəttə ki, səbəbi var. Tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdür və bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim. Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır – təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin”

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasında həyata keçirilən layihələr, yeni açılışlar, əldə olunan nəticələr, qarşıya qoyulmuş yeni hədəflər inkişafın davamlı xarakter aldığını bir daha təsdiq edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə Naxçıvanı ölkəmizin ən inkişaf etmiş və rekordsmen bölgəsi adlandırdı və Naxçıvanın bu liderliyi bundan sonra da saxlayacağı əminliyini ifadə etdi.

Sevinc Qasımova, YAP Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər